Məhkəmə qərarları › İş №1(060)-762/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-762/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-762/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlunun iştirakları ilə xx.xx.1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 23.08.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 19.06.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayit şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında onlayn (online) qaydada baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 450,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq onu üzərində saxlamış, 17 avqust 2021-ci il tarixdə saat 15:10 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı orta məktəbin yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən sağ qolunun altında saxladığı üzərində «Levis» sözü yazılmış göy rəngli sellofan torbanın içərisindən 450,0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən istifadə edir, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 07.05.2021-ci il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. 17.08.2021-ci il tarixdə o, şəxsi işi ilə əlaqədər olaraq Bakı şəhərinə getmiş, «20 Yanvar» dairəsi yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 400 manata bir ədəd sellofan bağlamada qurudulmuş marixuana almış və Sumqayıt şəhərinə qayıtmışdır. 17.08.2021-ci il tarixdə saat 15:10 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, sağ qolunun altında saxladığı üzərində «Levis» sözü yazılmış göy rəngli sellofan bağlamanı təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır və onu 17.08.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında tanımadığı şəxsdən 400 manata özü istifadə etmək üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 460,0 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı 17.08.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 400 manata özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ildən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17.08.2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, kiçik inspektor Şahid3 və Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 15:10 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Tahir nə üçün saxlanıldığını soruşmuşdur. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən onlar tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 3-cü PB-nə dəvət etmişlər. Tahir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Elnur Qocayev panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı hüquq bürosunun vəkili X4 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ qolunun altında saxladığı üzərində «Levis» sözü yazılmış göy rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bağlamanın içərisində nə olduğu soruşulduqda o, bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin bağlamaya baxarkən içərisindəki ağ rəngli sellofan torbada kəskin iyli, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 Yanvar dairəsi» adlanan ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 400 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və kağız parçası olan qara rəngli pul kisəsini, şalvarının sol yan cibindən 01 ədəd «Prima» markalı siqareti, 01 ədəd alışqanı, şalvarının sol arxa cibindən isə dəsmalı çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bağlamada olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 460,0 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Şahid Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18.08.2021-ci il tarixli, 7/802 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs…» yazısı və imzalar olan göy rəngli polisetilen bağlamadakı 01 (bir ) ədəd sellofan torbada təmiz çəkisi 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələ olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi-450,0 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq-449,8 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 01.11.2021-ci il tarixli, 4245 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 23.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 19.06.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə 17.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 17 avqust 2021ci il tarixdən hesablanmaqla barəsində 17 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 10.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti onun məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 30.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,8 qram çəkidə narkotik vasitə olanqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli (iş № 1(060)-762/2021) qərarını icra edərək, 22noyabr2021-ci il tarixli 1447/2021 saylı orderə əsasən vəkil Müdafiəçi Boris oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi Boris oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,8 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlunun göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar