Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-765/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator işləmiş, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,306 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 22 may 2025-ci il tarixdə, saat 23:10-da Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, məhəllə 41 A-da yerləşən 5B saylı yaşayış binasının yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,306 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xatırlamadığı vaxtda Sumqayıt şəhərində “Göyərçin” deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o, Sumqayıt şəhərinə metamfetamin götürməyə gəlmişdi. Ona deyilən yerdən metamfetamini götürdükdən sonra polis əməkdaşları onun qarşısını kəsib onu saxlamış, o da metamfetamini təqdim etmişdir. O, metamfetamini şəxsi istifadəsi üçün 10 manat ödəməklə almışdı. O, tutulmazdan 7-8 ay əvvəldən metamfetamin istifadə etməyə başlamışdır. Həmçinin, bildirmişdir ki, o, 44 günlük Vətən müharibəsində iştirak etmiş, müharibədə Qrad mərmisinin partlaması nəticəsində yaralanmışdır. Daha sonra diz qapağından üç dəfə əməliyyat olunmuşdur. 4cü dəfə əməliyyata hazırlaşarkən həbs edilmişdir. Onun dizində diz qapağı yoxdur və çarpaz bağları qırılmışdır. Metamfetamini də dizində, həmçinin başında ağrıları olduğu üçün istifadə etmişdir. Son söz olaraq o, ilk dəfədir ki cinayət törətdiyini, səhv etdiyini və əməlindən peşman olduğunu bildirmiş, məhkəmədən xəstəliyinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərar əsasında o, əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:10-da Sumqayıt şəhəri, 41A məhəllə, ev 5B-nin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona nəyə görə saxlanıldığı bildirilmiş, bundan sonra ona üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarının sağ yan cibində 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxan zaman içərisində metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddəni Abşeron rayonu, Xırdalan qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, bundan sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,44 qram olması müəyyən edilmiş, bundan sonra müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs 5-ci Polis Bölməsinə aparılmış və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Polis bölməsində ona hüquq və vəzifələrinə dair bildiriş və müdafiəçi təqdim olunandan sonra üzərində axtarış keçirilmiş, ancaq qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş, məlum olmuşdur ki, onlar məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi ilə eyniməzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və əməliyyat tədbiri zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:10-da Sumqayıt şəhəri, 41A məhəllə, ev 5B-nin yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə metamfetaminə bənzər maddə təqdim etmiş, həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilən zaman 0,44 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmışdır. (i.v.7-8) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt şəhəri, məhəllə 41A ərazisində yerləşən 5B saylı yaşayış binasının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.25) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (i.v. 28) Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-də təhqiqatçı tərəfindən həmin tarixdə saat 23:54-dən 23:59-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin üzərində gəzdirməsində, qəbulu və dövriyyəsidə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirərək, ona müdafiəçi təqdim olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə ona üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim olunan Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış bir ədəd ağ rəngli kağız zərfdə olan bağlamaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda həmin kütlənin “şüşə” olduğunu bildirmişdir. Ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.( i.v.30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/370 nömrəli rəyində göstərilmişdir ki, “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi: 0,306 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,256 qram. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində müəyyən edilmişdir. (i.v.42-44) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.58-68) Təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 12:10-da təqdim edilmişdir. (i.v.69-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumatlar aşkar edilməmişdir.(i.v.77) Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2025-ci il tarixli, 708 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(i.v.80-81) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması haqıında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.94) Axtarışda olan şəxsin tutulması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi "xxxx" MMC-nin yaxınlığında saxlanılaraq 14:20 radələrində polis bölməsinə gətirilmişdir. (i.v.99) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-295/2025 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.(i.v.107-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X2 barədə 10 oktyabr 2025-ci il tarixli, 6308 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.114-115) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, axtarış və götürmə aparılması haqqında və digər istintaq hərəkəti protokolları, məhkəməkimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə aşkar olunmuş psixotrop maddə hesab edilən ümumi təmiz çəkisi 0,306 qram metamfetamin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,256 qram qalmış metamfetamin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 02 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.121-126) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə verilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə verilmiş “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sol dizin MR müayinəsində göstərilmişdir ki, oynaq daxilində və suprapatellar bursanı dolduran maye yığıntısı, ön çarpaz bağda (ACL) köhnə tam qopma, İ dərəcə patellar xondromalaziya, Medial meniskusun arxa buynuzda İ dərəcə degenerasiya, dizin ön hissəsində dəri, dərialtı yumşaq toxumalarda ödem mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarış– EPİKRİZ-dən görünür ki, Təqsirləndirilən şəxs sol diz oynağının lateral menisk yırtığı diaqnozu qoyulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadələri, şahid ifadələri, protokollar, iş üzrə təyin olunaraq keçirilmiş ekspertiza rəyləri və işin digər istintaq materialları ilə tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını, əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallar ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən psixotrop maddənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla medallar ilə təltif edilməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 20 (iyirmi) gün müddət, ümumilikdə 02 (iki) ay 22 (iyirmi iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 05 (beş) ay 14 (on dörd) gün müddət təyin olunacaq cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6308 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X2 ekspert xx.xx.2025-ci il tarixli, 6308 rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,256 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 14 saata görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 20 (iyirmi) gün müddət, ümumilikdə 02 (iki) ay 22 (iyirmi iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 05 (beş) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,256 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-765/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-765/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver