Məhkəmə qərarları › İş №1(060)-762/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-762/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-762/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il Rusiya Federasiyası, Krosnadar vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Dənizçilər küçəsində fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(060)-526/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1,241 qram çəkidə, kustar üsulla hazırlanmış, psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən, 01 may 2024-cü il tarixdə, saat 14:25-də, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisində saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə 1,241 qram çəkidə kustar üsulla hazırlanmış, psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,829 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB- nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 10 may 2024-cü il tarixdə, saat 12:20-də, Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən 4 saylı şəhər Xəstəxanasının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə 0,829 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14:25 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, 20 yanvar küçəsi ərazisində olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu axtarışda olduğu üçün saxladıqlarını bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. O, yolda polis əməkdaşlarına üzərində narkotik vasistə olduğunu demişdir. Bu səbəbdən Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı zamanı ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibindən 01 ədəd bükümü təqdim etmiş, içərisində patı, yəni psixotrop maddə olan metamfetamin olduğunu, onu səhər saatlarında 20 Yanvar ərazisində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində psixotrop maddə metamfetamin kütləsi aşkar olunmuşdur. Psixotrop maddə çəkilmiş, xüsusi qaydada qablaşdırlaraq götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 12:20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən 4 saylı xəstəxananın yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitə ilə bağlı şübhəli olduğunu bildirmişlər və bu səbəbbdən də onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı zamanı ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir ədəd bükümü təqdim etmiş, içərisində şüşə, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunmuş büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmişdir. Bundan sonra büküm zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra o, təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni, tanımadığı şəxsdən, Xəzər bağları ərazisində, öz istifadəsi üçün 15 manata aldığını bildirmişir. O, saxlanılarkən və daha sonra heç bir təsir və ya təziqə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 34-cü məhəllə 20 yanvar küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər, onun barəsində axtarış olmasını bildirmişlər və bu səbəbdən də onu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. Yolda Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Ona görə də bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan kütləni təqdim edərək trop maddə olan metamfetamin olmasını bildirmişdir. Aşkar olunmuş büküm açılmış və içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni səhər saatlarında 20 Yanvar ərazisində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra heç bir müqavimət göstərməmiş və etiraz etməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan olan şalvarın cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində ağ rəngli, kristalik formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə, günorta saatlarında, Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, istifadəsi ilə bağlı saxladıqlarını bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparəlmaqıa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində istifadəsi, daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd bükümdə olan maddəni təqdim etmişdir. Aşkar olunmuş 1 ədəd büküm açılmış, bükümün içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddəni Xəzər bağları ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Şəxsi axtarışla bağlı müvafiq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 132-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,99 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli kağız bükümü təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,46 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2647 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N128” dairəvi möhür əksi,” (imza) Əhmədov” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,829qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 0,829 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,779 qram. Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №126” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs ...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,241 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 1,241 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 1,191 qram. Cinayət işinin 106-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 211-221-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,779 qram və 1,191 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3330 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndiirlməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(060)-439/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(060)-526/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza iləqismən toplanılmış və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu ümumilikdə 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini təkrarən törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdırna halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(060)-526/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplanılaraq ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu ümumilikdə 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(060)-526/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-439/2024 və 1(060)-526/2024 saylı cinayət işləri üzrə tutulduğu ümumilikdə 03 (üç) gün, həmçinin hazırki iş üzrə 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək və 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün, ümumilikdə 07 (yeddi) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3330 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,779 qram və 1,191 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(060)- 526/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-439/2024 və 1(060)-526/2024 saylı cinayət işləri üzrə tutulduğu ümumilikdə 03 (üç) gün, həmçinin hazırki iş üzrə 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək və 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün, ümumilikdə 07 (yeddi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,779 qram və 1,191 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar