Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-750/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 7, mənzil 35-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 34-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20.10.2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanında bacanağı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol gözətrafı nahiyyənin qançırı və 2 ədəd yarası, gözün ağlı qişasına qansızma, sol qulaq seyvanının qançırı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlğa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 20 oktyabr 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində baldızı Elnarə uşaqlarını da götürüb onlara gəlmişdir. Səbəbini soruşduqda həyat yoldaşı Turalla aralarında söz-söhbət olduğu üçün gəldiyini demişdir. Bildirmişdir ki, bir daha Turalın yanına qayıtmayacaq və səhərisi gün Lənkəran rayonunun Veravul kəndində yaşayan valideynlərinin yanına qayıdacaqdır. 20.10.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində bacanağı Tural onların qapısını döyüb onu bayıra çağırmışdır. O bayıra çıxmış və Turaldan nə üçün gəldiyini soruşduqda Tural ailəsini evinə aparmaq üçün gəldiyini bildirmişdir. Həmin vaxt onun həyat yoldaşı Zülfiyyə də bayıra çıxmış və Turala bildirmişdir ki, Elnarə onun yanına gəlmək istəmir, sabah atasıgilə göndərəcəkdir. Tural onun həyat yoldaşına “öz işinə qarış, mənim ailə işimə qarışma” demişdir. Buna görə o, Turalın bu hərəkətlərinə görə ona qapısından çıxıb getməsini bildirmişdir. Lakin Tural yenə özünü düzgün aparmayaraq onlarla mübahisə etməyə başladıqda o yumruqla Turalın sol göz nahiyəsinə və başına bir neçə zərbə vurmuşdur. Həmin vaxt qonşu Əlsgər onların aralarına girərək Turalı onun əlindən almış və Tural oradan qaçıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində amnistiya tətbiq edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Barəsində amnistiya tətbiq edib iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o Elnarə ilə 2013-cü ildə rəsmi nigaha girmiş və birgə nigahlarından övladları olmamış, qardaşının övladlarını övladlığa götürmüşdür. 19 oktyabr 2021-ci il tarixdə, axşam saat təxminən 19020 radələrində yaşadıqları evə həyat yoldaşı Elnarə ilə aralarında maddi vəziyyətlə bağlı mübahisələri olmuşdur. 20.10.2021-ci il tarixdə saat təxminən 20:30 radələrində o işdən evə gələrkən həyat yoldaşının evdə olmadığını görüb ona zəng edərək harada olduğunu soruşmuşdur. Həyat yoldaşı Elnarə ona demişdir ki, bir gün əvvəl aralarında olan mübahisə səbəbindən uşaqları da götürüb Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan bacısı Zülfiyyənin evinə gedib, evə qayıtmayacağını və səhərisi gün Lənkərəan rayonunun Veləvul kəndində yaşayan valideynlərinin evinə gedəcəkdir. O ailəsini evə gətirmək üçün baldızının yaşadığı ünvana getmişdir. Baldızı Zülfiyyənin qapısını döymüş, baldızı Zülfiyyə və onun həyat yoldaşı Azad bayıra çıxmışlar. Baldızı nə üçün gəldiyini soruşduqda o baldızına demişdir ki, uşaqlara de gəlsinlər evə gedək. Baldızı Zülfiyyə isə həyat yoldaşı Elnarənin evə getməyəcəyini deyib onun buradan getməsini istəmişdir. O Zülfiyyəyə demişdir ki, “sən bizim ailə işimizə qarışma, öz işinlə məşğul ol.” O bu sözünü baldızına deyən kimi bacanağı Azad qəfildən yumruqla onun sol gözünün alt hissəsindən zərbə ilə vurmuşdur. O, özünü itirmiş, Azad isə onun bu vəziyyətindən istifadə edərək dalbadal onun baş və sifət nahiyələrinə yumruqla zərbələr endirmişdir. Həmin vaxt qonşuluqda yaşayan onun da tanıdığı Ələsgər araya girərək onları ayırmış və o oradan qaçıb evə getmişdir. Evə çatdıqdan sonra 102 qaynar xəttinə zəng edərək bacanağı Azadın onu döyməsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 21.10.2021-ci il tarixli, 1420 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözətrafı nahiyyənin qançırı və 2 ədəd yarası, gözün ağlı qişasına qansızma, sol qulaq seyvanının qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, ola bilsin ki qərarın təsviri hissəsində göstərilən şəraotdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla, 20.10.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur.(i.v 14- 15) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3630 saylı, 22.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 21) İş materiallarında olan 26.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 24) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 26.10.2021-ci il tarixli tələbanməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(i.v 25-26) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 04 (dörd) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-750/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-750/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver