Məhkəmə qərarları › İş №1(060)-738/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-738/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-738/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, evli,üç azyaşlı uşaq atası, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan,Sumqayıt şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayonu, Çəngən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2024-cü il tarixində, səhər saat 05 radələrində Zərərçəkmiş şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 15-ci məhəllə Təzə avtovağzalın yanında yerləşən 01 nömrəli avtodayanacağın arxa girişindəki plastik qapınının kilidini əli ilə qırıb açmaq yolu ilə içəri qanunsuz daxil olaraq həmin avtodayanacaqdakı ikimərtəbəli tikilinin pilləkəninin önündə üst-üstə düzülmüş vəziyyətdə olan 01 ədədi 150 manat olmaqla ümumi dəyəri 450 manat təşkil edən “İsuzu” markalı avtobusun 16 diametrlik 03 ədəd təkər diskini gizli yolla talamış, 19 avqust 2024-cü il tarixində, səhər saat 05 radələrində vahid niyyətlə əhatə olunmuş qəsdlə eyni üsulla həmin avtodayanacaqdakı iki mərtəbəli tikilinin birinci mərtəbəsinin ağ plastik qapısına söykənmiş vəziyyətdə olan 500 manat dəyərindəki 01 ədəd “Samsung” markalı kondisionerinin daxili blokunu (evin içinə quraşdırılan hissə), ondan 5 metr qabaqda təkər şinlərinin üstündə olan 01 ədəd 300 manat dəyərindəki Rusiya istehsalı olan 380 voltluq “Enerqomaş” markalı qaynaq aparatını, gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü təqsirli bilir. Hadisəni törətdiyi vaxt narkotik vasitənin təsiri altında olmuş, narkotik aludəçisi və vasitəyə olan tələbatına görə bu hadisəni törətmişdir. Bu səbəbdən hadisə vaxtı olanları da tam xatırlamır. 18 avqust 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus mülkə plastic qapının kilidini qıraraq daxil olub təkərləri götürmüşdür. Daha sonra isə 2-ci dəfə oraya gedib kondisionerin plasmasını və qaynaq aparatını götürmüşdür. Törətdiyi əməldən peşmandır. bir daha belə hallara yol verməyəcəkdir. Hal-hazırda da narkotik vasitə istifadə etmir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, ailəsinə ondan başqa qazanc gətirən şəxs olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-yə yazmış olduğu ərizə ilə tanış olmuş və bildirmişdir ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 17 avqust 2024-cü il tarixdə Sumqayıt şəhəri Koroğlu küçəsində, Əşya bazarının yaxınlığında yerləşən 1 saylı avtodayanacağın yanından keçərkən qapısının açıq olduğunu görmüş və içəri boylanmışdır. İçəridə 03 ədəd 16-lıq avtobus diskinin, iki mərtəbəli tikilinin birinci mərtəbəsinin ağ plastik qapısına söykənmiş vəziyyətdə olan kondisonerin və 01 ədəd qaynaq aparatının olduğunu görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Belə ki, oğurluq etmək məqsədi ilə 18 avqust 2024-cü il tarixdə səhər 05 radələrində evdən çıxaraq əvvəlcədən planlaşdırdığı Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əşya bazarının yaxınlığında yerləşən 1 saylı avtodayanacağın yanına gəlmişdir. O, daş hasarın üstünə çıxaraq ətrafa boylanmış və avtodayanacaqda heç kimin olmadığına tam əmin olduqdan sonra, avtodayanacağın plastik qapısına yaxınlaşıb qapını yoxlamış, qapının kilidinə əli ilə təzyiq verərək qıraraq içəriyə daxil olmuşdur. Qeyd etmişdir ki, həmin dayanacağın iki girişi var. İlk öncə həmin dayanacaqdakı ikimərtəbəli tikilinin pilləkənin qarşısında üst-üstə vəziyyətdə olan İsuzi markalı avtovubusun 3 ədəd diskini oğurlamışdır. Oğurladığı diskləri bir-bir yuvarlayaraq girdiyi yerdən çölə çıxartmışdır. Dayanacağın yaxınından keçən nömrəsini və markasını xatırlamadığı taksini əli ilə saxladaraq bir diski maşının baqajına, digər iki diski isə arxa oturacaqlara yerləşdirmişdir. Bu disklərin oğurluq olması barədə taksiyə heçnə deməmişdir. Diskləri yaşadığı evə yəni, ünvan 1 ünvanında gizlətmişdir. Səhər saatları olduğu üçün diskləri oğurladını heç kim görməmişdir. 19 avqust 2024-cü il tarixdə, səhər 05 radələrində yenidən həmin dayanacağa gəlmişdir. Dünən dayanacaqdan çıxanda plastik qapının cəftə hissəsini yerdən tapdığı nazik dəmir lentlə bağlamışdır ki, qapının açıq olduğu bilinməsin. Əvvəlcədən planlaşdırdığı kimi avtodayanacaqdakı iki mərtəbəli tikilinin birinci mərtəbəsinin ağ plastik qapısına söykənmiş vəziyyətdə olan kondisioneri və ondan 5 metr qabaqda təkər şinlərinin üstündə olan 01 ədəd qaynaq aparatını da oğurlamışdır. Oğurladığı 01 ədəd qaynaq aparatını və 01 ədəd kondisoneri ağır olmadığı üçün əli ilə evə aparmışdır. 20 avqust 2024-cü il tarixdə, səhər saatlarında diskləri yaşadığı evin yəni, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində tanımadığı bir nəfərə 200 manata satmış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı 01 ədəd kondisioneri xx.xx.2024-cü il tarixdə əli ilə qırıb içərisindən misləri çıxarıb sellofana yığmış və həmin günün səhərisi misləri tanımadığı dəmir yığana 15 manata satmışdır. Pulu da özünə sərf etmişdir. Oğurladığı qaynaq aparatını sata bilmək üçün evində saxlamış, lakin tutulduğu üçün sata bilməmiş və polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də, o, ifadəsində videogörüntünun ona təqdim edildiyini və həmin görüntülərdəki şəxsin özü olduğunu, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 49 saniyəlik görüntüyə baxdıqda əlindəki qara rəngli çantanın oğurladığı qaynaq aparatı olduğunu və ağ rəngli sellofanın tullantı olduğunu, ətrafa boylanmağının səbəbi oğurlayaraq sata biləcəyi mis və ya dəmir axtarmaq olduğu və həmin yerdən qaynaq aparatı, 03 ədəd 16-lıq disk və kondisonerdən başqa heç nə oğurlamadığını göstərmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 15-ci məhəllə Təzə avtovağzalın yanında yerləşən 01 nömrəli avtodayanacaq ona məxsusdur. Həmin ərazi 1991-ci ildən 2024-cü ilin mart ayınadək avtodayanacaq kimi fəaliyyət göstərmişdir. Həmin dayanacağı mütəmadi olaraq gəzərək nəzarət edir. Bildirmişdir ki, avtodayanacağın ofisinin iki qapısı var və birinci qapı yəni ön qapısı dəmir, arxa qapısı isə plastik qapıdır. xx.xx.2024-cü il tarixdə, səhər 10 radələrində dayanacağı gəzərkən arxadakı plastik qapınının açıq olduğunu, qapının kilit hissəsinin sındırıldığını görmüşdür. Dayanacaqdakı əşyaların yerində olub-olmadığına baxdıqda 01 ədəd 300 manat dəyərindəki Rusiya istehsalı olan “Enerqomaş” markalı qaynaq aparatının, 500 manat dəyərindəki “Samsung” markalı kondisionerin, ümumi dəyəri 450 manat təşkil edən “İsuzu” markalı avtobusun 03 ədəd 16-lıq diskinin oğurlandığını görmüşdür. Oğurluq hadisəsi il 18 və 19 avqust 2024-cü tarixlərində, səhər 05-06 radələrində olmuşdur. Bununla bağlı onda olan kamera görüntülərini təqdim etmişdir. Oğurluq hadisəsi zamanı ona 1250 manat məbləğində maddi ziyan dəymişdir. Eləcə də, o, ifadəsində təqdim etdiyi videogörüntülərdə nəyə görə ancaq 19 avqust 2025-ci il tarixində baş vermiş oğurluq hadisəsinin görüntülərinin olduğunu, İsuzu” markalı avtobusun 03 ədəd diskinin oğurlanması ilə bağlı görüntülərin olmaması sualına cavab olaraq “İsuzu” markalı avtobusun 03 ədəd diskinin 18 avqust 2025-ci il tarixdə oğurlandığını, 18 avqust 2025-ci il tarixdəki görüntülərin kameranın yaddaşında qalmadığı üçün təqdim etmək mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Əgər Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəyərsə ona qarşı heç bir şikayəti olmayacaq, ona nə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Cinayət işinin materiallarında olan "xxxx" MMC ticarət mərkəzinə və “Təkər aləmi” mağazasına 03 sentyabr 2025-ci il tarixdə verilmiş sorğulara cavabdan görünür ki, sorğuda qeyd edilən malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1250,00 manat müəyyən edir. O cümlədən: - 01 ədəd Rusiya istehsalı olan 380 voltluq “Enerqomaş” markalı qaynaq aparatı-300,00 manat - 01 ədəd “Samsung” markalı kondisionerin daxili bloku -500,00 manat - 03 ədəd “İsuzu” markalı avtobusun 16 diametrlik təkər diski- 450,00 (3ədx150 man) manat. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək 02 il, 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması cəzası da azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan cinayətlərin residivini yaratmayacaq. Bundan başqa Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinərək ona 2 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhəri Probasiya İdarəsindən daxil olmuş 05 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 10 may 2024cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzanının 04 noyabr 2025-ci il tarixə 1 il 2 ay 2 gününü çəkmiş, çəkilməmiş cəzası 11 ay 24 gün təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işininə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013, xx.xx.2015 və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Azrbaycan Respublikası CM-in 59.1.4-cü maddələrinə əsasən himayəsində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, cinayətin törədildiyi vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin zərərçəkmişə vurduğu zərərin heç bir hissəsinin ödənilməməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsinə baxayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 28 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2024-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 26 (gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına cəzasına bərabər tutulmaqla cəmi 05 (beş) ay 15 (gün) azadlıqdan məhrum etmə cəzası hazır ki, hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar