Məhkəmə qərarları › İş №1(060)-766/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-766/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-766/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(060)-483/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2aşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 fevral 2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 45-ci məhəllə ev 3/52-nin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus 19013 nömrəli “MilliÖn” ödəmə terminalının pullar saxlanıldığı hissəsinə özü ilə gətirdiyi dəmir parçası ilə fiziki təsir göstərərək üst qapısını sındırmaqla içərisində Zərərçəkmiş şəxs MMC-yə məxsus 274 manat nağd pul olan 210 manat dəyərində SCL1200 əskinaslıq pul kasetini, 1251 manat dəyərində MEİ pul qəbuledicini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs MMC- yə ümumilikdə 1.735 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığına görə azadlıqda olduğu müddətdə oğurluq edərək əldə etdiyi puldan özünə ərzaq və geyim əşyaları almışdır. İlk dəfə 2022-ci ilin dekabr ayında Sumqayıt şəhəri 6-cı mkr ərazisində yerləşən Laçın-92 aptekində olan E-manat ödəniş terminalından 2575 manat nəğd pul oğurlamış, həmin oğurluq hadisəsini törədərkən dəmir ling ilə ödəniş terminalının pul olan hissəsini sındırıb oradan 2575 manat nəğd pul olan pul kasetini pullarla bilrikdə oğurlayaraq uzaqlaşmışdır. Kaseti sındıraraq içərisinə baxdığı zaman 2575 manat pul olduğunu görmüş və həmin pulu şəxsi tələbatları üçün xərcləmişdir. Sonradan yenidən eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. Buna görə də bir qədər Sumqayıt şəhəri ərazisində gəzdikdən sonra Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində “Uni Bankın” yaxınlığında olan ödəmə terminalından oğurluq etmək qərarına gəlmişdir. Ətrafa göz gəzdirərək baxdıqda həmin milliön terminalından asanlıqla oğurluq edə biləcəyini görmüş və fikrini qətiləşdirmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında yenidən həmin yerə yaxınlaşmış, ətrafa göz gəzdirib heç kimin olmadığından əmin olduqdan sonra şalvarının bel hissəsində saxladığı dəmir parçasını çıxararaq milliön aparatının pul olan hissəsini və pul salınan və pul toplanan hissəsini yerindən çıxararaq oradan dərhal uzaqlaşmış pulları saymış və təxminən 276 manat pul olmuşdur. Həmin pulları şəxsi tələbatları üçün xərcləmişdir. Sonrada ilk törətdiyi cinayət əməlini etiraf etmiş və hal-hazırda həmin cinayət əməlinə görə cəza çəkir. İkinci törətdiyi hadisə zamanı pul az olduğundan düşünmüşdür ki, bununla bağlı şikayət olmaz. Ona görə də ilk törətdiyi cinayət əməlinin istintaq olunduğu zaman milliön terminalından oğurluq etdiyi barədə heç nə deməmişdir, əməlindən peşimandır. Oğurluq hadisəsini törətdiyi zaman yanında başqa heç kim olmamış, bundan başqa heç bir oğurluq və ya hər hansı bir cinayət əməli törətməmişdir. Oğurluq etdikdən sonra həmin dəmiri bir qədər irəlidə binaların arasında tullamış, qaranlıq olmuş, dəmiri atdığı yeri dəqiq xatırlamır. Əldə etdiyi pulu tələbatları üçün xərcləmiş və özü üçün ərzaq və geyim əşyaları almışdır. Pasha Pay MMC-dən daxil olmuş məktubda həmin ödəmə termilandın 274 manat pul oğurlandığını qeyd edilmiş, həmin məbləğin təxminən 276 manat olduğunu xatırlayır, 274 manat da ola bilər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq əvvəlki hökmlə barəsində təyin edilmiş cəzanın artırılmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və Qobustan həbsxanasında cəza çəkir. Təxminən iyul ayının əvvələri qardaşı İsmayıl ona zəng edərək, danışdığı zaman o, bildirmişdir ki, başqa bir xırda oğurluğu da olmuşdur və onun ziyanını ödəmək lazımdır. O, İsmayıla maddi vəziyyətinin yaxşı olmadığını demiş və o, məbləğin az olduğunu 274 manat olduğunu bildirərək, ziyanı ödəməyini xahiş etmişdir. O, sağollaşmış və mən çalışb maddi ziyanı ödəyəcəyini demişdir. İsmayılın qeyd edilən cinayət hadisəsini törətməyi barədə əvvəlcədən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şikayət və tələblərinin olmamasını, ziyanın ödənilməsini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəməyədək icraat dövündə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 2015-ci ildən "xxxx" MMC-nin təhlükəsizlik departamentində qrup rəhbəri hüquqşünas vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olduğu zaman səhər saatlarında tanımadığı şəxs ona yaxınlaşaraq Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən MilliÖn ödəmə terminalının sındırıldığını bildirmişdir. Buna görə də o, dərhal Sumqayıt şəhəri, 45- ci məhəllə ərazisində “Uni Bank”ın yaxınlığında yerləşən əraziyə getmişdir. Oraya çatdığım zaman 19013 nömrəli “MilliÖn” aparatının əskinas qəbuledicisinin dəmir qoruyucusunun naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını, onun arxasında yerləşən pul kasetinin də sındırıldığını, içərisində olan nağd pulun oğurlandığını, həmçinin pul kasetinin üzərində quraşdırılmış əskinas qəbul edici cihazın da oğurlandığını aşkar etmişdir. Buna görə də Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gələrək, ərizə ilə müraciət etmişdir. Pul kasetində 274 manat pul olmuşdur, baş vermiş oğurluq haisəsi ilə bağlı şünhələndiyi şəxs və ya şəxslər yoxdur. Sonradan dəqiqləşdirilmişdir ki, həmin pul kasetində 276 manat deyil 274 manat pul olmuşdur. MEİ pulqəbuledicisinin dəyəri 1251 manat olmuş aparatın hissələrini sındırılması nəticəsində isə 700 manat olmaqla nağ puldan əlavə 1951 manat maddi ziyan dəymişdir. Cinayət işinin 58-59-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 85-94-cü vərəqələrində olan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesblanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onların şikayət və tələbi yoxdur və dəymiş zərər ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, həmçinin hazırda da azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(060)-483/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesblanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. . “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(060)- 483/2023 saylı hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(060)-483/2023 saylı hökmünə əsasən 24 may 2023-cü il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(060)- 483/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar