Məhkəmə qərarları › İş №1(060)-75/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-75/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-75/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,371 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 sentyabr 2020-ci il tarixdə saat 19:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin yuxarı hissəsində olan kiçik cibindən sellofana bükülmüş bir ədəd bükümdə içərisindən 0,371 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsullarla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bir neçə ay olar ki, narkotik vasitədən istifadə edirmiş. Belə ki, 23 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində olarkən “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birinə daxil olmuş və orada tanımadığı bir nəfərlə söhbət etmişdir. Söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilib ona narkotik vasitə olan heroin təklif etmişdir. O, narkotik vasitəyə ehtiyacı olduğu üçün cibindən 15 manat çıxarıb həmin şəxsə vermiş və həmin şəxsdə bir büküm narkotik vasitə olan heroini (kakos) ona vermişdir. Bundan sonra o, Bakıdan yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Avtobusdan düşüb 17-ci məhəllə ərazisində qarajların arxası ilə hərəkət edərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini ona göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bu zaman bir nəfər də polis geyimində ona yaxınlaşaraq, narkotik vasitələrdən istifadə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində axtarış-baxış aparacaqlarını bildirmişlər. O, deyilənlərə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİnin 3-cü Polis Bölməsinə getmişlər və orada ona üzərində nə varsa masanının üzərinə qoyması təklif olunmuşdur. Bundan sonra o, şalvarının sağ cibində saxladığı bir büküm narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş və bütün bu olanlar video çəkiliş vasitəsilə qeydə alınmışdır. Daha sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitəni hardan və necə əldə etməsini maraqlanmış, o da olanları polis əməkdaşlarına danışmışdır. Bundan sonra polis əməkdaşları tərəzi vasitəsi aşkar olunmuş narkotik vasitənin çəkisini müəyyən etmiş və zərfə qoyaraq qablaşdırmışlar. Hazırda o etdiyi əməldən peşman olduğunu və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitələr saxlama və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamq məqsədilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid3 və o, həmçinin Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti Orxan Aslanov olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. O, əməliyyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən avtomobil qarajlarının yanında olan zaman Nəbi adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə polis əməkdaşı olduqlarını və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və nə üçün saxlanıldığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə saxlama və gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu və bu səbəbdən üzərində axtarış-baxış keçirilməsi üçün 3cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və xidməti avtomobilə əyləşərək Bölməyə getmişlər. Bölmədə video çəkiliş vasitəsilə baxış keçirilmiş və baxış keçirilməzdən əvvəl isə Nəbiyə üzərində nə varsa masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs da etiraz etməyib əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd açar, bir ədəd alışqan və sağ cibin üzərində olan kiçik bir cibdən isə sellofana bükülü bir bağlama çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onlar Nəbidən bükülüdə nə olduğunu soruşmuş və o, həmin bükülüdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Nəbidən soruşularkən o, narkotik vasitəni Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəməyəqədər istintaq zamanı dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 6/1969 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, “Təqsirləndirilən şəxs aşkarolunmuş...” və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkiai 0.371 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin 0.371 qram heroindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.321 qram təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2020-ci il tarixli 2695 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 30.09.2020-ci il tarixli tələbnamə – arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədənədək məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,371 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış,23 sentyabr 2020-ci il tarixdə saat 19:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin yuxarı hissəsində olan kiçik cibindən sellofana bükülmüş bir ədəd bükümdə içərisindən 0,371 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsullarla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdən 25 sentyabr 2020-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0.321 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 109 (yüz doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 isə məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2020-ci il tarixdən 25 sentyabr 2020-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0.321 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 109 (yüz doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat, məhkəmədə göstərdiyi hüquqi xidmətə görə vəkil X2 120 (yüz iyirmi) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar