Məhkəmə qərarları › İş №1(060)-755/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-755/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-755/2024 30.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Ağsu rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında hadisələrin təsadüfi axarı zamanı baş vermiş mübahisə zamanı sonuncuya sağ bazunun dərialtı hematoması xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16-17 radələrində Sumqayıt şəhəri, “H.Əliyev-Səməd Vurğun” küçələrinin kəsişməsində işıqforun qarşısında onu taksidə gözləyən övladı Şahid1 qarşısındakı oturacaqda əyləşmiş, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes C 180” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əyləşdiyi taksinin yanında saxlayaraq pəncərədən avtomobili yaşıl işıqda saxladığına görə onun ünvanına nalayiq ifadə səsləndirmişdir. O, əsəbləşib ondan nə üçün onu söyməsini öyrənmək üçün taksiyə onun avtomobilinin arxasınca sürməyi xahiş etmişdir. Sumqayıt Tibb Mərkəzinin qarşısında həmin şəxs avtomobili saxlayaraq aşağı enmişdir. O, övladı Şahid1 ilə birgə avtomobildən enmiş, ondan yaşda xeyli böyük olduğunu bildirərək ünvanına söydüyü söyüşün ona yaraşmadığını bildirmişdir. Bu zaman aralarında sözlü münaqişə baş vermiş, bu zaman onu əl zərbələri ilə vurmuşdur. Bu barədə DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən 16:40 radələrində Sumqayıt şəhəri, “H.Əliyev-Səməd Vurğun” küçələrinin kəsişməsində özünə məxsus “Mercedes C 180” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman qarşısında olan nəqliyyat vasitəsinin işıqforun yaşıl işığının yanmasına baxmayaraq hərəkət etmədiyini görmüşdür. Bu zaman həmin avtomobilə sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs sərnişin qismində gəlib əyləşdirmişdir. O, avtomobilini həmin avtomobilə paralel şəkildə saxlayıb pəncərədən əli ilə işıqforun qarşısında dayanmaq qadağan olduğunu bildirmişdir. Daha sonra sağa dönərək “H.Əliyev” prospekti istiqamətində hərəkətini davam etdirmişdir. Növbəti işıqforun qarşısında dayanan zaman həmin avtomobilin onu saxlatdırmaq istədiyini görmüşdür. O, avtomobili Sumqayıt Tibb Mərkəzinin qarşısında saxlamış, Təqsirləndirilən şəxs və onun yanında olan cavan oğlan avtomobildən düşərək yanına gəlmişdir. Təqsirləndirilən şəxs avtomobildə olan zaman onu nalayiq ifadələrlə təhqir etdiyini irad tutmuş, guya onu söydüyünü iddia edərək onu əl zərbəsi ilə vurmuşdur. O, dərhal DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Şikayəti yoxdur. Məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Şahid1 atası Təqsirləndirilən şəxs əleyinə ifadə vermək istəmədiyini bildirdi. Məhkəmə hesab edir ki, şahid qanunvericiliyin ona vediyi hüququndan istifadə edərək yaxın qohumuna qarşı ifadə verməyə bilər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə təhqiqat dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nın 1-ci bölüyünün polis nəfəri Şahid4 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2024-cu il tarixdə təxminən saat 16:45 radələrində 9139 çağırışlı avtopatrulda postaçı yoldaşları Cehyun Abbasov və Şahid3 ilə birgə xidmətdə olduqları zaman Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzinin qarşısında bir nəfər taşlı şəxsin başqa bir şəxsi döydüyünü görüb dərhal oraya yaxınlaşıb özlərini təqdim etmişlər və ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PBnə təmin etmişlər. PB-də həmin şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 elan olunmuş ifadələrindən görünür ki, Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazunun dərialtı hematoması xəsarəti vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən tyaranmışdir, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 8 saylı MKS tərəfindən verilmiş 734 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan və 735 nömrəli xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15, mənzil 18 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 4170 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş mateiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 358 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından fakt üzrə toplanmış materialda vətəndaş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-755/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1442 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar