Məhkəmə qərarları › İş №1(060)-740/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-740/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-740/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 522/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 22-ci məhəllə, Şuşa zavodunun yataqxanası, otaq 50 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,770 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, N.Tusi küçəsində saxlanılıb Sumqayıt ŞPİ-nin TŞ-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin yaxınlığında işdə olarkən tanışı Mikayıl adlı şəxs onun işlədiyi yerə gələrək onunla görüşmüş, üzərində narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni patıyla dəyişmək istədiyini bilirmişdir. O, Mikayıla elə tanışının olmadığını bildirmiş və siqaretinin işdə qaldığına görə ondan siqaret istəmişdir. Mikayıl da siqaret qutusunu ona verərək içərisində bir ədəd siqaret olduğunu demişdir. Siqaret qutusunu cibinə qoyub arxasına dönüb gedən zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu Sumqayıt ŞPİ-nə aparmışlar. İdarədə üzərinə baxış keçirən zaman siqaret qutusunun içərisindən narkotik vasitə aşkar olunmuşdur. O, siqaret qutusunun içərisində narkotik vasitə olduğunu bilmədiyini, Mikayıl adlı tanışından yalnız siqaret istədiyini və onun siqaret qutusunu ona verdiyini bildirmişdir. Narkotik vasitə onun olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 ay olar narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin yaxınlığında tanışı Mikayıl adlı şəxsdən nisyə olaraq öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin almışdır. Ürəyi istədiyi vaxt İstifadə edə bilməyi üçün həmin narkotik vasitəni əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Aldığı narkotik vasitənin pulunun axşam saatlarında Mikayıla çatdırmalı olmuşdur. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, N.Tusi küçəsində olduğu zaman mülki geyimli bir neçə şəxs polis əməkdaşı yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra onlar qanunsuz olaraq narkotik vasitə əldə etməkdə üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıda adı qeyd olunmuş İsməli Kazımovun hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif etmişdir. Özü əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gün səhər saatlarında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasının yaxınlığında Mikayıl adlı şəxsdən nisyə olaraq öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində daşımışdır. Əldə etdiyi narkotik vasitədən kiməsə pay verməmiş və ya satmaq niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən polis idarəsinə gətirildiyi zaman hər hansı fiziki zorakılığa və ya qeyri-insani rəftara məruz qalmamışdır. Mobil telefondan istifadə etmir. Narkotik vasitəni aldığı şəxsin adının Mikayıl olduğunu bilir, başqa hər hansısa məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 10:30 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 10:45 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, N.Tusi küçəsində hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirilmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə mindikdən sonra ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd Sobranie siqaret qutusunun təqdim etmiş, qutu açılıb baxıldığı zaman içərisində 01 (bir) ədəd bükümdə qızılı rəngli büküm aşkar edilmişdir. 01 (bir) ədəd qızılı büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin kakos olduğunu həmin maddəni saxlanılmazdan əvvəl 4-cü Polis Bölməsinin yaxınlığında Mikayıl adlı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin kakos olduğunu həmin maddəni saxlanılmazdan əvvəl 4-cü Polis Bölməsinin yaxınlığında Mikayıl adlı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Mənbənin müəyyən edilməsi istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Səadət Qənbərov əvvəlcə özünü təqdim edir, daha sonra digər polis əməkdaşları özlərini həmin şəxsə təqdim edirlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya mədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd "Sobranie” siqaret qutusunun təqdim edir, qutu açılıb baxıldığı zaman içərisində 01 (bir) ədəd bükümdə qızılı rəngli büküm aşkar edilir. 01 (bir) ədəd qızılı büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin kakos olduğunu həmin maddəni saxlanıimazdan əvvəl 4-cü Polis Bölməsinin yaxınlığında Mikayıl adlı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,04 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qabiaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2332 nömrəli rəyində göstərilmişdir ki, üzərində "... Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş,,” sözləri imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,770 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi - 0,770 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,720 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4379 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opıoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,770 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,720 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-522/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 522/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixədək cəzasından 01 (bir) ay 26 (iyirmi altı) gününü çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 10 (on) ay təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-522/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün tutulduğu müddət və çəkmiş olduğu 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,770 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,720 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-522/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün tutulduğu və çəkmiş olduğu 01 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhdudlaşdırma cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,720 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar