Məhkəmə qərarları › İş №1(060)-74/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-74/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-74/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylə Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Sumqayıt şəhəri Yataqxana 1, S.Vurğun küçəsi, ev 48də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 106,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 01 iyul 2021-ci il tarixdə saat 16:45-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci məhəllə ərazisində saxlanılıb polis idarəsində gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 106,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan marixuana qəbul edir. Əvvəllər narkotik vasitə tapdıqda yaxud tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Təxminən 2021-ci ilin may ayının ortalarında şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman orada təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı həmin şəxs onun, o da həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Ona görə də həmin şəxsdən üzərində narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona üzərində bir ədəd bükümdə narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı ona 150 manata sata biləcəyini demişdir. O, həmin şəxslə razılaşıb ona 150 manat pul verərək ondan narkotik vasitə olan marixuana almış və həmin narkotik vasitəni cibinə qoymuşdur. Narkotik vasitəni cibində gəzdirmişdir ki, ürəyi istəyəndə istifadə edər. 01 iyul 2021-ci il tarixdə, təxminən saat 16:45 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində olduğu zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi lə bağlı şübhəlidir və onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada ona şübhəli şəxs qismində tutuduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil X2 onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlamışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya varsa könüllü olaraq təqdim etsin. O, da həmin vaxt şalvarının cibinə qoymuş olduğu bir ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Həmin narkotik vasitə olan marixuananı təxminən 2021-ci ilin may ayının ortalarında Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 150 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məsədi özü istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımamış, onunla təsadüfən tanış olmuşdur. Həmin şəxsin onda telefon nömrəsi olmamışdır. Həmin şəxs hündür boylu, qarayanız, üzündə saqqalı olan bir şəxs olmuşdur. Ümumiyyətlə heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamış, polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Hazırda əməlindən peşmandır, ailəlidir, iki uşağı var, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 Varoşil oğlu göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sumqayıt şəhər polis idarəsinin rəisinin göstərişi ilə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisi əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkət etdiyini görmüşlər. Bir neçə dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Şahid4 video görüntüyə alması ilə onun və yuxarıda adlarını çəkdiyi şəxslərin, həmçinin vəkil Nigar Hüseynovanın iştirakı ilə təhqiqatçı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmiçinin ona təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli şalvarının sol cibindən bir ədəd şəffaf sellofan torbanın içərisində olan ağ rəngli kağız bükülünü çıxararaq təqdim etmişdir. Ondan həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır, həmin marixuananı saxlanılmazdan təxminən 1 ay əvvəl Saray qəsəbəsində tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almışdır. Həmin bükülü açıldıqda içərisində yaşıl rəngli, qurudulmuş formada narkotik vasitə olan marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə təxmini çəkisinin 116,90 qram olması müəyyən olunmuşdur. Həmin maddədən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı əvvəllər əməliyyat məlumatı olmuş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 Şahid1 Varoşil oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru Şahid4 da eyni məzmunlu ifadələr verərək Şahid1 Varoşil oğlunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 01.07.2021-ci il tarixli "Şəxsi axtarış və götürmə barədə" və “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 116,90 narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v.27-28, 78-80) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskdəki görüntülər nümayiş olundu, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi və Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etməsi təsdiq edildi. İş materiallarında olan "Şübhəli şəxsin tutulması haqqında" 01.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 12ci mikrorayon ərazisində tutulmuşdur.(i.v 19) İş materiallarında olan "Qətimkan tədbirinin seçilməsi barədə" 03.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və azad edilmişdir.(i.v 67-70) İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 02.07.2021-ci il tarixli, 7/628 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 106,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqatından sonra qalıq qalmış 106,17 qram). (i.v 35-37) İş materiallarında olan maddi sübut kimi tanıma haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 106,17 qram narkotik vasitə-marixuana maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış, işə əlavə edilmişdır.(i.v 74-75) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v.98-99) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 3289 saylı 21.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v.103) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30.07.2021-ci il tarixli, 2563 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 83-84) İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i. v 82) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 10.02.2006-cı il və 01.03.2007-ci il təvəllüdlü iki uşağı var. (i.v.81-82) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 106,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 106,17 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə tutulmuş, 03 iyul 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdən 03 iyul 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 106,17 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar