Məhkəmə qərarları › İş №1(060)-751/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-751/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-751/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Ağayeva (Musayeva) Nuranə Hüseyn qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1976-cı ildə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mkr/n, ev 35/20, mənzil 17 ünvanında yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə, təxminən saat 19 radələrində ünvan 3 ünvanında həyat yoldaşı Ağayeva (Musayeva) Nuranə Hüseyn qızını döyərək ona sol təpə-gicgah nahiyyəsinin, sol bazunun dərialtı hematoması və sol gözaltı nahiyyənin qançırı xəsarətlərini yetirərək Ağayeva (Musayeva) Nuranə Hüseyn qızına qəsdən “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.10.2021-ci il tarixdə saat 18:55 radələrində yaşadığı ünvana gəlmiş, mətbəx otağında həyat yoldaşı Ağayeva (Musayeva) Nuranə Hüseyn qızının qaza yuxarı təzyiq verərək yandırdığını görmüş, o da qazı söndürmüşdür. Həyat yoldaşı onun ünvanına nalayiq ifadələr işlədərək ondan nə üçün qazı söndürdüyünü soruşmuş, o da dəm qazının otaqlara daxil olduğu üçün söndürdüyünü bildirmişdir. O da həyat yoldaşından nəyə görə onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. O, yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbləşdiyi üçün həyat yoldaşına yaxınlaşaraq onun üz nahiyyəsinə yumruqla bir neçə vurmuş və onun burnundan qan gəldiyini görüb sakitləşmişdir. Həmin vaxt həyat yoldaşı özünü müdafiə etmək istədiyi üçün onun başına yumruqla zərbə vurmuşdur. Əməlindən peşmandır. Ona görə də onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Ağayeva (Musayeva) Nuranə Hüseyn qızı ifadəsində göstərmişdir ki, 20.10.2021-ci il tarixdə saat 18:55 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları ünvana gəlmişdir. O, həmin vaxt mətbəx otağında qaz sobasını mənzili istilik verməsi məqsədi ilə yandırmışdır. Həyat yoldaşı gəldikdən sonra nə üçün qaz sobasını yandırdığını soruşmuş, o da mənzilin soyuq olması səbəbindən yandırdığını bildirmişdir. O, həyat yoldaşından nə üçün onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşduqda, həyat yoldaşı onun sifət nahiyyəsinə və başına yumruqla bir neçə dəfə zərbə vurmuş, sonra da əlləri ilə onu boğmuşdur. O da özünü müdafiə etmək istədiyi zaman həyat yoldaşının başına əli ilə zərbə vurmuşdur. Həyat yoldaşı onun burun nahiyyəsindən qan gəldiyini görüb sakitləşmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 21.10.2021-cı il tarixli 1419 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol təpə-gicgah nahiyyəsinin və sol bazunun dərialtı hematoması, sol gözaltı nahiyyənin qançırı xəsarətlər vardır. Qeyd olunan xəsarətlər bərk küt alətin təsirindən yaranmışdır, müayinədən 1 günə qədər əvvəl olmaqla 20.10.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 21.10.2021-cı il tarixli 1421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol təpə-alın nahiyyəsinin qançırı xəsarəti vardır. Qeyd olunan xəsarətlər bərk küt alətin təsirindən yaranmışdır, müayinədən 1 günə qədər əvvəl olmaqla 20.10.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və 02 yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 3648 nömrəli, 23.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 25.10.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Ağayeva (Musayeva) Nuranə Hüseyn qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmalı və barəsindəki cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA**********1000102944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar