Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-76/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Qızılqaya qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:. Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs ona istifadə etmək üçün özünə məxsus istifadə etmədiyi bank kartını verdikdən və istifadəsində olan bütün kartlarının şifrəsinin eyni olmasını dedikdən sonra özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə yuyucu işlədiyi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “07” avtomobil yuma yerində olduğu zaman Zərərçəkmiş şəxs telefonunu enerjiyə qoşmaq məqsədi ilə “Mercedes E240” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomaşının açarını alaraq avtomaşının qol altı yerində olan sonuncuya məxsus 524375******3931 nömrəli "xxxx" kartını gizli olaraq götürərək həmin gün saat 12 radələrində Sumqayıt şəhəri, ünvanda yerləşən Sumqayıt 40-cı məhəllə ərazisində yerləşən UniBanka məxsus bankomat vasitəsi ilə qeyd olunan kartdan elektron məlumat daşıyıcılarından istifadə etməklə 2884 manat pul vəsaitini çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2884 (iki min səkkiz yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, təxminən 2022-ci ilin payız aylarından Sumqayıt şəhəri ərazisində yerləşən avto yuma məntəqəsində işləmiş və gecələr orada qalmışdır. Sonuncu dəfə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən, Elçin adlı şəxsə məxsus avtoyuma məntəqəsində işləmiş, Elçinlə aralarında yaxşı münasibətləri yaranmışdır. Sonradan Elçin ona boş bank kart vermiş və bildirmişdir ki, “saxla özündə pullarını oraya yığarsan” həmin kartı götüdükdə Elçindən kodunun neçə olduğunu soruşmüş və o, “bilirsən də mən yeddi rəqəminin xəstəsiyəm ona görə də kartda da kod 0707-dir” demişdir. Həmin kartı özündə saxlamışdır. Sonradan Elçinin idarə etdiyi Mercedes markalı avtomobildə qoltuq altında kart olduğunu görmüşdür. Buna görə də həmin kartı oğurlamaq və oradan pul çıxararaq şəxsi ehtiycları üçün xərcləmək qərarın gəlmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində Elçin avtoyuma məntəqəsinə gəlmiş, sonuncu ilə söhbət etdikləri zaman ona məxsus bank kartını avtomaşından götürmək və içərisində olan pulları oğurlamaq qərarına gəlmişdir. Onda məlumat olmuşdur ki, Elçin həmin karta özü üçün pul yığır. Buna görə də Elçindən avtomobilin açarını istəyərək, telefonunu onun maşınında enerjiyə qoşacağını söyləmiş, Elçin açarı ona vermiş və o, avtomobilin qoltuq altı yerində olan Beynəlxalq Bank kartını götürmüş, öz planını reallaşdırmaq üçün məntəqədən çıxıb getmiş, lakin Elçin orada qalmışdır. Sumqayıt şəhər hərbi komissarlığın yaxınlığında olan bankomatdan həmin bank kartından 2890 manat pul çıxartmış və həmin pulu özü ilə götürüb oradan çıxıb getmişdir. Həmin pulla Bakı şəhəri, Əcəmi metrostansiyası yaxınlığından özünə 100 manata “Redmi” markalı telefon, paltar almış, qalan pulları isə restoranlarda xərcləmişdir. Sonradan polis əməkdaşları onu müəyyən etmişlər və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Əvvəllər heç vaxt belə bir hadisə törətməmişdir, oğurluq hadisəsini tək törətmiş, bunun üçün ona heç kim köməklik etməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı övladının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərəçəkmişə vurmuş olduğu ziyanı hələ ibtidai istintaq dövründən özünə məxsus olan Göygöl rayonunda yerləşən mənzilini satmaqla tam olaraq ödəmişdir. Baxmayaraq ki, Göygöl rayon İHB Qızılqaya qəsəbə İƏD üzrə nümayəndəsi onun hal-hazırda həmin qəsəbədə yaşamaması barədə arayış vermişdir, o bunu təkzib edərək özünün ailəsi ilə birlikdə həqiqətən də həmin qəsəbənin Yeddinci sovxoz deyilən ərazisində 2 mərtəbəli binanın 5 saylı mənzilində yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, bir neçə müddətdir ki, Sumqayıt şəhəri Çerkasi küçəsində avtoyuma məntəqəsi işlətmişdir və həmin məntəqədə Sübhan adlı işçisi olmuşdur. Sübhan bir neçə gün yanında işləmiş və çox vaxt özü də həmin avtoyuma məntəqəsində olmuş və Sübhana köməklik etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sübhanla həmin yerdə söhbət etdikləri vaxt ona, pullarını bank kartında saxlamasını və belə olduqda daha rahat olacağını bildirmişdir. Sübhan kart açdırmaqdan başı çıxmadığını uzun və çətin iş olduğunu dedikdə, ona boş bank kartı vermiş və o həmin kartı götürüb kodunun neçə olduğunu soruşduqda ona “sən bilirsən də mən yeddi rəqəmini çox sevirəm və ona görə də bu karta da sıfır yeddi, sıfır yeddi kodu qoymuşam” demişdir. Bir qədər sonra Sübhan ondan maşınının açarını istəmiş və telefonunu avtomobildə enerjiyə qoyacağını demişdir. Sonuncu avtombilin açarını ona vermiş, bundan sonra Sübhan gedərək avtomobildə əyləşmiş və bir qədər sonra Sübhanın geri qayıtmadığını görüb avtomobildə baxdıqda sonuncunun avtomobildə olmadığını görüb ətrafa baxsa da tapa bilməmişdir. Düşünmüşdür ki, harayasa getmişdir, bir azdan qayıdacaqdır. Lakin, bir qədər sonra mobil telefonunda olan bank tətbiqinə mesaj gəlmiş və həmin mesaja baxdıqda özünə məxsus bank kartında olan 2887 manat puldan 3 manat qaldığını qalan pulun çıxarıldığını görmüşdür. Sübhanın kartıında olan pulları oğurladığını düşünmüş və dərhal avtomobilə baxmış və qol altı saxlanc yerinə qoyduğu bank kartının yerində olmadığını gördükdə başa düşmüşdür ki, həmin kartı Sübhan oğurlayaraq içərisində olan ümumilikdə 2884 manat pulu çıxararaq ələ keçirmişdir. Ona ümumilikdə 2884 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sonuncunu himayəsində övladı vardır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, ona qarşı dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə Şahid 16 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan davam etdirilməsinə xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, o, Sumqayıt şəhəri, Çerkassi küçəsində avtoyuma məntəqəsi işlədir və bəzən kömək kimi Elçinin yanında işləmişdir. Təqsirləndirilən şəxs Elçinin işlətdiyi avtoyuma məntəqəsindən tanımışdır. xx.xx.2023-cü il tarixdə Elçin naharat bir şəkildə ondan Sübhanı görüb-görmədiyini soruşmuş və ona görmədiyini deyib nə baş verdiyini soruşduqda o, Sübhanın avtomobildə qol altı yerində olan bank kartını xəbərsiz götürüb kartda olan pulları çıxarıb oğurladığını demişdir. Birlikdə Sübhanı axtarsalar da tapmamışlar, Elçin bu barədə əvvəlcə DİN-nin 102 xidmətinə daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sonradan polis əməkdaşları Sübhanı tapmış və Sübhan törətdiyi oğurluq hadisəsini etiraf etdi. Təqsirləndirilən şəxs bundan başqa hər hansı oğurluq hadisəsi törətməsi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 aprel 2023-cü il tarixdə, saat 16:35 dəqiqədə tutulmuşdur (i.v. 32-33); Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə CM-nin 177.2.3-1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 45-46) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 53-54); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 55- 56); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə ona məxsus **-DD-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomaşına baxış keçirilmişdir. Bu barədə fotoşəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. (i.v. 6-7) “götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğu UniBank ASC-dən əldə etdiyi 524378*****3931 nömrəli kart hesabı ilə əlaqədar bank çıxarışını təqdim etmişdir. (i.v. 9-11) “baxış keçirilməsi barədə” 15 aprel 2023-cü il tarixli protokolundan görünür ki, 02 ədəd kağız vərəq üzərinə "xxxx" ASC-nin Sumqayıt şəhər filialından alınmış xx.xx.2023-cü il tarixli çıxarışda Zərərçəkmiş şəxs məxsus 524375******3931 nömrəli bank kartından xx.xx.2023-cü il traixdə ardıcıl olaraq 2000.0, 30.00, 800.0, 12.00, 40.0, 2.00 manat olmaqla ümumilikdə 2884 (iki min səkkiz yüz səksən dörd) manat pulun nağdlaşdırılması qeyd edilmişdir. (i.v 66) xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, o, əvvəlcə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “07 Avtoyuma” avtoyuma məntəqəsində olan zaman özgənin əmlakını talama məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs məxsus Çerkassi küçəsində dayanmış “Mercedes E-230” markalı, **-DD-*** nömrə nişanlı avtomobildən sonuncuya məxsus bank kartını necə oğurladığını, daha sonra isə həmin kartdan harada pul çıxartdığını göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Bu barədə fotoşəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. (i.v. 70-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 74); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, sonuncu uzun müddətdir ki, həmin qəsəbəbə yaşamır (i.v 72). İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü Ümid Abbasov adlı övladı var (i.v. 72) “sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 2884 manat miqdarında olmuş, "xxxx" ASC-nin çıxarışı maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 79-82); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.2.3-1 maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarı) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsə qarşı dəymiş ziyanı könüllü olaraq hətta ibtidai istintaq dövründə ödəməsini, Zərəçəkmişin ondan heç bir şikayət tələbinin olmamasını və himayəsində 01 (bir) azyaşlı uşağının olması CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsə qarşı dəymiş ziyanı könüllü ödəməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 01 (bir) azyaşlı uşağının olması, əməlini yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində və 10 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixə qədər həbsdə olduğu 22 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqi cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxsun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində sonuncuya elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göygöl rayonu və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə həmin orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və sonuncunun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək, 10 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixə qədər həbsdə olduğu 22 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Göygöl və Gəncə rayonunlarının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun İş üzrə maddi sübut- "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqi cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-76/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-76/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver