Məhkəmə qərarları › İş №1(060)-734/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-734/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-734/2024 25.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 03 (üç) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsində fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,558 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi İcra Nümayəndəliyinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindəki «Winston» markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,558 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,245 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 2024-cü il tarixdə, saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Daş bazarı" adlanan tikinti materialları satılan bazarda keçirilən əməliyyataxtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi İcra Nümayəndəliyinin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu deyərək Sumqayıt ŞPİ-nə aparmışlar. Polis İdarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O əynindəki göy rəngli cins şalvarın sağ yan cibindəki «Winston» markalı siqaret qutusunu çıxararaq içərisindəki 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini çıxararaq təqdim etmiş və bükümün içərisindəki narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 40 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O, saxlanılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. İkinci dəfə xx.xx.2024-cü il tarixdə axşam tərəfi Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Daş bazarı” adlanan tikinti materialları satılan bazara gəlmişdir. Saat təxminən 19:00 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Polis Bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini çıxararaq təqdim etmiş və Bakı şəhəri, “20” yanvar metrosu ərazsində olarkən özü istifadə etmək üçün alıdığını bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Əməlindən peşman və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azər Abuzərov Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azər Abuzərov onlar tərəfindən saat 16:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinin İcra Nümayəndəliyinin yaxınlığında saxlanılmışdır. Onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Azər Abuzərova üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Azər Abuzərov həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd “Winston” markalı siqaret qutusunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən qutunun içərisinə baxış keçirilən zaman qutunun içərisindən ağ rəngli sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Abuzərov Azər Adil oğlu ondan aşkar olunan maddənin ’’kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Abuzərov Azər Adil oğlunun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilmiş və aşkar edilmiş həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 Zellabdin oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Abuzərov Azər Adil oğlunu əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Azər Abuzərov Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr qanunsuz olaraq əldə etməsi, saxlanılması və daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azər Abuzərov xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində onlar tərəfindən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarı adlanan tikinti materialları satılan bazarda saxlanılmışdır. Onlar Azər Abuzərova özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə elmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-də müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Azər Abuzərova üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Azər Abuzərov həmin vaxt əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Abuzərov Azər Adil oğlu ondan aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Abuzərov Azər Adil oğlunun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilmiş və aşkar edilmiş həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi İcra Nümayəndəliyinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə, saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Daş bazarı" adlanan tikinti materialları satılan bazarda keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 00066 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 08 dəqiqə 17 saniyədən ibarətdir. Görüntünün 00:01-ci təhqiqatçı Səadət Qənbərov şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Azər Abuzərova qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X5 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Azər Abuzərova təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Azər Abuzərov həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd “Winston” markalı siqarət qutusunu təqdim etdi. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilən zaman 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar edilir. Sellofan bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilir. Azər Abuzərovun təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 1,78 qram olması müəyyən olunur. Bundan sonra təhqiqatçı tərəfindən Azər Abuzərovun üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Azər Abuzərov üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gündən bir gün öncə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində aldığını bildirmişdir. Azər Abuzərovun üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. X4 yekun məruzəsi ilə bilir. İş materiallarında olan 29 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİD_20240529_210009565 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 17 saniyədən ibarətdir. Görüntünün 00:01-ci təhqiqatçı Rəşad Məhərrəmov şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Azər Abuzərova qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X2 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Azər Abuzərova təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Azər Abuzərov həmin vaxt əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü təqdim etdi. Təhqiqatçı tərəfindən sellofan bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilir. Azər Abuzərovun təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,29 qram olması müəyyən olunur. Bundan sonra təhqiqatçı tərəfindən Azər Abuzərovun üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Azər Abuzərov üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gün Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat müqabilində aldığını bildirmişdir. Azər Abuzərovun üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 125 saylı möhürü ilə möhürləndi. X3 yekun məruzəsi ilə bitir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 6/2365 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs ... “ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bümdə təmiz çəkisi 1,558 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,508 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2024-cü il tarixli, 3-16-16/2-6/3036 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N125” möhür əksi, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” və s. Soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,245 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotok vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,195 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4000 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində , Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddəni kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 1,558 qram narkotik vasitə heroin və 29 may 2024-cü il tarixdə aşkar olunmuş 0.245 qram narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkiləri 1,508 qram və 0,195 qram narkotik vasitə heroin saxlanılması üçün sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti alrına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seşilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Odur ki, “DİO-da axtarış işinin təşkili və həyata keçirilməsi haqqında” Təlimata əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş 1(060)- 734/2024 saylı, xx.xx.2024-cü il tarixli axtarış qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2014-cü il təvəllüdlü X10 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X7). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 03 (üç) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-480/2022 saylı, xx.xx.2024-cü il tarixli hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə “heroin”i sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 1,558 və 0,245 qram olan narkotik vasitə “heroin” maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,508 və 0,195 qram narkotik vasitə “heroin” iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 03 (üç) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 175 (bir yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,508 və 0,195 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-734/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1301 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,508 və 0,195 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 175 (bir yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hüseyin oğlunun göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar