Məhkəmə qərarları › İş №1(060)-745/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-745/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-745/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Ermənistan, Karmraşen kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı sonuncunu taxta parçası ilə vuraraq, ona “sağ almacıq nahiyyəsinin sağ alt göz qapağını və gözün bayır bucağını əhatə edən geniş ölçülü qançırı, sağ gözün ağlı qişasına qansızma, alın nahiyənin, sağ saidin və sol çiyinüstü nahiyyənin qançıları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “Yüngül” zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, 2001-ci ildə o, Zərərçəkmiş şəxs ailə həyatı qurmuş, birgə nikahlarından 2003-cü il təvəllüdlü X2 və 2005-ci il təvəllüdlü X5 oğlu adlı iki övladı var. Ailə həyatı qurandan münasibətləri normal olmuş, lakin son vaxtlar münasibətləri pisləmişdir. 2023-cü ilin aprel ayında oğlu Nicat hərbi xidmətə getdikdən sonra Günay və qızı evdən çıxaraq Sumqayıt şəhərində kirayədə yaşayırlar. Lakin Günay onun zənglərinə cavab vermir və yaşadıqları ünvanı ona bildirmirlər. Günayın hərbi xidmətdə olan oğluna pay göndərəcəyini bilib, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Günaya zəng vuraraq oğluna pay göndərmək üçün ona pul verəcəyini demiş, yaşadığı evə çağırmışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 08:00 radələrində Günay tək yaşadığı evə gəlmiş və Günaydan nə üçün onun zənglərinə cavab vermədiyini və evə qayıtmadığını soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış və əsəbləşərək evdə olan taxta parçası ilə Günayın başından, sifətindən, qollarından və kürəyindən vurmuşdur. Sonra sakitləşmiş və Günay evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2001-ci ildə o, Təqsirləndirilən şəxs Rəfail oğlu ilə ailə həyatı qurmuş, birgə nikahdan 2003-cü il təvəllüdlü Simuzər Bayramova və 2005-ci il təvəllüdlü Nicat Bayramov adlı iki övladları var. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olmuş, lakin son 3-4 ildir ki, Xəqani mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişələr yaratmışdır. Buna görə də 2023-cü ilin aprel ayından o, Xəqanidən ayrılaraq qızı ilə Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Həmin vaxtdan oğlu Nicat da hərbi xidmətdədir. Xəqani mütəmadi olaraq ona zəng vursa da onun zənglərinə verməmiş, yaşadığı ünvanı ona bildirməmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Xəqani ona zəng vurmuş və səhər tezdən olduğu üçün narahat olaraq zənginə cavab vermişdir. Xəqani oğlu Nicatın yanına baş çəkməyə gedəcəyi üçün ona pul verəcəyini deyib, onu yaşadığı evə çağırmışdır. O da xx.xx.2023-cü il tarixdə, təxminən saat 08:00 radələrində yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evə getmişdir. Xəqani evdə tək olmuş və o, evə girən kimi qapını içəridən bağlamışdır. Xəqani ondan nə üçün onun telefon zənglərinə cavab vermədiyimi soruşub, onunla mübahisə etməyə başlamışdır. Xəqani evdə olan taxta parçasını götürüb, həmin taxta ilə onun başından, alnından, sifətinin hər iki tərəfindən, hər iki qollarından və kürəyindən vuraraq onu döymüşdür. O, zərbələrdən huşunu itirmiş və gözünü açdıqda, Xəqaninin onu həyətə çıxardaraq çöldə oturacaqda əyləşdirdiyini görmüş, o, da özünə gəldikdən sonra oradan çıxıb getmişdir. Həmin gün özünü pis hiss etdiyi üçün evdə qalmış və səhəri gün polisə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2023-cü il tarixli, 1187 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ almacıq nahiyyəsinin sağ alt göz qapağını və gözün bayır bucağını əhatə edən geniş ölçülü qançırı, sağ gözün ağlı qişasına qansızma, alın nahiyənin, sağ saidin və sol çiyinüstü nahiyyənin qançıları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v. 14-17). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda cəza çəkir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin 23 avqust 2023-cü il tarixli, 4699 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 10 ay 16 gün təşkil edir. Bundan başqa xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiala AR CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə AR CM-nin 73.2-ci maddəsinə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bir dəfə AR CM-nin 73.2-ci maddəsi tətbiq edildiyindən hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasına baxmayaraq iş üzrə icraata xitam verilə bilməz İş materiallarında olan şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2003-cü il təvəllüdlü X2 və 2005-ci il təvəllüdlü X5 oğlu adlı övladları var.(i.v. 31, 36) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 37) Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CMnin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutulur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını və ümumən cəzasını yüngülləşdirən digər halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzası verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir Azərbaycan Respublikası CM-nin 68.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilmiş ictimai işlər növündə cəzanın dörd saatı azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmalı, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-177/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 16 gün hissəsi ilə bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli,. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- ünvan 4 ünvanında çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəriniin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikası 68.3.2-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 360 saat ictimai işlər cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 10 ay 16 gün hissəsi ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar