Məhkəmə qərarları › İş №1(060)-757/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-757/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-757/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 və onun vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X5, X16 və onların etibarnamə üzrə nümayəndələri və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X5 və X11 X9 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 və X16 xüsusi ittiham qaydasında şikayətlə X4 Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd etdiyi ünvanda ailəsi ilə və uşaqları ilə birlikdə yaşayır. Doğma bacısı X8 onun və qızının şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları insanlar arasında yaymış, həm də çalışmışdır ki, bunu ictimai yerlərdə, çox yığılan insanlar arasında, sosial şəbəkələrdə yaymış, onu ağır küçə söyüşləri ilə təhqir etmiş, özü, həyat yoldaşını və qardaşı Bəkiri bu işə cəlb etmişdir. “Odnoklassnik” şəbəkəsində qızının şəkillərini qoymuş, altından tərbiyəsiz sözlər yazmışdır. Bütün bunlardan başqa Osmanova Aygün qızının işlədiyi mağazaya bir neçə dəfə getmiş, qızını təqib etmiş, onu tərbiyəsiz söyüşlərlə söymüş, qızını onun əlindən qurtarmağa çalışsa da, arxasınca yenə gəlib söymüşdür. Bunlar hamısı video görüntülərdə var, lakin səssizdir, çox tərbiyəsiz söyüşlər olduğu üçün mağazanın rəhbərliyi tərəfindən verilmir. xx.xx.2022-ci il tarixində qızı Nasiyeva Sevda 102 xidmətinə müraciət edərək xalası Aygünün onun işlədiyi Sumqayıt şəhəri, 2 mkr ərazisində yerləşən “Fitoclub”a gələrək onu öldürməklə hədələməsi, təhqir etməsi barədə məlumat vermişdir. Belə ki, şikayətində bildirmişdir ki, xalası Aygün dükana daxil olmuş, onun ünvanına nalayiq ifadə bildirmiş, sözlə öldürməklə hədələmiş, niyə ölmədiyini soruşmuş, ona cavab qaytarmamış, xalası onu işləməyə qoymayacağını, işdən çıxartdıracağını demişdir. Xalası Aygün bundan əlavə, dəfələrlə, müxtəlif vaxtlarda onun iş yerinə gəlmiş, onu işdən çıxartdıracağını bildirmişdir. Nəticədə “Fitoclub”-un rəhbəri Məhərrəm Sanıyev xx.xx.2023-cü il tarixli 10/07 saylı əmrlə onu işdən azad etmişdir və bildirmişdir ki, ona problem lazım deyil. Bununla əlaqədar qızı 102 xidmətinə müraciət etmişdir. Osmanova Aygün dəfələrlə ona hücum etmiş, onun şəxsiyyətini, ləyaqətini alçaltmış, saçından tutub sürümüş, ona əxlaqsız sözlər demiş, bu günə qədər də ona qarşı olan hərəkətlərini davam etdirir. Bununla əlaqədar o, dəfələrlə Sumqayıt şəhər Pİ-nə müraciətlər etmiş, onlardan biri də 3-cü PŞ-ə edilən müraciətdir. Onu da qeyd edir ki, Osmanova Aygün qardaşı Bəkirin vasitəsilə də onun, qızı Nasiyeva Sevdanın, oğlu Nasiyev Müslümün şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, bacısı Osmanova Aygünün təhriki ilə qardaşı Rzayev Bəkir “Youtube”da qızının şəkillərini və telefon nömrələrini qoymuş, şəklin altından tərbiyəsiz, insana yaraşmayan sözlər yazmışdır. Ona hədə-qorxu gələrək şantaj etmiş, bildirmişdir ki, “qızın Sevdanı “Tik-toka” qoymuşam, oradakı videoları, yeni videoları göndərərəm bütün tanışlarıma (göndərir də), çölə çıxa bilməzsən utandığından, söz verirəm ki, siz Sumqayıtın ən məşhur cındırları olarsınız”. Daha sonra qızı barədə yazmışdır ki, “Sənin iş yerinə zəng edib, ya da yazaram ki, sən çox iyrəncsən”. Yazının altında isə olduqca ağır təhqir yazmışdır. Yuxarıda qeyd etdiyi kimi Osmanova Aygün bu işə qardaşını da cəlb etmiş, qardaşı X19 vasitəsilə oğluna çox iyrənc mesajlar göndərmişdir. +7 ***-***-**-** nömrəli telefondan oğlu Müslümə mesaj yazaraq “Nu i çevo tı dobilsya? Ya yişo neskolko akkauntov dobavil v yutube. İdi şlyuxa jaluysya yişo a ya yişo novıye akkauntu budu atkrıvat. Ya seyças v Tik-Tok dobavil eti dva video”. Bildirmək istəyir ki, bacısı Osmanova Aygün analarının yanında yaşamış, o, isə ailəsi ilə birlikdə kənarda yaşamışdır. Həyat yoldaşı ilə boşandıqdan, aralarındakı nikah ləğv edildikdən sonra isə anası onu öz yanına çağırmışdır. O, qızıllarını, qızına və ona məxsus geyim əşyalarını götürüb ora getmişdir. O, analarının yanına getdikdən sonra bacısı Osmanova Aygün onunla dava etməyə başlamış və evdən çıxmaqlarını tələb etmişdir, anası isə imkan verməmişdir. Belə olan tərzdə o, onun əşyalarını sındırmış, qızıllarını götürmüş, paltarlarının çox hissəsini gizlətmiş, hər gün evdə onunla və qızı ilə dava-dalaş, söz-söhbət salmış, ona və qızına hücum etmiş, onları döymüş və evi boşaltmaqlarını tələb etmişdir. Osmanova Aygün onlara böhtan ataraq bildirmişdir ki, anasını o və qızı Sevda öldürmüşlər. O, anasını evdən gizlincə apararaq öz qaldığı evdə saxlamış, onun onlarla görüşməsinə imkan verməmiş, onu onlara qarşı öyrətmişdir, halbuki anası qara ciyər çatışmamazlığından vəfat etmişdir. Dəfələrlə xəstəxanada yatmış, bacısı Osmanova Aygün anasına baxmamış, anası qan qusmuşdur. Osmanova Aygün onlara böhtan ataraq anasını onun və qızının öldürməsi barədə böhtan xarakterli məlumatlar yaymışdır. Yuxarıda qeyd etdiyi kimi özünün, həmçinin onun tərəfindən öyrədilmiş qardaşı Bəkirin və həyat yoldaşının iştirakı ilə onların, onun və qızı Sevdanın şəkillərini, telefon nömrələrini, müxtəlif video görüntülərini düzəldərək, guya qızı tanış olmağa kişi axtarır yazaraq “Tik-tok” və digər sosial şəbəkələrə qoyaraq çoxsaylı insanların arasında onları biabır etmiş, onlara böhtan atmış, şərəf və ləyaqətlərini ləkələmişlər. O və qızı dəfələrlə Sumqayıt Polis İdarəsinə, Pİ-nin 3-cü və 4-cü PB-nə şikayət ərizəsilə müraciət etmiş, şikayətlərini heç kim araşdırmamış, onun və onun qızının izahatını alaraq bildirmişlər ki, sübuta yetməmişdir. Çox qəribədir ki, Osmanova Aygün onları təhqir etmiş, şərəf və ləyaqətlərini alçaltmış, onlara böhtan atmış, buna qardaşı Bəkiri də cəlb etmiş və onlar öz namuslarına sığınıb onu məhkəməyə verməmişlər, ancaq o, məhkəməyə müraciət etmiş, artıq bu iş dözülməz hala çatmışdır. Onu da qeyd etmək istəyir ki, fotoşopla onun şəklini düzəldib, guya ki, o, Polis İdarəsində polislərin qarşısında bu vəziyyətdədir, whatsapla ona göndərmişdir. Onda olan məlumata görə digər şəxslərə də göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrini rəhbər tutaraq X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirlər. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və X16 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək icraata götürülüb baxılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi şikayət ərizəsində qeyd olunanları müdafiə edərək icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili X17 məhkəməyə etiraz ərizəsi təqdim edərək şikayətin icraata götürülməməsini xahiş etdi. Etiraz ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X5 və X2 Aygün Sədrəddin qızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdirlər. Osmanova Aygün barəsində verilmiş şikayəti əsassız hesab edir, şikayətə etiraz edir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Osmanova Aygünün bacısı Nasiyeva Mariyat və onun qızı Nasiyeva Sevda şikayətlərində qeyd etmişlər ki, guya Osmanova Aygün onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları ictimai yerlərdə yaymış və təhqir etmişdir. Bununla da o AR CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bildirir ki, qeyd olunan ittihamı təsdiq edəcək hər hansısa sübut məhkəməyə verilmiş şikayətlə birlikdə təqdim edilməmişdir. Təqdim edilmiş materiallar yalnız şəxsi yazışmalardan və kim tərəfindən paylaşıldığı müəyyən edilməyən sosial şəbəkələrdə paylaşılmış məlumatlardan ibarətdir. Belə olan təqdirdə müdafiə etdiyi şəxsin AR CM-in yuxarıda qeyd olunmuş müvafiq maddələrlə ittiham olunması xüsusi ittihamın əsas mahiyyətindən tamamilə kənara çıxır. X20 şikayətdə göstərilməli olan əsaslar qeyd olunmuşdur ki, həmin əsaslardan biri də xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsinin qeyd edilməsidir. Hazırkı şikayətdə AR CM-in 147-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi göstərilmiş, lakin dəqiq olaraq 147-ci maddənin hansı bəndi ilə Osmanova Aygünün ittiham olunması qeyd olunmamışdır. Şikayətdə X1 və qızını ictimai yerlərdə dəfələrlə təhqir etməsini bildirmişdir. Qeyd edilmişdir ki, Osmanova Aygün onun qızının işlədiyi mağazaya dəfələrlə getmiş, qızını təhqir etmiş, onu tərbiyəsiz söyüşlərlə söymüş, qızını onun əlindən qurtarmağa çalışsa da yenə də söyməyə davam etmişdir. X20 Ali Məhkəmənin şikayətin tərtibi ilə bağlı göstərişlərindən biri də cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsinin şikayətdə qeyd edilməsidir. Xüsusi ittiham qaydasında şikayət verən şəxslər Osmanova Aygünün hansı tarixdə, hansı ünvana gedərək məhz hansı söyüşlərlə onları təhqir etməsini dəqiq olaraq göstərməmişdir. Müddətin dəqiq göstərilməsi zərurəti cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməsinə gərək olub-olmamasmdan irəli gəlir. Törədildiyi yerin dəqiq göstərilməsi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün vacib rol oynayır. Həmçinin təhqirin məzmununun nədən ibarət olmasının həmin sözlərin təhqir olubolmamasının müəyyən edilməsi üçün linqvistik ekspertiza təyin olunması əsası ilə şikayətdə qeyd olunması mütləqdir. Hər şeydən önəmli də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən qeyd edilən əməlin törədilməsini təsdiq edən hər hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu vacib təfərrüatlara isə tərtib edilmiş şikayətdə riayət edilməmişdir. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmalıdır. Şikayətə əlavə edilən heç bir materialda həmin əməllərin məhz X8 tərəfindən törədilməsi, sosial şəbəkələrdə yayımlanmış yazıların məhz Osmanova Aygün tərəfindən orada paylaşılması heç bir halla öz təsdiqini tapmamışdır. Nasiyeva Mariyat Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində halları həm öz adından həm də qızı Nasiyeva Sevdanın adından qeyd etmişdir. Şərəf və ləyaqət subyektlərin şəxsiyyətindən ayrılmazdılar, şəxsiyyəti fərdiləşdirir. Buna görə də xüsusi ittiham qaydasında verilən şikayət hər şəxs barəsində ayrı-ayrılıqda təqdim olunmalıdır. Xüsusi ittiham qaydasında irəli sürülmüş şikayətin verildiyi tarix şikayətdə qeyd olunmamışdır. Bununla da xüsusi ittiham qaydasında verilmiş hazırkı şikayətdə AR CPMnin 293.3.6-cı maddəsinin tələbi pozulmuşdur. Halbuki şikayətin verildiyi tarixin qeyd olunmasının zəruriliyi Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında da göstərilmişdir. Həmçinin AR CPM-in 302-ci maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasdır. Bütün bunlar AR CPM-nin 302-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasdır. Cinayət qanunundan da göründüyü kimi, böhtan və təhqir cinayətinin törədilməsi üçün yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və.sda yayılmalı və ya şəxsiyyətin şərəf və ləyaqəti kütləvi çıxışlarda və.s-da nalayiq formada qəsdən alçaldılmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Lakin xüsusi ittiham qaydasında şikayət verən şəxslərin iş materiallarına əlavə etdikləri iki nəfər arasında olan yazışmalar kütləvi çıxış hesab olunmur. Bununla da, böhtan və təhqir cinayəti üçün hər hansı əsas yaranmır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X5 və X11 X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsi barədə konkret məlumat, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, eyni zamanda şikayət ərizəsinin tarixi qeyd olunmamış, şikayətdə X9 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onun Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməli törətməsinə dair dəlillər göstərilməmiş, Azərbaycan Respublikası CM-nin həmin maddəsində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147 və 148-ci olması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Bundan başqa şikayətdə X9 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, lakin Cinayət Məcəlləsində müstəqil olaraq məsuliyyət yaradan 147-ci maddə mövcud deyil, şəxsi qanuni əsaslar olduqda yalnız CM-nin 147.1 və ya 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb etmək ola bilər. Başqa sözlə xüsusi ittihamçılar X9 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin hansı bəndi ilə ittiham etmələri qeyrimüəyyəndir. Bundan başqa təqdim edilmiş sosial şəbəkələrdən çıxarışlardan görünür ki, yazışmalar iki şəxs arasında olmuş, hər hansı kütləviliyi əks etdirmir, digər məlumatları paylaşan şəxsin isə məhz X7masını təsdiq edəcək əsaslandırıcı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 və X11 X9 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar