Məhkəmə qərarları › İş №1(060)-756/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-756/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-756/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X4 fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 04 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,150 qram, 0,050 qram, 0,115 qram ümumi təmiz çəkisi 0,383 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 06 (altı) ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,02 qram, 0,171 qram, 0,125 qram, 0,174 qram, 0,02 qram, 0,02 qram, ümumi təmiz çəkisi 0,530 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 09 mart 2024-cü il tarixdə, saat 13:00-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin və psixotrop maddə metamfatemin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o psixotrop maddələrdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə və psixotrop maddə almışdır. Evə gəldikdən sonra həmin narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün xırda bükümlərə ayırmışdır. 09 mart 2024-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu deyib onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibində olan bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm açılan zaman bükümün içərisində narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. O üzərindən aşkar olunmuş həmin maddələri saxlanıldığı gündən bir gün əvvəl Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə, psixotrop maddə çəkilmiş, xüsusi qadada qablaşdırlaraq götürülmüşdür. Daha sonra sənədləşə işləri olmuşdur. O, tərtib edilmiş sənədləri öz imzası ilə təsdiq etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və həyat yoldaşının hamilə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında Sumqayıt şəhəri, 17-ci məhəllə, H.Əliyev prospekti "xxxx"ın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələr əldə etmə, saxlama, istifadə etmədə və satışında şübhəli olduğunu bildirmişlər. Bununla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla X3 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisindən ayrı-ayrılıqda 10 ədəd kağız və sellofan bükümlər aşkar edilmişdir. Bükümlər ayrı-ayrılıqda açılan zaman 04 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 06 ədəd bükümdə isə içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitə və psixotrop maddələri saxlanıldığı gündən bir gün öncə 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər içərisindəki maddə ilə birlikdə ayrı-ayrlıqda və birlikdə tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefonda aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyində qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra heç bir müqavimət göstərməmiş və etiraz etməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin kiçik inspektoru Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində isə ümumilikdə 10 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bümlərin altı ədədinin içərisində psixotraop maddə metamfetamin, dörd ədədinin içərisində isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü təqdim etmiş, həmin sellofan büküm açılan zaman, bükümün içərisindən 10 ədəd kağız və şəffaf sellofan bükümlər aşkar olunmuşdur. Bükümlər ayrı-ayrılıqda açıldıqda 04 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 06 ədəd bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 10 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən narkotik vasitə heroinə bənzər kütlə olan bükümlərdən 1 -ci bükümün çəkisinin 0,18 qram, 2-ci bükümün 0,13 qram, 3-cü bükümün 0,19 qram, 4-cü bükümün 0,22 qram olması, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bükümlərdən 1-ci bükümün 0,36 qram, 2-ci bükümün 0,31 qram, 3-cü bükümün 0,07 qram, 4-cü bükümün 0,07 qram, 5-ci bükümün 0,38 qram, 6-cı bükümün 0,11 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu, “Azərsu”nun yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümlər xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər №125” dairəvi möhür əksi və “saxlanılan şəxs: Təqsirləndirilən şəxs- imza: üç- imza, Tərtib etdi: R.Məhərrəmov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04(dörd) ədəd bükümlərdə təmiz çəkisi - 0,068 qram, 0,150 qram, 0,050 qram, 0,115 qram, ümumi təmiz çəkisi - 0,383 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 06(altı) ədəd təmiz çəkisi 0,02 qram, 0,171 qram, 0,125 qram, 0,174 qram, 0,02 qram, ümumi təmiz çəkisi 0,530 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinlərin ümumi təmiz çəkisi - 0,383 qram, tədqiqata sərf edildi - 0,04qram (hər birindən 0,01 qram), qalıq - 0,343 qram. Metamfetaminlərin ümumi təmiz çəkisi 0,530 qram, tədqiqata cəmi sərf edildi 0,06 qram (hər birindən 0,01 qram), qalıq -0,470 qram. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir Cinayət işinin 98-99-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,343 qram çəkidə narkotik vasitə olan heroin və 0,470 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 4615 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Oruc oğlunun özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-383/2024 saylı saylı iş üzrə tutulduğu 04 (dörd) gün, həmçinin hazırki iş üzrə 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 saylı saylı hökmünə əsasən 02 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 4615 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,343 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(060)-383/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-383/2024 saylı iş üzrə tutulduğu 04 (dörd) gün, hazırki iş üzrə 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,343 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar