Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-735/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 11.10.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında ailə-məişəl münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs təpik və yumruq zərbələri vuraraq sonuncuya sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, boynun, sol saidin sıyrıqları kimi qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “YUNGUL” zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2013-cü il təvəllüdlü X2, 2014-cü il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə həyatı qurduqları vaxtdan etibarən həyat yoldaşı Kəmalə mütəmadi olaraq birlikdə yaşadıqları ünvan 2 ünvanında heç bir səbəb olmadan mübahisə və münaqişələr yaratmış, onu və ailə üzvlərini narahat etmişdir. Bu səbəbdən bir daha yaşadıqları ünvanda mübahisə və münaqişələr yaranmaması üçün o, anasının yaşadığı ünvan 1 ünvanına köçərək orada yaşayır. Tez-tez övladlarına baş çəkərək onların maddi və mənəvi problemləri ilə maraqlanıb imkanı çatdığı qədər onları ödəyir. 11.10.2021 -ci ıl tarixdə övladları ilə maraqlanmaq məqsədilə onların yaşadıqları ünvana getmiş, həmin vaxt o, övladına məktəb üçün oyuncaq düzəltməli olmuş, lakin müəyyən səbəblərdən onu vaxtında düzəldib çatdıra bilməmişdir. Həyat yoldaşı Kəmalə bunu bəhanə gətirərək onunla səbəbsiz olaraq mübahisə etməyə başlamışdır. O, Kəmaləni sakitləşdirməyə çalışsa da bu alınmamışdır. Kəmalə onun üstünə gələrək dırnaqları ilə ona xəsarət yetirib əynindəki köynəyi cırmışdır. Həmin vaxt o, Kəmaləni özündən kənarlaşdırmaq məqsədilə onun üz nahiyyəsinə sillə zərbəsi vurmuşdur. Bu zaman Kəmalə övladlarını onun yanında qoyaraq yaşadığı ünvandan atasının yaşadığı evə getmişdir. Bundan sonra o, övladları ilə maraqlanaraq onları məktəbə aparmışdır. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra qaynatası Firudin telefon vasitəsilə ona zəng vuraraq nalayiq ifadələrlə təhqir edib ona hədə-qorxu gəlməyə başlamışdır. Telefon vasitəsilə qaynatası Firudin onu polislə hədələyərək barəsində şikayət edəcəyini də bildirmişdir. Bu səbəbdən o, 11.10.2021 -ci il tarixdə ərazi aidiyyəti üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Zərərçəkmiş şəxs 12.10.2021 -ci il tarixdə Sumqayıt şəhəri Pİnin 1-ci PB-nə yaxınlaşaraq onun Kəmaləni döyərək xəsarət yetirməyi barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək amnistiya tətbiq olunmadan barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2013-cü il təvəllüdlü X2, 2014-cü il təvəllüdlü X5 və 2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Ailə həyatı qurduqları vaxtdan etibarən həyat yoldaşı Bəxtiyar mütəmadi olaraq heç bir səbəb olmadan yaşadıqları ünvanda mübahisə və münaqişələr yaratmış, hətta bir neçə dəfə onu döyərək xəsarət yetirmişdir. Hər dəfəsində ailəsinin dağılmaması səbəbindən bu barədə polis orqanlarına müraciət etməmişdir. Bəxtiyar mütəmadi olaraq evə gəlməmiş və ailəsinə, ona, eləcə də övladlarına vaxt ayırmayıb onlarla maraqlanmamışdır. 10.10.2021ci il tarixdə atası Firudin onlara qonaq gəlmiş və atası övladlarının maddi vəziyyəti ilə maraqlanmış və onlara bir qədər maddi yardım etmişdir. 11.10.2021-ci il tarixdə səhər vaxtı evdə olan zaman həyat yoldaşı Bəxtiyar heç bir səbəb olmadan onunla aqressiv rəftar etməyə başlamışdır. Atasını və onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, o, bunun səbəbini ondan soruşan zaman Bəxtiyar atasının bir daha onlara gəlməməsini bildirmişdir. O, isə öz növbəsində Bəxtiyara onlarla maraqlanmadığı üçün atasının onlara gəldiyini və onlara maddi yardım etməsini bildirmişdir. Bəxtiyar isə ona heç bir məhəl qoymayaraq bir daha onu və valideynlərini təhqir etməyə başlamışdır. O, Bəxtiyarı nə qədər sakitləşdirməyə çalışsa da Bəxtiyar buna məhəl qoymamışdır. Bəxtiyar qəfildən onun üzərinə gələrək onun bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vurmuşdur. O bayıra çıxaraq atasına bu barədə məlumat verərək atası gilə getmişdir. Baş vermiş hadisə barədə atasına danışmış və ertəsi gün ərazi aidiyyəti üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 12.10.2021-ci il tarixli, 1358 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, boynun, sol saidin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə əvvəl olmaqla 11.10.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığını, özünü təqsirli bildiyini, barəsində amnistiya tətbiq edilməsini istəmədiyini və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.10.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29.10.2021-ci il tarixli (iş № 1(060)-735/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıtşəhər 1 saylıVəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylıVəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-735/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-735/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver