Məhkəmə qərarları › İş №1(060)-732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-732/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-732/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X3 X7 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər sakini X8 “TikTok” sosial şəbəkəsində açılmış «@userl **********51leyla” adlı hesabdan istifadə etməklə onun barəsində şərəfi və ləyaqəti alçaldan məlumatları video və foto formatda yaymışdır. Bu barədə CD-diski şikayətə əlavə edir. Həmin CD-diskdəki video və foto görüntülərə baxış keçirərkən görünür ki, X8 videoların və fotoşəkillərin üzərinə “Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar kolluqda calmağınnan məşğul ol. Gədəbəy Arqıran kəndinin ilzqarası Xəyalə ” məzmununda, “4cıı ər axtarır üzü üzlər görüb hicablı burda gördün kimsən hədə qorxu keçmir öyrəşmisən verməyə verə verə get” məzmununda və digər bu kimi oxşar məzmunda şərəfini və ləyaqətini nalayiq formada alçaldan məlumatlar yazmışdır. Hesab edir ki, bu məlumatlar onun şərəf və ləyaqətini alçaldan məlumatlardır. X8 internet informasiya ehtiyatında, yəni “TikTok” sosial şəbəkəsində «@userl **********51leyla” adlı hesabdan istifadə etməklə “Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar kolluqda calmağınnan məşğul ol. Gədəbəy Arqıran kəndinin üzqarası Xəyalə” məzmununda və “4cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə qorxu keçmir öyrəşmisən verməyə verə verə get” məzmununda məlumatları video və fotoşəkillərin üzərinə yazmaq üsulu ilə kütləvi nümayiş etdirməklə paylaşaraq onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, bununla da X8 onu təhqir etməklə CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eləcə də X8 “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq onun şəklini paylaşıb şərh bölmsində təhqiredici ifadələr yazaraq canlı yayıma qoşlan şəxslərə onun əlaqə nömrəsini vermişdir. X1 onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etmişdir. Həmçinin bildirir ki, X4 bu qanunsuz hərəkətləri onun psixologiyasına mənfi təsir etmiş, əsəb, stress, mənəvi sarsıntı çəkməyinə səbəb olmuş, bununla da ona mənəvi ziyan dəymişdir. X8 ona mənəvi olaraq 10000 manat ziyan vurmuşdur. Qeyd olunanalara əsasən X8 2024-cü ilin iyul ayında müxtəlif vaxtlarda internet informasiya ehtiyatında, yəni “TikTok” sosial şəbəkəsində «@ııserl **********51leyla” adlı hesabdan istifadə etməklə ‘'Gördün tiktokdakı paylaşdığım qız yox qəhisən dedim qaşınma pazı sənə çalılar kolluqda calmağınnan məşğul ol. Gədəbəy Arqıran kəndinin üzqarası Xəyalə məzmununda və “4cü ər axtarır üzü üzlər görüb hicablı buda gördün kimsən hədə qorxu keçmir öyrəşmisən verməyə verə verə get’ məzmununda məlumatları video və fotoşəkillərin üzərinə yazmaq üsulu ilə kütləvi nümayiş etdirməklə paylaşaraq onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, nəticədə ona 10000 manat mənəvi ziyan vurmaqla onu təhqir etdiyinə görə onun Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, xüsusi ittiham qaydasında şikayət hadisənin baş verdiyi vaxtdan bir iki gün ərzində verilmiş, həmin vaxtdan sonra barəsində şikayət verilən şəxs yenə də öz əməllərini davam edərək daha da artırmış, bununla bağlı şikayət ərizəsinə əlavələri, foto və videogörüntüləri vardır. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin adı “Rəzmiyyə” kimi qeyd olunmuş, lakin Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən şəxsin adı “Rəmziyyə” olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 X7 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar