Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-74/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olmamış, Lerik rayonu, Şingədulan kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,366 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 sentyabr 2020-ci il tarixdə saat 19:42-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Sumqayıt şəhəri 5-ci məhəllə, ev 1/28-də yaşayır. O, təxminən 1 ildirki narkotik vasitə qəbul edir və onda asılılıq yarandığından hazırda da narkotik vasitə qəbul etdiyinə görə 14.09.2020-ci il tarixdə təxminən səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitə gümüşü rəngli siqaret kağızına bükülmüş, onu əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. O, axşam saatlarında ağrıları başladığı üçün aldığı narkotik vasitəni istifadə etmək qərarına gəlmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində piyada gedərək narkotik vasitəni istifadə etmək üçün təhlükəsiz və gizli yer axtarmışdır. O, Kotec qəsəbəsi ərazisində piyada gəzərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamış, sonra bir nəfər də polis formasında şəxs ona yaxınlaşmış, bir nəfər polis formasında şəxs də çəkiliş aparırmış. Polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı, mülki geyimli şəxslər də özlərini təqdim edərək 4-cü Polis Bölməsinin əməkdaşları olduqlarını demişlər. Təhqiqatçı ona özünü təqdim etmiş, o da özünü təqdim edərək ad, soyadını söyləmiş, təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını söyləmişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmadığını soruşmuş, o da ona etiraz etmədiyini demiş, daha sonra üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. O da onsuzda şəxsi axtarış zamanı cibində olan narkotik vasitənin tapılacağını fikirləşərək könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq onlara təqdim etmişdir. Təhqiqatçı ondan bükülünün nə olduğunu soruşduqda o, həmin bükülünün içərisində narkotik vasitə kokos olduğunu, xəstə olduğu və ağrıları olduğu üçün özünün istifadə etdiyini demiş, təhqiqatçı narkotik vasitəni, hardan, nə məqsədlə, neçiyə aldığını soruşduqda o, ağrıları olduğundan özü istifadə etmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşayış yerini bilmədiyi şəxsdən 20(iyirmi) manata aldığını demişdir. Sonra təhqiqatçı hüquqlarının müdafiə olunması üçün dövlət tərəfindən vəkil veriləcəyini bildirmiş və burada sənədləşdirmənin davam etdirilməsi üçün şəraitin olmadığını, 4-cü Polis bölməsinə getməyini demiş, o da etiraz etməyərək onlarla getmişdir. Bölmədə xidməti otaqların birində onun üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş, daha sonra isə həmin kütlə müvafiq qaydada qablaşdırılmış o, və digər iştirakçılar imza çəkmişlər. O, polis əməkdaşlarının onu Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində saxlayan zaman bütün hərəkətlərin kamera video görüntüsü ilə qeydə alındığını, bununla bağlı olaraq heç bir etirazı olmamış və ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Ramiz oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 19:42 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində kriminalist Şahid4 tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini demişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, təhqiqatçı onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə də saxlanıldığını demiş və ona hüquq və vəzifələri barədə bildirişi təqdim etmiş, sonra təhqiqatçı ona həmin yerdə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan siqaret qutusunu, şəxsiyyətini təsdiq edən sənədi və gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq onlara təqdim etmişdir. Ondan bükülünün nə olduğu soruşulduqda o, həmin bükülünün narkotik vasitə kokos olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan, nə vaxt aldığı soruşulduqda o, onun narkotik vasitə olan “kokos” olduğunu, səhər saatlarında Novxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini demişdir. Sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişlər, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar da həmin protokolu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15.09.2020-ci il tarixli, 6/1880 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Qeyd: heroinin təmiz çəkisi-0,366 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq- 0,316 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.10.2020-ci il tarixli, 2767 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,316 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 23.09.2020-ci il tarixli 2687 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkolji Dispanserində 2020ci ilin may ayından “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.09.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 16.09.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-74/2021 saylı, 03.03.2021-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14.09.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.03.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,316 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14.09.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.03.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,316 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-74/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-74/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver