Məhkəmə qərarları › İş №1(060)-738/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-738/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-738/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nə edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliklərə əsasən cəzası 06 ay azaldılaraq, qəti olaraq 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləlşən “Red Parfüm” adlı ətir dükanında Zərərçəkmiş şəxs yatılı vəziyyətdə olmasından istifadə edərək ona məxsus 530 manat dəyərində olan 1 ədəd “Poco X5” markalı mobil telefonu dükanda olan masanın üzərindən gizli yolla oğurlayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkətdə olarkən “Red Parfüm” adlı ətir dükanının qarşısından keçən zaman dükanın qapısının açıq olduğunu və içəridə olan masanın üzərində telefon olduğunu görmüşdür. İçəridə olan işçi qadının yatılı vəziyyətdə olduğundan istifadə edərək və pula ehtiyacı olduğu üçün telefonu oğurlamaq qərarına gəlmişdir. Dükana daxil olub telefonu götürdükdən sonra oradan çıxaraq yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayona gəlmişdir. Ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə gətirmişlər. O oğurladığı telefonu polislərə təhvil vermişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, telefonu polisə təhvil versə də zərərçəkmiş şəxsin onunla barışmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Red Parfüm” adlı ətir dükanında satıcı işləyir. xx.xx.2023cü il tarixdə dükanda işdə olan zaman yorğun olduğu üçün yatmışdır. Yatan zaman üzərində 070 373-90-38 mobil nömrəsi olan, “Poco X5” markalı mobil telefonunu dükanda olan masanın üzərinə qoymuşdur. Həmin telefonu hadisədən 10 gün qabaq 600 manata almışdır. Yuxudan durduqdan sonra telefonunun masanın üzərində olmadığını görmüşdür. Dükana baxdıqdan sonra telefonunun oğurlandığını anlamışdır. Daha sonra yaxınlıqda olan obyektin kamerasına baxdıqda orada olan müştəri həmin şəxsin Samir olduğunu və Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yaşadığını demişdir. Daha sonra polisə məlumat vermişlər, polis telefonu oğurlayan şəxsi aşkar etmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs onun telefonunun polis tərəfindən qaytarıldığını, telefonu qaytarılsa da o, hazırki cinayət əməli törədilən zaman həyəcan keçirmiş, şəkər xəstəliyi olduğundan bu hadisə onun səhhətinə pis təsir etmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslə barışmadığını və sonuncunun barəsində qanunda nəzərdə tutulan sərt cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5558 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 01 ədəd 10 gün əvvəl alınmış “Poco X5” markalı, 256 GB daxili yaddaşlı mobil telefon təqdim edilmişdir. Təqdim edilmiş mobil telefon istifadədə olmayıb. Malın (işin, xidmətin) bazar qiyməti tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapa qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja koterovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrininməlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşənmobil telefon alqı-satqı məntəqələrində, internet saytalrında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 10 gün əvvəl alınmış, istifadədə olmamış, “Poco X5” markalı, 256 GB yaddaşlı mobil telefonun 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 530,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 10 gün əvvəl alınmış, istifadədə olmamış, “Poco X5” markalı, 256 GB daxili yaddaşlı mobil telefonun 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 530,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nə edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliklərə əsasən cəzası 06 ay azaldılaraq, qəti olaraq 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmləri ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun şəxsiyyətini xarakterizə edən hallar, zərərçəkmiş şəxsin şikayətçi olması, məhkəmə icraatından yayınması nəzərə alımaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1101 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İ ş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 avqust 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE**********00********) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar