Məhkəmə qərarları › İş №1(060)-749/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-749/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-749/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçiləri - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Pəmbər kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 40, mənzil 24-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 450 (dörd yüz əlli) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 avqust 2021-ci il tarixdə saat 13:25-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivi ərazisində keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Əsasən narkotik vasitənin qurudulmuş marixuana növündən siqaretə doldurub tüstüsünü qəbul etməklə istifadə etmişdir. Təxminən 04.08.2021-ci il tarixdə Quba rayonuna qohumlarının toy məclisinə getmiş, toy məclisində iştirak edən zaman orada bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Həmin şəxs də ona özündə təxminən 500 (beş yüz) qrama yaxın marixuana olduğunu və 200 (iki yüz) manata sata biləcəyini demişdir. O da həmin şəxslə razılaşıb onu toy məclisindən bir qədər kənarda gözləmiş, həmin şəxs isə harasa gedib bir neçə dəqiqə sonra əlində ağ rəngli sellofan torba ilə gəlib ona həmin torbanı vermiş və içərisində marixuana olduğunu demişdir. O, həmin torbaya baxanda içərisində qara rəngli sellofan bağlama olduğunu görmüş və açıb içərisinə baxanda isə marixuana olmasını bilmişdir. Sonra isə oradan çıxıb yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivinə gəlmiş və orada yaşadığı evdən təxminən 300-400 metr aralıda həmin marixuananı kolluqda gizlətmişdir. 07.08.2021-ci il tarixdə, təxminən saat 13 radələrində yaşadığı evdən çıxıb marixuananı gizlətdiyi yerə getmiş və marixuanadan bir qədər götürüb istifadə etmək üçün heç kimin olmadığı bir yerə keçmək istədiyini bildirmişdir. Marixuananı gizlətdiyi yerdən götürüb piyada həmin yerdən təxminən 200-300 metr aralanıb yaşadığı evin yaxınlığına çatan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulacağı barədə məlumat verilmişdir. Müdüafiəçi dəvət olunduqdan sonra Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o da buna etiraz etməmişdir. Üzərində videoçəkilişlə vəkilinin iştirakı ilə şəxsi axtarış aparılan zaman təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddənin olub olmaması soruşulmuş, əgər varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. O da həmin vaxt əlində saxladığı torbanın içərisindəki özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü açılaraq baxılmış, sonra isə tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evinin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 13:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində ağ rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs Polis İdarəsinə dəvət etdikdən sonra sonuncu onlara etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə təhqiqatçı Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş, əgər varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı saxlanılmazdan təxminən 3-4 gün əvvəl Quba rayonunda toyda olduğu zaman tanımadığı şəxsdən 200 (iki yüz) manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin bükülü açıldıqda içərisində yaşıl rəngli, spesifik iyi olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3 və KTB-nin inspektoru X1 Musayevlə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07.08.2021-ci il tarixli, 7/762 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” Yazılar və imzalar olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə, tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd; marixuananın təmiz çəkisi - 450 qrqm, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 17.08.2021-ci il tarixli, 2931 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07.08.2021-ci il tarixdə tutulmuş, 09.08.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 2786 saylı, 11.08.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan 16 saylı MKS tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 azyaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 37 (otuz yeddi) saat sərf etmişdir. Ona görə də, 222 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 07.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivi ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsin, o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar