Məhkəmə qərarları › İş №1(060)-752/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-752/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-752/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, 01 dekabr 2025-ci il tarixdən həbsaxtarış qərarı icra olunaraq həbs olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixatrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,381 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamaqla daşımış, 18 avqust 2025-ci il tarixdə, saat 15:04 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,381 qram metamfetamin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edir. Özü fəhlə işləyib pul qazanır. Həmişə olmasa da düşəndə psixotrop maddələrdən istifadə edir. Dəqiq tarixi yadında deyil. 2025-ci ilin avqust ayının ortalarında Corat qəsəbəsində tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün bir büküm metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin gün günorta saatlarında Sumqayıt şəhərində Köhnə Kotec qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, özü könülü olaraq üzərində saxladığı bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Əməlindən peşimandır. Məhkəməyə çağırılmasından məlumatı olmadığı üçün məhkəmə hazırlıq iclasına gəlməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yəni ailə qurmasını, atasının xəstə olduğundan atasına da onun baxdığını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 15:04 radələrində ünvan 2 ünvanı yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş, o, əynində olan şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi tanımadığı şəxsdən 25 manata alıb və istifadə etmək məqsədi ilə üzərində saxlayıb. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,43 qram olduğu müəyyən olunmuşdur. O, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra psixotrop maddə olan metamfetaminin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilməklə öz istəyi ilə Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 ona müdafiəçi qismində təqdim edilmişdir. Bundan sonra baxışda işirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Bundan sonra baxışda işirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş şəffaf rəngli sellofan zərfi təqdim etmişdir. Həmin kağız zərfin içərisində saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman üzərindən 01 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Şəffaf rəngli sellofan zərfi açılaraq içərisində ki, 01 ədəd büküm elektron tərəziyə qoyulub çəkilmiş, bükümün çəkisi 0,43 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin psixotrop maddə digər ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, üzəri imzalanmışdır. Sorğu zamanı bir daha həmin psixotrop maddənin özünə məxsus olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 01 bükümünə cəmi 25 manat verməklə əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, ondan hər hansı şəxsə vermədiyini, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkət olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmədə qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2025ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Həmin gün saat 15:04 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanı yaxınlığında piyada keçən zaman videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmiş, həmin bükülüyə baxan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, qanunla qadağan edilmiş narkotik vasitə və ya digər maddə aşkar olunmamışdır. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə bənzər maddə təhqiqatçıya təqdim olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclaslarına gəlmədiyindən 12 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmudur. Axtaışda olan şəxsin tutulması haqqında protokoldan və Sumqayıt şəhər 4-cü polis bölməsinin 01 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs X8 oğlu 01 dekabr 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/741/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 128” möhür əksi, “Şübhəli şəxs : /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: /imza/ Q.M.Abbasov; Tərtib etdi:/imza/ S.A.Hacəhmədov” əl yazıları olan zərfdəki 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi: 0,381 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X12 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5123 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş “əmliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair" protokoldan görünür ki, əməliyyat müvəkilləri tərəfindən Təqsirləndirilən şəxs ünvan 2 ünvanı yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində metamfetaminə bənzər maddə təqdim etmişdir. Cinayət işinin materiallarında olan Diskə baxış keçirilməsi haqqında 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol ilə piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,43 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilir, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşyalara baxış keçirilməsini əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, təhqiqatçı Səyyad Hacəhmədov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Qoşqar Abbasovu təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı Şahid1 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içrisindəki bir ədəd bükümdə olan metamfetaminin ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, qanunla qadağa olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixatrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşiman olmasını məhkəmə yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 avqust 2025-ci il tarixdən 20 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 01 dekabr 2025-ci ildən 17 dekabr 2025-ci il tarixədək həbsdə qaldığı 17 gün, cəmi 19 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq,1 (bir) ay 8 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş şəbs qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Cahangirov Coşquy Yavər oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, Bakı küçəsi, ev 25, mənzil 119 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5123 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,331 qram psixatrop maddə olan metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cahangirov Coşğun Yavər oğlunun 18 avqust 2025-ci ildən 20 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 17 gün olmaqla, ümumilikdə 19 gün müddətin CM-in 68.1.1- 1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 1(bir) ay 8 ( səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, Bakı küçəsi, ev 25, mənzil 119 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,331 qram psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış ) manat təqsirləndirilən şəxs Cahangirov Coşğun Yavər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar