Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-746/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Ermənistan Respublikası, İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Levent City” yaşayış kompleksinin arxa tərəfində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs burun nahiyyənin, alın nahiyyənin, sağ göz qapaqları və gözaltı nahiyyənin qançırları, sağ gözün ağlı qişasına qansızma, sol gicgah-alın nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman işə görə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Nahar fasiləsində olduğu zaman mağazadan işlədiyi yaşayış kompleksinə qayıdarkən Ruslan ilə rastlaşmış və aralarında yaranmış mübahisəyə onun səbəb olmasını izah etmişdir. Bu zaman Ruslan adlı şəxs onun ünvanına nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək onun baş nahiyyəsinə zərbə endirmişdir. Şəxs yerə yıxıldıqdan sonra ayağı ilə də həmin şəxsə bir neçə zərbə endirmiş və oradan uzaqlaşaraq kompleksə daxil olmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman yük maşınını boşaltmağa əlavə qüvvə lazım olduğu üçün Arzifi çağıraraq digər fəhlələrə köməklik etməsini istəmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Daha sonra təxminən 13:10 radələrində nahar fasiləsi zamanı kompleksin arxa tərəfində Arzif ilə rastlaşmış və bu zaman Arzif adlı şəxs onun üzərinə gələrək baş nahiyyəsinə yumruqla zərbə endirmiş, yerə yıxıldıqdan sonra ayağı ilə də bir neçə zərbə endirmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 1206 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – burun nahiyyənin, alın nahiyyənin, sağ göz qapaqları və gözaltı nahiyyənin qançırları, sağ gözün ağlı qişasına qansızma, sol gicgah-alın nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdılar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2809 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X2 4 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 277 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməmiş və ambulator kartası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-746/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-746/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver