Məhkəmə qərarları › İş №1(060)-753/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-753/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-753/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nəzərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan və Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nəzərabad kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BB026362” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, tarix və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B,C" kateqoriyalı 61 31 190458 nömrəli hüquq verən sürücülük vəsiqəsini və qeyd edilən hüquq verən saxta sürücülük vəsiqəsini təqdim etməklə 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 36 ünvanında yerləşən 1 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat imtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BB026362” nömrəli sürücülük vəsiqəsini 06 sentyabr 2023cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BC036325” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta təhsilini Naxçıvan MR, Babək rayonu, Didivar kənd tam orta məktəbində Azərbaycan dilində almışdır. 2009-cu ildən 2021 -ci il tarixinə kimi Milli Orduda hərbi qulluqçu kimi xidmət etmişdir. Xidmət etdiyi dövrdə Lənkəranda avtomobil idarə etmək üçün sürücülük məktəbini oxuyub 2 dəfə imtahan versə də, imtahandan uğur qazanmayaraq sürücülük vəsiqəsi əldə edə bilməmişdir. 2021-ci ildə müqaviləsi bitdiyindən xidmətdən xaric olunmuşdur. Daha sonra 2022-ci ildə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olmaq üçün gəlmişdir. Qərara gəlmişdir ki, Bakıda sürücülük vəsiqəsi əldə edib taksi fəaliyyəti ilə məşğul olaraq pul qazansın. 2022-ci ilin avqust ayında Abşeron rayonu, Xırdalan şəhəri, X4 yaxınlığında yerləşən çay evində əyləşib istirahət etmişdir. Bu vaxt əyləşdiyi masanın yaxınlığında bir nəfər şəxs də oturmuşdur. Həmin şəxslə tanışlığı olmamış, ancaq onunla tanışlıq üçün söhbətə qoşulmuş və birlikdə söhbət etməyə başlamışlar. Həmin şəxs adını ona Əli olaraq təqdim etmişdir. Söhbət əsnasında Əliyə bildirmişdir ki, sürücülük vəsiqəsi əldə edib taksi fəaliyyəti ilə məşğul olaraq evə maddi kömək etməlidir. Bir neçə dəfə sürücülük vəsiqəsi əldə etmək üçün imtahanlara qoşulsa da uğurlu nəticə əldə edə bilməmişdir. Əli adlı şəxs ona narahat olmamağı, sürücülük vəsiqəsi əldə etmək üçün imtahana və yaxud hər hansı sənədə ehtiyac olmadığını, köməklik edib onun üçün sürücülük vəsiqəsi təşkil edə biləcəyini bildirmişdir. Bunun müqabilində Əli ondan 300 (üç yüz) dollar pul istəmiş, o, Əlidən həmin pulu niyə istədiyini soruşduqda, Əli sənədləri hazır etmək üçün pul lazım olduğunu bildirmişdir. Əli ona sürücülük vəsiqəni 3 günə hazır edəcəyini, ASAN Xidmətdə rahatlıqla orjinal vəsiqə ilə dəyişə biləcəyini bildirmişdir. O da rəsmi dövlət orqanına müraciət etmədən üzərində 61 31 190458 nömrəli, RUS yazılı olan və B, C kateqoriyaları üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsini 3 gün müddətində, yəni 31 avqust 2022-ci il tarixində Əlidən Abşeron rayonu, Xırdalan şəhəri, Acces Bank ASC-nin qarşısında yerləşən Heydər Əliyev adına parkda əldə etmişdir. Əlidən əldə etdiyi saxta sürücülük vəsiqəsinin etibarlılıq müddətinin nəyə görə 2051-ci ilədək, yəni 30 illik olmasını sual etdikdə, Əli narahat olmamağı, problem olmayacağını ona bildirmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 36 ünvanında yerləşən 1 saylı Asan Xidmətə müraciət etmiş və saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək üçün həmin asan xidmətə təqdim etmişdir. Asan Xidmətdə ona 1 illik BB026362 nömrəli sürücülük vəsiqəsi təqdim edilmiş və saxta xarici sürücülük vəsiqəsi də ona geri qaytarılmışdır. Lakin, o əldə etdiyi vəqisənin saxta olmasını əvvəlcədən bilməmişdir, sonradan öyrənmişdir. O, ASAN Xidmət mərkəzindən çıxdıqdan sonra Heydər Əliyev adına parkda onu gözləyən Əli ilə görüşərək 300 dolları Əliyə təqdim etmişdir. Vəsiqənin saxta olması Asan Xidmət tərəfindən aşkar olunmamış, heç bir problem yaranmamışdır. xx.xx.2023-cü il tarixdə BB026362 nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyindən yenidən sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. 06 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 2 saylı Asan Xidmət mərkəzinə müraciət etmiş və saxta xarici sürücülük vəsiqəsini, habelə həmin saxta vəsiqə əsasında əldə etdiyi BB026362 nömrəli sürücülük vəsiqəsini həmin asan xidmət mərkəzinə təqdim edərək yenidən Azərbaycan Respublikasına məxsus BC036325 nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. Yeni sürücülük vəsiqəsi əldə etməsinə baxmayaraq asan xidmətdə ona bildirilmişdir ki, xarici sürücülük vəsiqəsi ilə bağlı yoxlama aparılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir. Yoxlama nəticəsində aşkar olmuşdur ki, onun Asan Xidmət mərkəzinə təqdim etdiyi xarici sürücülük vəsiqəsi saxtadır.O, heç vaxt Rusiya Federasiyasında olmamış, habelə sürücülük vəsiqəsi əldə etmək üçün Rusiyaya getməmişdir. Sürücülük vəsiqəsi əldə etmək üçün qanunvericiliklə tələb olunan sənədləri Əli adlı şəxsə təqdim etməmiş, Əli onun yalnız mobil telefonu ilə fotoşəkilini çəkmiş və ondan 300 dollar pul istəmişdir. Əli adlı şəxs rəsmi dövlət orqanı işçisi və ya sürücülük vəsiqəsi vermək üçün belə bir səlahiyyəti olan şəxs olmamışdır. Əli adlı şəxs tərəfindən ona sürücülük vəsiqəsi verilərkən nəzəri və praktiki sürücülük bilik və bacarıqları yoxlanılmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, əvvəllər uzun illər hərbiçi kimi ordu sıralarında xidmət etdiyini, 2020-ci il Vətən Müharibəsi zamanı Naxçıvan istiqamətində sərhəd zonasında xidmət aparmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 15 aprel 2024-cü il tarixli 5/376 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 61 31 190458 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 61 31 190458 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir. Cinayət işinin 77-ci vərəqəsində olan vahid Məlumat-Axtarış Sistemindən (VMAS) çıxarılmış “sərhədkeçmə” haqqında məlumatdan görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu vardır (№ C********). Sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs indiyə qədər olan müddət ərzində Azərbaycan Respublikası sərhədini keçərək Rusiya Federasiyası ərazisinə daxil olması halı müşahidə olunmamışdır. Cinayət işinin 10-11-ci vərəqələrində olan sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən və iş materiallarına əlavə edilib Azərbaycan dilinə tərcümə olunmuş sənəd surətindən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə saat 20:03:19-da aparılmış yoxlama zamanı xx.xx.2021 ci il tarixli 61 31 190458 nömrəli sürücülük vəsiqəsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan 12 mart 2024-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyi iki ədəd Azərbaycan Respublikasına məxsus BB026362 və BC03625 nömrəli sürücülük vəsiqələri götürülmüşdür. Cinayət işinin 4-5-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-129464/2023 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs xx.xx.1979-cu il, siyahı üzrə 7-ci şəxs) xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət etmişlər. Cinayət işinin 8-ci vərəqəsində olan sürücülük vəsiqəsindən görünür ki, 15 iyun 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs B və C kateqoriyalı 61 31 190458 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan DİN-in Baş X5 İdarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Cinayət işinin 16-17-ci vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikasının sürücülük vəsiqələrindən görünür ki, 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 illik etibarlılıq müddəti olan (xx.xx.2022-xx.xx.2023) B1, B, C1, C kateqoriyalı BB 026362 nömrəli, 06 sentyabr 2023-cü il tarixdə 1 illik etibarlılıq müddəti olan (xx.xx.2023xx.xx.2024) B1, B, C1, C kateqoriyalı BC036325 nömrəli sürücülük vəsiqələri verilmişdir. Cinayət işinin 96-103-cü vərəqələrində olan 29 iyul 2004-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli 61 31 190458 nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd, Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli BB 026362 nömrəli və xx.xx.2023-cü il tarixli BC 036325 nömrəli sürücülük vəsiqələri cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin 134-136-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs aid hərbi biletin surətlərindən görünür ki, o 1997-ci ildən 2021-ci ilə qədər müxtəlif vaxtlarda ordu sıralarında xidmətdə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, ekspert rəyi və digər iş materialları ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzrədə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, əvvəllər uzun illər hərbiçi kimi ordu sıralarında xidmət etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, əvvəllər uzun illər hərbiçi kimi ordu sıralarında xidmət etməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməli, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası, Babək rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli 61 31 190458 nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd, Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli BB 026362 nömrəli və xx.xx.2023-cü il tarixli BC 036325 nömrəli sürücülük vəsiqələri cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda 31 avqust 2022-ci ildə törədilmiş cinayət əməlinə görə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi və onun həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası, Babək rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli 61 31 190458 nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd, Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli BB 026362 nömrəli və xx.xx.2023-cü il tarixli BC 036325 nömrəli sürücülük vəsiqələri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. 31 avqust 2022-ci ildə törədilmiş cinayət əməlinə görə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi və onun həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar