Məhkəmə qərarları › İş №1(060)-749/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-749/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-749/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1985-ci ildə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə, saat 01:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 4, mənzil 11 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sifətinə, bədəninin müxtəlif nahiyyələrinə qəsdlə sillə ilə vuraraq ona sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, sağ bazunun, boyunun qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qurmuşalr, rəsmi nikahları var, birgə nikahlarından biri qız, digəri oğlan olmaqla iki övladları var. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə boşanma ərəfəsindədirlər. Onlar bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələlərində o ayıq vəziyyətdə evə gələrək təmir zamanı qonşu otağa yığdıqları əşyaları evlərinə yığmağa başlamışdır. O maddi sıxıntılar içində olduğundan son vaxtlar daha əsəbi və səbrsiz olmuşdur. Əşyaları evə yığarkən biraz səs-küy çıxmış, gətirdiyi stolun ayağı həyat yoldaşı Rənanın ayağına dəymiş, o da biraz əsəbi cavab vermişdir. O də ona sakit olmasını, biraz səbrli olmasını xahiş etmişdir. Daha sonra aralarında mübahisə baş vermiş, şəxsi münasibət zəmnində baş verən mübahisə zamanı sillə ilə iki dəfə həyat yoldaşı Rənanın sifətindən vurmuşdur. Rəna onu itələdikdə, o da onu özündən uzaqlaşdırmışdır. Bu zaman yerə yıxılmış, nə olduğunu bilməmişdir. Daha sonra mübahisə sonlanmış, o uzaqlaşaraq yan otağa keçmişdir. Səhər saat 05:00 radələrində oğlu Marif Musayevi Tovuz rayonundan gətirmək üçün yola çıxmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi.. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar, rəsmi nikahları var, birgə nikahlarından biri qız, digəri oğlan olmaqla iki övladları vardır. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə boşanma ərəfəsindədirlər. O bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələlərində həyat yoldaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gələrək təmir zamanı qonşu otağa yığdıqları əşyaları evlərinə yığmağa başlamışdır. Həyat yoldaşı əsəbi və hövsələsiz biridir, əşyaları teztez səs-küy salaraq otağa yığarkən o qonşuların yatdığını və bir az səssiz olmasını bildirmişdir. Müşfiq də özüm bilərəm, sən sakit ol, yaxşı edirəm kimi ifadələr işlətməyə başlamışdır. O da yenidən sakit olmasını, daha asta hərəkət etməsini bildirmiş, Müşfiq isə daha əsəbi formada nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra sillə ilə sifətinin sol nahiyəsinə iki dəfə vurmuş, o özünü kənara çəkdikdə ayağındakı başmağı çıxararaq sifətinə vurmuşdur. O özünü qorumaq üçün onu itələdikdə boğazından tutaraq sıxmağa başlamış, sakit olmağını tələb edərək onu itələdikdə yerə yıxılaraq qolları və sağ əlinin 4-cü barmağı otaqdakı şkafın tinlərinə dəymişdir. O yerə yıxıldıqdan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs heçnə olmamış kimi mətbəxə keçərək orada oturmuşdur. Səhər saat 05:00 radələrində evdən çıxararaq oğulları Marif Musayevi gətirmək adı ilə Tovuz rayonuna getmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1364 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, sağ bazunun, boyunun qançırı vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3605 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sağlamlıq Mərkəzinin Sumqayıt Tibb Mərkəzi 4 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 281 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi üzrə 1saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi üzrə 1saylı Məhəllə Komitəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar