Məhkəmə qərarları › İş №1(060)-751/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-751/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-751/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi X3 2024-cü il iyul ayının 26-da bir neçə polis əməkdaşı ilə bu əraziyə gəlmiş, ona məxsus olan obyektdə ticarətlə məşğul olan satıcıları Sumqayıt şəhər Pİ- nin 4-cü PBnə apartdırmış və həmin şəxsləri hər dəfə 80 manat cərimə etdirmişdir. Onun bu şəxslə şəxsi tanışlığı olmamışdır. Lakin 2022-ci ilin iyul ayında İlqar adlı şəxs Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində 20 kv.m. ölçüdə obyekt qoyulması məqsədi ilə ondan 18000 manat məbləğində pul alarkən bu şəxsin adını çəkmiş və demişdir ki, o, memarlıqda işləyən Mürvət adlı şəxslə danışıb və onun əli ilə bu ərazidə obyekt qoyduracaq. Lakin bir müddət sonra isə o, bazarda, hazırki ərazidə 58000 manata böyük ölçülü obyekt qoyulacağını və bu pulun 43000 manatını Mürvət adlı şəxsə verəcəyini bildirmişdir. O da bir neçə şəxsin yanında həmin pulları İlqara vermiş və bununla bağlı şahidləri və sübutları da vardır. xx.xx.2024-cü ildə xx.xx.2024-cü il tarixlərdə bu şəxs bir neçə polis əməkdaşları ilə bu əraziyə gəlmiş və təkcə onun obyektində deyil, bu ərazidə ticarətlə məşğul olan şəxslərin də mallarını maşına yüklətmiş və onların işləməsinə imkan verməmişdir. O, onun bu hərəkətlərinə etiraz etmiş və həmin vaxt adını öyrənmişdir ki, hər gün bu əraziyə gələn bu şəxs Mürvətdir. O, ona məxsus köşkü göstərməklə «bu İlqarın köşküdür, onu mənim əlimlə qoydurub» dedikdə o, həmin köşkə görə İlqara 58000 manat pul verdiyimi, lakin hələ də onun adına sənədləşmənin olmadığını ona demiş, onun bu sözləri ona hamının yanında deməyi xoş gəlmədiyi üçün o, ’’o butkanı istəsəm bu dəqiqə burdan götürtdürərəm” deyə ona cavab vermişdir, o, belə olan təqdirdə verdiyi 58000 manat pulunu geri qaytarmalı olduqlarını dedikdə o, yanındakı polis əməkdaşlarına «butkanı qaldırın» deyə göstərişini vermişdir. Bundan sonra o, pulunu yeyən və onu bu günə qoyanların ünvanına qarğışlar etmiş və İlqara zəng vuraraq bu barədə məlumat vermiş, verdiyi 58000 manat pulunu isə geri qaytarmasını tələb etmişdir. Lakin Mürvət həmin gün köşkü polis əməkdaşlarının köməkliyi ilə götüzdürmüş və hətta o, həmin ərazidən ayrılan kimi onun arxasınca təhqiramiz ifadələr işlətməklə « gördüz o üzdənirağın,pompulu petuxun başına nə oyun açdım, hələ bu harasıdır, o bilmir mənim belim kimlərə bağlıdır, onu bu şəhərdən də götürtdürəcəyəm» kimi ifadələr işlətmişdir. O, onun ünvanına bu və başqa təhqiramiz sözləri,ifadələri, hədə-qorxuları ictimai yerə toplaşan onlarla insanların yanında demiş və həmin şəxslər də bu sözlərin onun ünvanına deyikliyini ona çatdırmışlar. Göründüyü kimi bu şəxs kütləvi qaydada çıxış edərək onun şərəf və ləyaqətini nümayişkaranə şəkildə alçaltmış,təhqir etmiş və ona ağır mənəvi zərbə vurmuşdur. Halbuki o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, bundan başqa onun tanışı İlqar Əliyev adlı şəxs ondan həmin köşkün qoyulması, genişləndirilməsi və onun adına rəsmiləşdirilməsi məqsədi ilə 58000 manat pul almış, həmin pulun da 43000 manatını Mürvətə verdiyini ona bildirmiş və bu söhbətləri təsdiqləyən şahidləri, video çəkilişlər də vardır. O, bu şəxsin qanunsuz əməlləri, özbaşınalıqları və məhkəmə qərarı olmadan götürülmüş köşkə görə verdiyi 58000 manat məbləğində pulunun mənimsənilməsi faktının araşdırılması və hüquqi qiymətin verilməsi ilə bağlı Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə şikayət etmiş və həmin fakt üzrə araşdırmalar davam edir. Ona o da məlum olmuşdur ki, bu əraziyə hər gün gələrək hegemonluq edən, ticarət köşklərinin götürülməsinə, alver edən vətəndaşların mallarının müsadirəsinə və bu ərazidən çıxarılmasına göstəriş verən bu şəxs sən demə heç yerdə işləmir, lakin polis əməkdaşları onun buyruqlarını icra edir, özbaşına göstərişlər verən bu şəxsin barəsində tədbir görmək əvəzinə onun qulluğunda durur və birbaşa ona tabeçilik göstərirlər, bu faktları təsdiqləyən video görüntüləri də ərizəsinə əlavə edir və həmin görüntülərdən də aydın bəlli olur ki, Mürvət xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi hər gün bu əraziyə gəlmiş, yalnız ona məxsus köşk götürülən zaman o, gözünü eynəklə bağlamış və maska taxmışdır. İndi ona məlum olmuşdur ki, bunun səbəbi onun memarlıqda işləmədiyi halda bu göstərişləri verməyə səlahiyyəti çatmadığı üçün üzünü gizlətmək olmuşdur. Bu şəxs özünü köşklərin götürülməsinə göstəriş vermək səlahiyyətində olan şəxs kimi təqdim edərək qeyd olunan tarixlərdə bu ərazidə özbaşına göstərişlər vermiş və onun da göstərişləri polis əməkdaşları tərəfindən icra olunmuşdur. O, 58000 manat dəyərində İlqar Əliyev adlı şəxsə pul ödəməklə əldə etdiyi bu obyektin Mürvət adlı şəxsin göstərişi ilə götürülməsindən və təhqirlərə məruz qalmağından sonra «Tiktok» sosial şəbəkəsində etdiyi paylaşımlarında ali dövlət qurumlarına müraciətlərini paylaşmış və bu işdə korrupsiya faktının araşdırılmasını və memarlıq idarəsinin rəisi işləyən Mürvət adlı şəxsin də bu işdə əməllərinin yoxlanılmasını xahiş etmişdir. Çünki o, aldadılmış və pulları əlindən çıxmışdır. Onu da qeyd edir ki, ondan həmin pulları alıb onun 43000 manatını Mürvət adlı şəxsə verdiyini bildirən İlqar Əliyev məhz bu şəxsin əli ilə bu ərazidə obyekt və köşklər qoydurduğunu, bir çox işləri onun əli ilə gördüyünü ona demişdir və bu hal da Mürvət adlı şəxsin bu işlə əlaqəsinin olubolmamasını yoxlanılması barədə müraciətinə səbəb olmuşdur. Məsələ də ondadır ki, bu əraziyə gələn Mürvət ona məxsus köşkün İlqara məxsusluğunu ondan soruşmuş və o, məhz həmin vaxt onun adının Mürvət olduğunu bilmiş və ona İlqara istədiyi pulu verdiyini demişdir. Lakin onun hamının yanında ona bu sözü deməyi xoşuna gəlmədiyi üçün o, onunla mübahisə etmiş, o da haqqını tələb etmiş və bildirmişdir ki, əgər obyekti götürtmək istəyirsə onda verdiyi 58000 manat pulunu da qaytarsın. Lakin o, yenə də onunla aqressiv rəftar etmiş və o da onu aldadanların ünvanına qarğışlar yağdırmışdır. Həmin ərazidən ayrılan kimi o, burada olan yüzlərlə insanın yanında onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş və sonda səlahiyyəti olmayan və əlində məhkəmə qərarı olmayan bu şəxs ona məxsus köşkü götüzdürmüşdür. Bütün bunlar kamera və telefona çəkilmiş, həmin diski də ərizəsinə əlavə edir. Qeyd olunanlara əsasən X1 AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi, məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 etiraz etmədiyini bildirdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırda xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi mümkünlüyü yoxlanıldığından məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsi barədə məlumat, eyni zamanda şikayət ərizəsinin tarixi qeyd olunmamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar