Məhkəmə qərarları › İş №1(060)-76/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-76/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-76/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs Miriyeva (Cümşüdlü) Elmira Canpolad qızının, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, avtomobillərin təmiri ustası işləyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 09 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsədən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.20108-ci il təvəlülü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutulub Miriyeva (Cümşüdlü) Elmira Canpolad qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(060)- 1422/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 dekabr 2023-cü il tarixədək zərərçəkmiş şəxs Miriyeva (Cümşüdlü) Elmira Canpolad qızına 10800,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Miriyeva (Cümşüdlü) Elmira Canpolad qızı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Nərgiz Cümşüdlü və xx.xx.2018-ci il təvəllüdlü Fəridə Cümşüdlü doğulmuşdur. Evləndikdən sonra Elmira ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Elmira nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 22 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq X1 ödəməlidir. Bu barədə icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraya yönəldilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə aliment borcundan cəmi 1440,00 manat ödəniş etmişdir. Ödəniş qəbzlərini istintaqa təqdim edəcəkdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra idarəsinin protokoluna əsasən Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda avtomobillərin təmiri ustası işləyir. Aylıq qazancı 600,00 manat olur. Qalıq aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. O, 10800 manat aliment borcundan 800 manat məbləğində pulu istintaq zamanı zərərçəkmiş şəxsə ödənilməsi üçün müstəntiqə vermiş, lakin, müstəntiq tərəfindən pul zərərçəkmiş şəxsə ödənilmədiyi üçün həmin pul vəsaitini geri almış və borcundan 500 manat məbləğində zərərçəkmiş şəxsə ödəniş etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Miriyeva (Cümşüdlü) Elmira Canpolad izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Nərgiz Cümşüdlü və xx.xx.2018-ci il təvəllüdlü Fəridə Cümşüdlü doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Orxan uşaqları ilə maraqlanmamışdır. Həmçinin, bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs maşın ustası işləyir. Aylıq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs 10800 aliment borcundan cəmi 500,00 manat ödəniş etmiş, eyni zamanda cinayət işi başlandıdan sonra aylıq aliment ödənişlərini vaxtında ödəmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Qeyd edir ki, əsas istəyinin borclu tərəfindən ona olan aliment borcunun ödənilməsidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(060)-1422/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin, Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1683/2023 nömrəli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-828/2023 nömrəli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə O.Cümşüdov tərəfindən öhdəlik tam yerinə yetirilməmiş, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 11280,00 manat ödənilməli olan aliment pulundan cəmi 480,00 manat ödəniş edilmiş, 10800,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Digər şahid Fizuli rayon icra şəbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələr elan edilmişdir. O, Sumqayıt şəhəri üzrə icra idarəsinin məmuru Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v.1-2); 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 144) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 171-175); “Qətimkan tədbirinin seçilməsi” haqqında 09 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 176); Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 22 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq X1 ödəməlidir. (i.v. 15) xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qeyd olunan icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana “xəbərdarlıq” məktubları göndərilmişdir. (i.v. 43, 56) xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana “cinayət məsuliyyətinə cəlb olunma haqqında” xəbərdarlıq məktubu göndərilmişdir. (i.v.125) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cümşüdlü X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 87-92) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-828/2023 nömrəli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 112-114) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 193) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.151-152); Sumqayıt şəhəri 22 saylı MKTİB-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. (i.v 105). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinin, habelə icra işinin bütün icra sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 184-187) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 381 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs mərhum atası xx.xx.1967-ci il təvəllüdlü əsgər X7 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.1994-cü il tarixdən əsgər X8 “şəhid” hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında, o cümlədən “Ailə Məcəlləsində” uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, yığılmış aliment borcundan qismən ödənişlər etməsini, Təqsirləndirilən şəxs mərhum atası xx.xx.1967-ci il təvəllüdlü əsgər X2 şəhid olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxsun icra sənədi üzrə yığılmış aliment borcunun miqdarını, həmin aliment borcunundan məhkəmə istintaqı dövründə qismən ödəniş etməsini, cəzasını yüngülləşdirən halları - xüsusən himayəsində 02 azyaşlı övladının olmasını, atasının şəhid olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətmiş olduğu cinayətə tənqidi münasibətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, indiki halda daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçün isə Cinayət Məcəlləsinin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2 və 3-cü bəndlərində müəyyən edilmiş, nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Hazırki cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə olan məhkəmə hesab edir ki, daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası birmənalı olaraq mümkünsüz olacaqdır. Həmçinin məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə icra edilməyən qətnamə pul məbləği ilə əlaqədar olduğundan, pul məbləğini ödəyə bilməyən şəxsin cərimə cəzasına məhkum edilməsi lüzumsuz olar. Bu eyni zamanda maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza olduğundan şəxsin islah olunması üçün heç bir effektiv təsiri olmayacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar da olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Bununla da cəzanın məqsədlərinə də nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərlərinin, o cümlədən Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxsa təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri Regional Vəkil Bürsosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun həmin məcəllənin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar