Məhkəmə qərarları › İş №1(060)-749/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-749/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-749/2023 07.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan və X4 müştərək qaydada 32000,00 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 50,00 manat məbləğində hüquqi xidmət xərci və iddia qaldırılması üçün ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(008)-6382/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 3(060)- 216/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 27 yanvar 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 iyun 2022-ci il tarixə kimi qətnamə üzrə borcunu, ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfüzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli, 2(008)-6382/14 saylı qətnaməsinə əsasən, ondan və qardaşı X4 müştərək qaydada 32000,00 ABŞ dolları məbləğində pul manatın məzənnəsi ilə hesablanmaqla Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bu işə görə onun qardaşı Elşad da məhkum olunmuşdur. Artıq cəzasını çəkib qurtarıb. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. O Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-cİ il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar olunmuş, icra zamanı hissə-hissə qətnamə üzrə qardaşı tərəfindən ümumilikdə 2600,00 manat məbləğində ödəniş aparılmış, icra qurumunun təqdimatı əsasında qeyd olunan qətnamənin qərəzli olaraq icra olunmaması ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Maddi imkanı ilə əlaqədar qətnamənin icrasını edə bilməmişdir. İcra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinə işaxtaran kimi qeydiyyata alınsa da, uzun illərdir işlə təmin olunmaq üçün mərkəzə müraciət etməmiş, çünki bir müddət sifariş üzrə işəmuzd tikinti-təmir sahəsində işləmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Artıq ödənişlər etməyə başlamış və ümumilikdə tələbkara 450 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə borclu olduğu qalıq məbləği qərəzli olaraq deyil, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, əgər ona vaxt verilərsə o, hər ay 300 manat olmaqla borclu olduğu məbləği ödəyə biləcəyini bildirərək, məhkəmədən ona cəza təyin edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildə Rusiya Federasiyasında nar və xurma satmaq üçün köməklik məqsədi ilə Elşad və Təqsirləndirilən şəxs qardaşlarına müraciət etmiş, onlar həmin məhsulların satışını özləri edəcəklərini bildirdikdə həmin məhsulları qəbul edib rusiya bazarında satdıqdan sonra ona ödəniş aparacaqlarına vəd vermiş, razılıq əldə olunduqdan sonra 52000,00 (əlli iki min) ABŞ dolları məbləğində məhsul Rusiyaya göndərmiş, həmin məhsulun rusiya bazarında satmalarına baxmayaraq ona yalnız hissə-hissə 20000,00 (iyirmi min) ABŞ dolları məbləğində ödəniş etmiş, sonradan dəfələrlə qalan məbləğdə pulu tələb etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirərək pulu göndərməkdən yayınmışlar, bundan sonra pulun tələbi ilə bağlı 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müarciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-6382/14 saylı qətnaməsinə əsasən, X4 və Təqsirləndirilən şəxs müştərək qaydada 32000,00 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu gün manatla məzənnəsi hesablanmaqla, 50 manat məbləğində hüquqi xidmət xərci və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qərarı icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraat başlanılaraq Elşad Sadıqova və Təqsirləndirilən şəxs tələbin könüllü icra olunması üçün 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pul qaytarılmamış, daha sonra onların barələrində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlaklarına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilməsi üçün əmlak və ya pul vəsaitləri aşkar olunmamış, icra zamanı Təqsirləndirilən şəxs çağırışlardan yayındığından barəsində axtarış verilmiş, lakin X9 qeyd olunan qətnaməni qərəzli olaraq icra etmədiyinə görə barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, sonuncu həmin maddə İlə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə məsuliyyətinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Elşad Sadıqov Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Axtarışda olan digər borclu Təqsirləndirilən şəxs barəsində məcburi icra tədbirləri davam etdirilmiş, polis orqanları tərəfindən xx.xx.2020-ci il tarixdə tutularaq icra idarəsində təhvil verilmiş, həmin tarixdə borclu Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək qətnaməni icra etməkdən yayınmış, həmçinin icra müddətində borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə məhdudlaşdırılmış, icra dövründə qeyd olunan qətnamə üzrə Elşad Sadıqov tərəfindən cəmi 2600,00 manat məbləğində ödəniş olunmuş, Təqsirləndirilən şəxs dəfələrlə Sabunçu Rayon Məhkəməsinin qətnaməsini əsassız mübahisələndirərək məsuliyyətdən yayınmağı çalışmış, izahatlarında işləmədiyini vurğulasa da, dəfələrlə sonuncunu “Meyvəli” ticarət bazarında meyvə-tərəvəz satışı ilə məşğul olduğunu görmüş, həmçinin borclu olan şəxslərin adlarına rəsmiləşdiriləməsə də, onlara məxsus Bakı şəhərinin mərkəzində Rəşid Behbudov küçəsində yerləşən yeni tikilmiş binada 4 otaqlı mənzil, bundan başqa Buzovna qəsəbəsində və Xırdalan şəhərində həyət evləri mövcuddur. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmasına baxmayarq uzun illərdi qətnaməni qərəzli olaraq icra etməkdən yayınır, Qətnamə üzrə qalıq məbləğdə olan pulu Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir. Zərərçəkmiş şəxs ona vurulan ziyanın tam ödənilməsini tələb edərək, Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6382/14 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclular X9 və Təqsirləndirilən şəxs müştərək qaydada 32000,00 ABŞ dolları məbləğində pul (qətnamə icra olunan günə manata olan nisbətdə) 50,00 manat məbləğində hüquqi xidmət xərci və 30,00 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2015ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qayadada icraata başlanılmış, məhkəmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs İcra İdarəsinə dəvət olunmuş, tələbin icra edilməsi bildirilsə də, borclu tələbi icra etməkdən yayınmış, məcburi icra tədbirlərini həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamış, borclu Təqsirləndirilən şəxs çağırışlardan yayındığından xx.xx.2016cı il tarixdə onun axtarışa verilməsi barədə qərar qəbul edilərək icra olunması üçün polis orqanlarına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-616/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saxlanılaraq İcra İdarəsinə təhvil verilmiş, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmiş, inzibati tənbehlərdən sonra ona tələbin icra etməsi üçün yeni müddətlər verilsə də, hər iki halda o, tələbi icra etməmiş, borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən tələbkar Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə ərizə ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə müraciət etmiş və borclu Təqsirləndirilən şəxs qətnaməni icra etməməsini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı İstitaq İdarəsinə təqdimat verilməsini xahiş etmiş, bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6382/14 saylı iş üzrə qəbul etdiyi 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər X4 və Təqsirləndirilən şəxs müştərək qaydada 32.000 (otuz iki min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu gün manatla məzənnəsi hesablanmaqla, 50 (əlli) manat məbləğində hüquqi xidmət xərci və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 28 yanvar 2015-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 16 aprel 2015-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 16 aprel 2015-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Abusət Qasımov tərəfindən icraata başlanılması barədə qərar qəbul edilərək, borclular X7 və Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 3(060)-216/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. 27 yanvar 2020-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün tam etiraf edici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan istintaq zamanı “Elektron icra” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə ünvan 4iat ofisində alıcılar X6 ilə Təqsirləndirilən şəxs və satıcı X13 arasında alqısatqı müqaviləsi bağlanmış və həmin evin dəyəri 20000,00 manat göstərilmişdir. İş materiallarında olan X5 X2 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınsa da, işlə təmin olunmaq üçün filiala müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Abşeron filialının 27891 nömrəli xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəörərçəkmiş şəxsə 150 manat pul ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə 150 manat ödəniş etməsini və törətdiyi cinayət əməlinin tam olaraq etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, vurulmuş maddi ziyanın qismən ödənilməsi, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar