Məhkəmə qərarları › İş №1(060)-740/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-740/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-740/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, məhəllə 42, yataqxana 16, otaq 1A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, 08 iyul 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 445 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 08 iyul 2021ci il tarixdə saat 20:27 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 16 nömrəli yataqxananın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxladığı ağ rəngli üzərində “polo” yazısı olan sellofan torbanın içərisindən bir ədəd qara rəngli sellofana bükülmüş vəziyyətədə 445 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 08.07.2021-ci il tarixdə saat 17 radələrində şəxsi işləri ilə bağlı Abşeron rayonu Saray qəsəbəsində olduğu zaman təsadüfən tanış olduğu şəxslə söhbət əsnasında onda narkotik vasitə olan marixuna olduğunu bildirmiş və həmin marixuananı 100 manata satdığını söyləmişdir. O, həmin şəxslə razılaşıb 100 manata marixuananı ondan şəxsi istifadəsi üçün almışdır. Həmin günü, yəni 08.07.2021-ci il tarixdə təxminən saat 20 radələrində evə gedən zaman Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməyini xahiş etmişlər, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bidirib, 1-ci PB-yə dəvət etmişlər, o etiraz etməyib onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-yə getmişdir. PB-də olan zaman xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər, o etirazının olmadığını bildirmiş, bu zaman polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl, hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar, olduğu halda təqdim etməyini təklif etmişlər, o, bu zaman əlində olan ağ rəngli sellofan paketin içərisindən bükülmüş vəziyyətdə olan 01 ədəd qara rəngli sellofan paketi çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü yanında açılmış, sorğu zamanı o, təqdim etdiyi bükülüdə marixuana olduğunu, həmin narkotik maddəni 08.07.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 (yüz) manata aldığını və bu səbəbdən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş marixuana elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra üzərindən aşkar olunmuş həmin maddə qablaşdırılmış və möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitə olan marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar olunan narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış, həmin narkotik vasitəni 08.07.2021-ci il tarixdə tarixdə saat təxminən 17:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsində olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün alaraq üzərində daşımışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, qardaşının ağır xəstə olduğunu və ona baxdığını, ona ağır cəza təyin ediləcəyi halda qardaşına baxan ikinci bir şəxsin olmadığı üçün ölmə ehtimalının yüksək olduğunu, bu halları nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsində rəis müavini vəzifəsində işləyir, əvvəllər isə Sumqayıt ŞPİ-nin CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 08.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 1A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis serjantı Şahid3, polis baş serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1, Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmuşlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 08.07.2021-ci il tarixdə saat 20:25 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisinə Təqsirləndirilən şəxs yaşadığı yataqxananın yaxınlığına getmişlər. Bir neçə dəqiqədən sonra əlamətləri Ayaz Hüsynov ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər, onu saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə 1-ci PB-yə getmişdir. PB-də olan zaman Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə vəkilin iştirakı ilə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs sol əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin torbaya baxılarkən içərisində olan qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli ot kütləsi aşkar olunmuş, onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 100 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, sonuncu narkotik maddəni 08.07.2021-ci il tarixdə saat təxminən 17 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu Saray qəsəbəsində olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 100 (yüz) manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmiş, Təqsirləndirilən şəxs narkotok vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olsa da tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ailə vəziyyəti ilə əlaqədar məhkəməyə bildirir ki, Ayaz ağır yataq xəstəsi olan qardaşı ilə birlikdə yaşayır, başqa ailə üzvləri yoxdur. Ona məlumdur ki, Ayaz xəstə qardaşına baxır. Məhkəmədə şahid Sumqayıt ŞPİ CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd CD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 08.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.07.2021-ci il tarixli, 7/654 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs...» sözləri yazılmış 01 ədəd kağız bağlamadakı qara rəngli politilen bağlamanın içərisində təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi–445 qram, tədqiqata istifadə olundu–0,1 qram, qalıq–444,9 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 28.08.2021-ci il tarixli, 3125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kanoboidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş tibbi sənədlərdən görünür ki, X2-B xəstəsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 18.09.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olaraq törətdiyi cinayət əməlini etiraf etməsini, ağır xəstə olan qardaşına baxmasını, digər ailə üzvlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 10.07.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 444,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01.11.2021-ci il tarixli (iş № 1(060)-740/2021) qərarını icra edərək, 02 noyabr 2021-ci il tarixli 1456 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, məhəllə 42, yataqxana 16, otaq 1A ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyataalınsın. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 444,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar