Məhkəmə qərarları › İş №1(060)-757/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-757/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-757/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.2004-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 avqust 2022-ci il tarixdə saat 05:20-də Sumqayıt ŞPİ-nin, PPXT-nin, 2-ci bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Səda Store” marketin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 05:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Səda Store” marketin qarşısında olan zaman polis avtomaşını onun yanında saxlamışdır. Həmin avtomaşının içərisində 02 (iki) nəfər polis əməkdaşı olmuşdur. O, üzərində narkotik vasitə olduğundan qaçmaq istəyən zaman polis əməkdaşları dərhal avtomaşından düşüb onu saxlamışlar və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Saxlanılan zaman onun üzərində az miqdarda narkotik vasitə olmuş, büküm deyildi, çünki yarısını çəkmişdir. Narkotik vasitəni həmin gün Bakı şəhərində dostugildə olanda hədiyyə vermişlər. Dostumun adı Rzadır. O Rzanın Razin deyilən ərazidə yaşadığını, lakin onun soyadını və ünvanını bilmədiyini bildirdi. O əməliyyatçılar tərəfindən döyülmüş və sağ qulağından xəsarət almışdır. 3 saylı İstintaq Təcridxanasına aparılanda müayinə olunan zaman xəsarətlər olduğunu görüb ondan soruşduqda tutulmamışdan əvvəl olduğunu bildirdiyini və şikayətinin olmadığını qeyd etmişdir. Sumqayıt ŞPİ-də polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat və ilkin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmiş və polis əməkdaşları tərəfindən saxlanılmamışdan 01 (bir) gün əvvəl Bakı şəhərində “20 Yanvar” metrosunun yaxınlığında olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manat dəyərində 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 21 avqust 2022-ci il tarixdə gecə saatlarında yuxu gəlmədiyindən həm biraz gəzməsi, həm də üzərində olan narkotik vasitə heroini istifadə etmək üçün evdən çölə çıxmışdır. Qeyd olunan tarixdə yəni, 21 avqust 2022-ci il tarixdə saat 05:20 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Səda Store” marketin qarşısında olan zaman polis avtomaşını onun yanında saxlamışdır. Həmin avtomaşının içərisində 02 (iki) nəfər polis əməkdaşı olmuşdur. O, üzərində narkotik vasitə olduğundan qaçmaq istəyən zaman polis əməkdaşları dərhal avtomaşından düşüb onu saxlamışlar və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus 01 (bir) ədəd narkotik vasitə olan heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis Bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin yalnız istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri işləyir, rütbəsi polis serjantıdır. 21 avqust 2022-ci il tarixdə təxminən saat 05:20 radələrində postaçı yoldaşı Sumqayıt ŞPİnin PPXT-nin 2-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 9177 çağırışlı AP avtopatrulunda Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində xidmət apararkən həmin ərazidə, İsmət Qayıbov küçəsində yerləşən “Səda Store” marketin yaxınlığında Təqsirləndirilən şəxs onları gördükdən sonra özünü şübhəli aparmasını müşahidə etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmək istəyəndə o, qaçmağa çalışmış, lakin biz onu saxladıq və ona özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərindən narkotik vasitə olan heroin olmasını bildirmiş, bundan sonra onu ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar və Şahid1 raportla bölmə rəhbərliyinə məruzə etmişdir. Polis Bölməsində xidməti otaqların birində kriminalist Elnur Qocayevin video görüntüyə alması və müdafiəçi Tahir Abbasovun iştirakı ilə təhqiqatçı Rəşad Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmiçinin ona əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, 20 avqust 2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 (on) manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldı, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Rəşad Məhərrəmov özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Sumqayıt ŞPİ-nin PPBT-nin polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Polis Bölməsinə gətirildiyini bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Sonra isə polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirir və onlar da özlərini təqdim edirlər. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olması görünür. Sonra isə həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin 0,42 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini 20 avqust 2022-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata alaraq istifadə etmək üçün üzərində saxladığını bildirdi. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4440 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N° 125” dairəvi möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə; Təqsirləndirilən şəxs-imza, iştirakçılar-iki imza, Təhqiqatçı: R.Məhərrəmov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,229 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 0,229 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,179 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 4701 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,229 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,179 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Corat qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4382022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barədə hökmü şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olduğundan Təqsirləndirilən şəxs İş materiallarında olan qeydiyyata alınmamış və hökm üzrə cəzanı çəkməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,229 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,179 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,179 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar