Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-755/2025 05.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Müdafiəçilər Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürsounun vəkilləri X8 və X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X12 iştirakı ilə, X5 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və X12 Azərbaycan Respublikası CM-in 147-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxslər ona böhtan atmaqla barəsində cinayət işinin açılmasına nail olmuşlar. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-57/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, guya o, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanının qarşısında tanışı X9 ilə əvvəlcədən aralarında olan torpaq mübahisəsi ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Firəngiz Quliyevanın saç və qollarından tutub divara çırpmış və ona sağ bazunun orta 1/3-nin ön səthinin dərialtı hematoması, boynun sol yan səthinin aşağı 1/3-nin 2 (iki) ədəd sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək zərəçəkmiş şəxs Firəngiz Quliyevanın qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Lakin, məhkəmə baxışının nəticəsində ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfidən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. İşin bütün hallarını obyektiv araşdırmaqla və əlavə şahidləri də cəlb edərək dindirməklə məhkəmə haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübut olunmamış və barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökm apellyasiya və kassasiya instansiyalarında da qüvvədə qalmışdır. Lakin, ona qarşı irəli sürülən əsassız ittihamların kökündə Firəngiz və Familin ona böhtan atmaları durur. Onların yol verdikləri əməl CM-in 147-ci maddəsi ilə cinayət tərkibini yaradan əməldir. Göstərilənlərə əsasən X9 və X12 Azərbaycan Respublikası CM-in 147-ci maddəsilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və ona vurulmuş mənəvi ziyana görə hər isindən müştərək qaydada 50.000 (əlli min) manat məbləğində təzminat alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətinin məzmununa uyğun çıxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayətin əsassız olmasını bildirərək icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 şikayətin əsassız olmasını bildirərək icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi X10 şikayətin əsassız olmasını bildirərək icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi X15 bildirmişdir hazırki şikayətin icraata qəbul edilməsi üçün əsaslar yoxdur. Belə ki, şikayətin məzmunundan da göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hər hansı şəxsin dövlət qurumlarına etdiyi şikayəti böhtan kimi qiymətləndirir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına əsasən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hərəkətlərin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.6-cı maddəsinin imperativ tələbidir. Hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Firəngiz Qələmşah qızını ona görə ittiham edir ki, sonuncu onun barəsində şikayətlə hüquq mühafizə orqanlarına müraciət etmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, işə məhkəmədə baxılaraq təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. X14 isə ona görə ittiham edir ki, sonuncu yuxarıda qeyd edilən cinayət işi üzrə şahid kimi onun əleyhinə yalan ifadə vermişdir. X9 və X17 qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikası CMin 147-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki şikayət ərizəsi üzrə X5 və X12 əməllərində cinayət əlamətləri mövcud deyil. Belə ki, hər hansı şəxsin dövlət orqanlarına ərizə və şikayətləri ilə bağlı əməllərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yuxarıda da qeyd edildiyi kimi iş üzrə hazırlıq iclasında məhkəmə əmələ mahiyyəti üzrə qiymət verməsə də, ilkin olaraq şikayət verilmiş əməldə cinayət əlamətlərinin olubolmamasına mütləq diqqət yetirməlidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda, şikayət əsaslı olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirdikdə və işin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmənin icraatına götürülməsi mümkün ola bilər. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələlərin yoxlanılması olduqca əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır. Bu baxımdan hazırlıq iclası mərhələsində şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X11 və X8 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 03 saata görə 33 (otuz üç) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X5 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X11 və X8 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 03 saata görə 33 (otuz üç) manat (hər vəkil üzrə ayrıayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-755/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-755/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver