Məhkəmə qərarları › İş №1(060)-766/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-766/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-766/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına" seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf rəngli sellofon bükümdə ümumi təmiz çəkisi 0,543 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 22:07də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 0,543 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Hazırda əməlindən peşmandır. 3-cü qrup gözdən əlildir və 180 manat təqaüd alır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, usta işləyir. Psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddələrin satışı ilə məşğul olmayıb. Psixotrop maddə olan metamfetamindən ilk dəfədir ki, istifadə edib. Əvvəllər 2-3 dəfə narkotik vasitə olan marixuana istifadə edib. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, təxminən 3 aya yaxın müddətdir ki, psixotrop maddələrdən istifadə etmir. Saxlanılarkən ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. O, xx.xx.2025-ci il tarixdə saat 22:07 radələrində ünvan 1 ünvanının yaxınlığında tanışı Orxan ilə birlikdə olan zaman, mülki geyimli şəxslər videoçəkiliş ilə onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduqları üçün saxladıqlarını bildirmişlər. Daha sonra videoçəkiliş altında ilk öncə Orxan Cəbiyevə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində də ağ rəngli kristal şəkilli maddənin olduğu görülmüşdür. Sorğu zamanı həmin maddənin özünə məxsus olduğunu və həmin maddəni həmin gün günorta saatlarında Sumqayıt şəhəri, Əşya bazarı adlanan ərazidə yerləşən Tovuz kafesinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi həmin maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0.67 qram olması müəyyən edilmiş və həmin maddə içərisi boş halda olan zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra özü də zərfin üzərinə imza çəkmiş və həmin zərf möhürlənmişdir. Sonra üzərində yoxlama aparılmış, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində ***- ***-**-** nömrəsi olan bir ədəd “Samsung A33” markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunmuşdur. Özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Sorğu zamanı o, həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, “Dejurnu” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Sonra onun üzərində yoxlama aparılmış, əynindəki göy rəngli cins şalvarın arxa cibindən telefon aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları onları araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-də olanda Orxanla onu başqa otaqlara aparmışlar. Xidməti otaqların birində yenidən videoçəkilişə başlanılmış bu zaman təhqiqatçı tərəfindən hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuşdur.. Daha sonra üzərinə vidəçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Eləcə də, ifadəsində Orxanın dönərçi işlədiyini, müştərisi olduğu üçün tanıdığını, həmin gün Orxanın üzərində narkotik vasitə olmasından xəbəri olmadığını, Orxanın narkotik vasitə istifadəçisi olduğunu belə bilmədiyini, həmçinin narkotik vasitə istifadə etməsindəndən Orxanın xəbəri olmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən və ya Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən qanunazidd davranışa məruz qalmadığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmədən peşman olmasının nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, həmin gün sonuncu Sumqayıt şəhəri 9cu məhəllə ərazisində tərəflərindən saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır. Bundan sonra polis orqanına şəxsin gətirilməsi təmin edilmiş, idarədə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış istintaq hərəkəti hayata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3la eyniməzmunlu ifadə vermişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə X5 və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanlı Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2025-ci il tarixdə, saat 22:07-də, ünvan 1 ünvanı yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və X1. Həmin şəxslərə özünü təqdim etmələri bildirilmiş, onlar da X6 və Təqsirləndirilən şəxs olduqlarını demişlər. Onlarda özünü təqdim etdikdən sonra ilk öncə Orxan Cəbiyevə narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilinərək saxlanıldığı, üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunmuşdur. Orxan Cəbiyev özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Sorğu zamanı Orxan Cəbiyev həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Əşya bazarı adlanan ərazidə yerləşən Tovuz kafesinin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin maddə tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,67 qram olması müəyyən edilmişdir. X9 üzərində yoxlama aparılmış, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 05 manatlıq əskinaz, sağ arxa cibindən içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung A33” markalı mobil telefon aşkar olunmuşdur. Onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Həmin 01 ədəd büküm qablaşdırılmış və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, “Dejurnu” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin maddə tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markalı mobil telefon aşkar olunmuşdur. Onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra həmin büküm qablaşdırılmış və imzalanmışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. X10 və Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Orxan Cəbiyev heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin TŞ-nə gəlmişlər. Xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirmiş, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və gəzdirilməsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı X11 Məhərrəmova hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil X2 təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində ***-***-**- ** nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markah mobil telefon aşkar olunmuşdur. O, içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş bir ədəd zərfi təqdim edərək Orxan Cəbiyev saxlanılan zaman və saxlanıldığı yerdə onun üzərindən aşkar olunaraq götürüldüyünü bildirmişdir. İçərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markah mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, “Dejurnu” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi ilə bağlı əvvəllər də əməliyyat məlumatı olduğunu, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəyini göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan təqsiri özünün ifadəsi, şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və məhkəmənin icraatına qəbul edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 22:07-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-dən MSY-dən azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) büküm şəffaf salafanm içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddə və sol yan cibindən qara rəngli Redmi markalı mobil telefonu bizə təqdim etdi. Tərəfimizdən həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan metamfetaminə bənzər maddənin olması müəyyən edildi. Həmin metamfetaminə bənzər maddə tərəfimizdən elektron tərəzidə çəkildi və ümumi çəkisinin 0.66 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs metamfetaminə bənzər maddənin nə olması, kimdən, nə vaxt, haradan və neçiyə alması barədə sual olundu və sonuncu həmin maddənin narkotik vasitə olan metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Dejurnu adlanan ərazidə adını bilmədiyi şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 7-də saxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş ağrəngli kristal şəkilli psixotrop maddə olan «metamfetamin»ə bənzər maddənin olduğunu bildirdi. Bundan sonra qeyd etdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən aşkar edilən və hazırda təqdim etdiyi zərfin içərisindəki bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan «metamfetamin»ə maddə elektron tərəzidə çəkilmiş və çəkisinin büküldüyü sellofanla birlikdə 0,66 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, həqiqətən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 təqdim etdiyi möhürlənmiş zərfin içərisindəki maddənin ona məxsus olduğunu, həmin maddəni bu gün səhər saatlarında Sumqayıt ərazisində yerləşən Dejurnu adlanan ərazidə adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirdi. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/803 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün Nİ24” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə patı (metamfetamin) 0,66 qr; /imza/; Məhərrəmov. O. 1 /imza/; Şahid2; 2 /imza/ Şahid3; Tərtib etdi /imza/Şahid1 ; əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,543 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,543 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,493 qram. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 49-50-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1391 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin 82-ci vərəqəsində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci ildə, X6 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxslərə özünü təqdim etməsi bildirir, onlar da özünü təqdim edərək X6 və Təqsirləndirilən şəxs olduqlarını deyirlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ilk öncə Orxan Cəbiyevə narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilinərək saxlanıldığı, üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Orxan Cəbiyev özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Orxan Cəbiyev həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Əşya bazarı adlanan ərazidə yerləşən Tovuz kafesinin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmin maddə Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,67 qram olması müəyyən edilir. X9 üzərində yoxlama aparılır, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd 05 manatlıq əskinaz, sağ arxa cibindən içərisində 070-600- 26-61 nömrəsi olan bir ədəd “Samsung A33” markalı mobil telefon aşkar olunur, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Həmin 01 ədəd büküm qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, “Dejurnu” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmin maddə Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,66 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılır, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markalı mobil telefon aşkar olunur, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Həmin büküm qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 83-cü vərəqəsində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və gəzdirilməsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı X11 Məhərrəmova hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil X2 təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində 077-581-19- 92 nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markalı mobil telefon aşkar olunur, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. NMB-nin əməkdaşı Şahid1 içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş bir ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanıldığı yerdə onun üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. İçərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Samsung NOTE 12S” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılır və DİN-in 124 saylı möhürü ilə möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, “Dejurnu” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X12 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5618 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannobioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 84-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş01 ədəd bükümdə təmiz çəkisi 0,543 qram psixotrop maddə olan metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,493 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmışdır. Cinayət işinin 110-116-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,543 qram psixotrop maddə olan metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,493 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disklər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi" dən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən 3cü qrup əlildir və 180 manat pensiya alır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olması, 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X12 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5618 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,493 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,493 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar