Məhkəmə qərarları › İş №1(060)-753/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-753/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-753/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə, təxminən saat 08:30 radələrində ünvan 3 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona ənsə nahiyyəsinin sağ hissəsinin dərialtı hematoması, ənsə nahiyyəsinin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, döş qəfəsinin ön səthinin sağ hissəsinin sıyrığı və sol gözaltı nahiyyənin qançırı xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Onunla 2003-cü ildə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 2004-cü il təvəllüdlü X3 və 2006-cü il təvəllüdlü X1 adında iki övladları vardır. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, son zamanlar qısqanclıq zəminində aralarında tez-tez münaqişələr yaranmışdır. 19.10.2021-ci il tarixdə təxminən saat 08:30 radələrində yaşadıqları ünvanda olduqları zaman onlar arasında yenidən qısqanclıq zəminində münaqişə yaranmışdır. Münaqişə zamanı Mehparə onun üzərinə qışqırmağa, uşaqların qarşısında ona hörmətsizlik etməyə başlamışdır. O, həmin vaxt Mehparənin hərəkətlərindən əsəbləşmiş, onun sifət nahiyyəsinə sillə zərbəsi ilə vurmuşdur. Mehparə yerə yıxılmış, o da ayağı ilə Mehparənin başına vurub ayağa qalxmasını bildirmişdir. Bundan sonra Mehparə evdən çıxıb getmiş və ondan Polis Bölməsinə şikayət etmişdir. Əməlindən peşmandır. Ona görə də onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. Onunla 2003-cü ildə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 2004-cü il təvəllüdlü X3 və 2006-cü il təvəllüdlü X1 adında iki övladları vardır. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, son zamanlar qısqanclıq zəminində aralarında tez-tez münaqişələr yaranmışdır. 19.10.2021-ci il tarixdə təxminən saat 08:30 radələrində yaşadıqları ünvanda olduqları zaman onlar arasında yenidən qısqanclıq zəminində münaqişə yaranmışdır. Münaqişə zamanı o, Tərlana hərəkətlərinə görə öz etirazını bildirərək artıq yaşlarının qısqanmaq üçün uyğun olmadığını demişdir. Lakin Tərlan onun sözlərinə heç bir məhəl qoymadan yaşadıqları ünvanda təpik zərbələri ilə onun baş nahiyyəsinə zərbələr vuraraq xəsarət yetirməyə başlamışdır. O da hadisə vaxtı xəsarət aldığı üçün PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 19.10.2021-cı il tarixli 1408 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində ənsə nahiyyəsinin sağ hissəsinin dərialtı hematoması, ənsə nahiyyəsinin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, döş qəfəsinin ön səthinin sağ hissəsinin sıyrığı və sol gözaltı nahiyyənin qançırı kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlər bərk küt alətin təsirindən yaranmışdır, müayinədən 1 günə qədər əvvəl olmaqla 19.10.2021-ci il tarixə uyğun gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və 02 yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 3648 nömrəli, 23.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Narkoloji Dispanserin 3647 nömrəli, 21.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmalı və barəsindəki cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar