Məhkəmə qərarları › İş №1(060)-737/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-737/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-737/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mkr, ev 36, mənzil 23-də yaşayan X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verilməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onun Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutlan əməl oması ayrılıqda göstərilməmişdir. Ərizəyə əlavə edilmiş diskdəki və skrin edilmiş yazışmalarda “Viktoriya Barsukova” adlı şəxsin doğrudanmı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs olması barədə sübut da təqdim edilməmişdir. Eyni zamanda, xüsusi ittiham qaydasında şikayət icraatın aparıldığı dildə məhkəməyə təqdim edilməli olmasına baxmayaraq rus dilində təqdim edilmiş, azərbaycan dilinə tərcüməsi əlavə edilməmişdir. Göstərilənlər ümumilikdə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar