Məhkəmə qərarları › İş №1(060)-736/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-736/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-736/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittihamçı X1, onun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarı ilə şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 20 yanvar küçəsində öz avtomobili ilə hərəkətdə olan zaman ərazidə köhnə iş yoldaşları olan Sumqayıt şəhər İcra Hakimiyyətinin işçilərini görmüş, maşını saxlayıb salamlaşan zaman onların ərazidə küçə ticarəti ilə bağlı monitorinq apardıqlarını öyrənmişdir. Qarşıdan mötəbər beynəlxalq tədbirin (COP-29) yaxınlaşdığını və həmin tədbirin ölkədə keçiriləcəyini nəzərə alaraq, onlara bu işdə şifahi də olsa dəstək vermək məqsədilə ərazidə köhnə iş yoldaşları və onların arasında dostluq münasibəti olan insanlarla dayanıb tədbiri müşahidə etməyə davam etmişlər. Keçirilən monitorinqin şəhərin təmizliyi və abadlığı üçün xüsusi önəm daşıdığını, küçə ticarətinin günü-gündən gözəlləşən şəhərdə görülən işlərə kölgə sala biləcəyini qeyd edərək onlara bu işlərə əzmlə yanaşmağı tövsiyə etmişdir. Bu zaman adını sonradan öyrəndiyi “Xətai” adlı şəxs ona tərəf qeyri-etik formada yaxınlaşaraq, özünü hüquq müdafiəçisi kimi təqdim edərək, onu çoxdan tanıdığını bildirmiş, əlindəki mobil telefon vasitəsilə onu kameraya çəkmiş, sosial şəbəkələrdə paylaşaraq biyabır edəcəyini söyləmişdir. O, isə həmin şəxsə bu işdən uzun müddətdir çıxdığını, heç bir dövlət qurumunda işləmədiyini bildirərək, ərazidən təsadüfən keçdiyini vurğulayaraq ətrafından çəkilməsini və mobil telefonunu yığışdırmasını tələb etmişdir. Lakin Xətai adlı şəxs kobud formada, ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq, uca səslə onun ünvanına nalayiq ifadələr və təhqiredici sözlər söyləyərək onun guya yalan danışdığını, yəni halhazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin rəisi işlədiyini söyləmişdir. Ona məxsus köşkün ərazidən götürülməsində də guya onun təşəbbüsünün olduğunu, onunla ədavətinin olduğunu qeyd etmişdir. Halbuki o, heç vaxt həmin idarənin rəisi vəzifəsində işləməmiş və Xətai adlı bu şəxsi də ilk dəfədir görmüşdür. O, həmin şəxsdən tanımadığı şəxsə qarşı ünvanına nalayiq ifadələr işlətməsinin, şərəf və ləyaqətini alçaldacaq sözlər deməsinin qanunla məsuliyyətə səbəb olacağını bildirmiş, lakin Xətai adlı bu şəxs onu daha da uca səslə, ətrafdakı insanların diqqətini çəkəcək tərzdə, əlində mobil telefon sağına-soluna keçmiş, nalayiq ifadələr işlətməyə davam etmiş və ictimaiyyət arasında əxlaq və mənəviyyat prinsiplərini kobud şəkildə pozmuşdur. O, bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Xətai adlı şəxs dövlət əhəmiyyətli işlərdə hüquqi məsələlərin həllində yaxından iştirak etdiyini, köməklik göstərdiyini vurğulayaraq ona heç kimin heçnə edə bilməyəcəyini, hüquq-mühafizə orqanlarının ondan qorxub-çəkindiyini, “arxasında” kifayət qədər nüfuzlu şəxslərin dayandığını, hər yerdə sözünün keçdiyini bildirmişdir. Beləliklə, Xətai adlı həmin şəxs küçədə ictimai qaydanı kobud şəkildə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ona qarşı nalayiq ifadələr işlətməklə hədə-qorxu gələn hərəkətlər nümayiş etdirmişdir. Bundan əlavə, Xətai adlı şəxs yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları və çəkdiyi kamera görüntülərini “TİK-TOK” sosial şəbəkə platformasında yaymaqla (video görüntülər əlavə olunur) cinayət xarakterli əməl törətmişdir. Bu hərəkətləri ilə də Xətai adlı şəxs ona mənəvi stress və sarsıntı yaşatmış, onun nüfuzuna xələl gətirmişdir. Bütün bunlar Xətai adlı şəxsin onu etmədiyi işlərdə ittiham etməklə böhtan atdığını, nalayiq ifadələrlə təhqir etdiyini ehtiva edir. Bununla da Xətai Yusubov həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan video görüntüləri paylaşmaqla yalan məlumatları kütləvi informasiya vasitəsi olan “TİK-TOK” sosial şəbəkə platformasında yayaraq onu təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X3 təqsirləndirilən şəxs X4 ilə baışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, şikayətindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi və vəkili Müdafiəçi1 tərəflərin barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmiş, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 40, 41, 43, 186, 344-347, 356, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan rəsmi qaydada verildiyi gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar