Məhkəmə qərarları › İş №1(060)-752/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-752/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-752/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 20.10.2021-ci il tarixdə saat 19:45 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ünvan 2 ünvanın giriş qapısının önündə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə və sağ qolun dirsək nahiyyəsinə qəsdən əlində olan qalın ağac parçası ilə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 7-8 ildir ki, qonşudur, onunla bu müddət ərzində heç bir ədavəti və düşmənçiyi olmamışdır. 20.10.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı binanın pilləkənləri ilə evinə qalxan zaman, pilləkəndə qonşusu Asdənəli ilə rastlaşmışdır. Həmin zaman qonşusu Asdanəli ona bildirmişdir ki, ondan aldığı 30 manat borcu niyə qaytarmır. O, isə Asdanəliyə 30 manat pul borclu olmadığını bildirdikdə, Asdanəli onun qızının ünvanına nalayiq söyüş işlətdikdə aralarında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı o Asdanəlini kənara itələyib yaşadığı evə qalxmışdır. Həmin vaxt yaşadığı evdə o, yemək yeyərək təxminən 250 qram spirtli içki araq içmiş, bundan təxminən 2 saat yarım keçdikdən sonra qonşusu Asdanəlinin qızının ünvanına söydüyü söyüş onun yadına düşmüş və o, əsəbləşmişdir. Bu zaman o, Asdənəlinin onun qızını hansı səbəbdən söyməsini aydınlaşdırmaqdan ötrü yaşadığı evdən çıxıb Asdanəlinin yaşadığı evin qapısını döyərək onu səsləmişdir. Həmin vaxt o, evdən çıxan zaman qapının ağzında olan ağac parçasını da götürmüşdür. O, Asdanəlinin yaşadığı evin qapısını döydükdə, o qapını açaraq çölə çıxmışdır. O, isə Asdanəlidən onun qızını nə üçün söydüyünü irad tutaraq ona dəhlizə çıxmasını bildirmişdir. Sonra Asdanəli qapının ağzına çıxıb ondan üzürxahlıq etmək əvəzinə yaxşı edib söyüş söydüyünü bildirdikdə, o əsəbləşib əlində olan qalın ağac parçası ilə onun sağ gözaltı nahiyyəsinə və sağ qol nahiyyəsinə zərbə ilə vurmuşdur. Bu zaman Asdanəlinin sağ almacıq nahiyyəsindən qan axdığını görüb qorxmuş və evinə getmişdir. Sonradan bilmişdir ki, Asdanəli onun barəsində polis bölməsinə şikayət ərizəsi yazmışdır. Dava 1-2 dəqiqə çəkmiş, qonşulardan heç kim gəlməmişdir. O, dəfələrlə zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, zərərçəkmiş şəxs onu bağışlamayacağını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ərizə ilə məhkəməyə müraciət edərək barəsində amnistiya tətbiq edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən may ayında ondan 30 manat borc pul alıb 10 günə qaytaracağına söz vermişdir. Lakin bu müddət keçsə də, İlqar ondan aldığı borcunu qaytarmamış, həmçinin hər dəfə onu görəndə qaçıb gizlənməyə çalışmışdır. 20.10.2021-ci il tarixdə, saat 17 radələrində o evdən çıxıb zibil atmağa düşən zaman ikinci mərtəbədə qonşusu İlqarla rastlaşmış, həmin vaxt o İlqardan aldığı 30 manat borcu qaytarmasını tələb etdikdə, İlqar ondan borc almadığını demişdir. Həmin vaxt aralarında söz mübahisəsi baş vermişdir. Sonra o düşüb həyətə zibil ataraq yaşadığı evə getmiş və evdə olan zaman saat 19:45 radələrində evinin qapısı döyülmüş və gedib qapını açarkən qapını döyənin qonşusu Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bu zaman o evdən qapının önünə dəhlizə çıxmış və İlqarla aralarında söhbət edərkən İlqar əlindəki ağac parçası ilə onun sağ gözaltı nahiyəsinə və sağ qolunun dirsək nahiyəsinə vuraraq çıxıb getmişdir. Həmin vaxt onun üzü qanadığından evinə keçib təcili tibbi yardım çağırmışdır. Hadisə 1-2 dəqiqə davam etmiş, qonşulardan heç kim gəlməmişdir. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışmadığını bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 23.10.2021-ci il tarixli, 1435 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ dirsək oynağı nahiyyəsinin hərəkət məhdudluğu ilə müşayət olunmuş qançır-şişkinliyi, sağ almacıq və burun nahiyyəsinin sıyrığı, sağ gözaltı nahiyyənin və alt göz qapağının qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 20.10.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3662 saylı, 25.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 12 saylı MKS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 25.10.2021-ci il tarixli tələbanməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakı̇ m: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar