Məhkəmə qərarları › İş №1(060)-761/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-761/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-761/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X10 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Qubadlı rayonu, Yuxarı Mollu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istifadəsi üçün satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,641 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02.00 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, 29A/18 nömrəli binanın yanında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilib və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,641 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Şamaxinka adlanan yerə getmiş və orada tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün narkotik vasitə alaraq əynində olan gödəkçəsinin cibinə qoyaraq Sumqayıt şəhərinə gəlmiş və Sumqayıt şəhəri 8-ci mikrorayonda təmir sexinə gedərək orada təmir olunan avtomaşınına baxıb bir qədər sonra yəni saat 02 radələrində öz yaşadığı evə getdiyi zaman 8-ci mikrorayon ərazisində polis əməkdaşları ona yaxınlaşaraq ondan narkotik vasitə istifadə edib etmədiyini və üzərində olub-olmamasını soruşduqda o, narkotik maddələr qəbul etdiyini və eləcə də halhazırda da üzərində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynindəki gödəkçənin cibində saxladığı içində heroin olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılaraq tərəzidə çəkilmiş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən həqiqətən peşman olduğunu, artıq narkotikdən uzaq olduğunu, reabilitasiya mərkəzində qoşulduğu 6 aylıq müalicə kursundan 4 ayını başa vurduğunu, evli olmaqla arvadının hazırda hamilə olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində PPXT-nun əməkdaşları Şahid1 və Şahid3 ilə birlikdə xidmətdə olduqları zaman Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29A/18-in yanında bir nəfər şəxsin onları görüb özünü qəribə apararaq kənarlaşmağa çalışdığını görərərk ona yaşnlaşanda davranışından narkotik maddələrin təsirində olduğundan şübhələnib onun özündən soruşduqda o, bunu etiraf etmiş və ona üzərində narkotik maddə olub-olmamasını soruşduqda, üzərində narkotik maddə olduğunu bildirmişdir. Buna görə də onu üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı Elşad Məmmədov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 1-ci PB-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi, dəvət edilən vəkili təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim edərək içində heroin olduğunu bildirmiş, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan maddənin heroin olduğunu, heroini Bakı şəhəri, Şamaxinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm tərəziyə qoyulub çəkilərək sənədləşdirilmişdir. Məhkəmədə Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2373 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №-125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Qeyd: Heroinin təmiz çəkisi-0,641 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,591 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2960 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İİ-nömrəli 289921 seryalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X12 ilə xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar və X1 qəbul etmişdir. İş materiallarında olan “X17” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 376/23 saylı arayşdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində "xxxx" QSC klinikasında həkim-ginekoloq müayinəsində olmuşdur. Həkim tərəfindən xəstəyə “26 həftəlik hamiləlik. Erkən düşük təhlükəsi” diaqnozu qoyulmuşdur. X4 direktoru C.Salmanov tərəfindən imzalanaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən əziyyət çəkdiyi “asılılıq” sindromunun müalicəsi üçün X6 müraciət etmiş və Novxanı qəsəbəsində yerləşən mərkəzdə 6 aylıq sosial-psixoloji reabiltasiya proqramına daxil edilmişdir. O hal-hazırda stosianar şəraitdə müalicə alır. Elşad Məhərəmov reabilitasiyada olduğu müddətdə özünü nümunəli aparmış, psixoterapevtlərin, məsləhətçilərin və digər pasientlərin rəğbətini qazanmışdır. Ona verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirib. O, əvvəlki əməllərindən peşman olduğunu və sağalmaq istədiyini dəfələrlə deyib və əməli ilə göstərib. Onun müalicə dövründən sonra cəmiyyətə-ailəyə tam sağlam düşüncəli, xeyrli və yararlı bir vətəndaş kimi qayıtmaq şansı böyükdür. Müraciətdə Təqsirləndirilən şəxs müalicəsinə imkan yaratmaq və müalicədən sonra da reabilitasiya proqramı ilə yaşamasına kömək edilməsi xahiş olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşiman olmasını, hazırda arvadının 26 həftəlik hamilə olmasını və “asılılıq” sindromunun müalicəsi üçün X5 müalicə almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlindən peşiman olması, arvadının 26 həftəlik hamilə olmasını “asılılıq” sindromunun müalicəsi üçün X5 müalicə almasını və üzərindən aşgar olunmuş narkotikin növü və miqdarı nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 02 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,591 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,591 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar