Məhkəmə qərarları › İş №1(060)-767/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-767/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-767/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 1(060)-768/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8\12 nömrəli yataqxana, otaq 521-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, Xızı rayonu ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 460,0 qram yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 16:25-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, 4-cü mikrorayon ərazisində yerləşən, “Kimyaçılar” mədəniyyət sarayının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxlamış olduğu 01 ədəd yaşıl rəngli sellefon torbaya bükülmüş içərisində 460.0 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:25 radələrində Sumqayıt şəhəri Kimyaçılar sarayının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü sağ əlində saxlamış olduğu yaşıl rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamada "marixuana" olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin "marixuana" nı xx.xx.2022-ci il tarixdə Xızı rayonu ərazisində tanımadığı şəxsdən 150 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar sarayının yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 16:25- də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar sarayının yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsində və saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu 01 (bir) ədəd yaşıl rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamanın, həmin bağlamada isə qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”-ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “nəşə” olduğunu, onu xx.xx.2022-ci il tarixdə Xızı rayonu ərazisində tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 517.0 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin bitki kütləsi müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsəvər Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay müddətinə, həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 avqust 2022-ci ildən hesablanmışdır. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd “Verbatim” markalı disk kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “00086” adlı xx.xx.2022-ci il tarixdə çəkilmiş, 721 mb həcmində faylın olduğu müəyyən olunmuşdur. “00086” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 08 dəqiqə 18 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞnin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 03 (iki) nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olurmuş. Həmin vaxt Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında, saxlanılmasında və satışında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsinin təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasovun dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirişin verildiyi görünürmüş. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu 01 (bir) ədəd yaşıl rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamanın, həmin bağlamada isə qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”- ya bənzər bitki kütləsinin olduğunu görmək olurmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin (nəşə) olduğunu demişdir. Həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə Xızı rayonu ərazisində tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli sellofana bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuanaya”-ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 517.0 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi müfaviq qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/894 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək tədqiqata təqdim edilmiş bir ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 460,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 460.0 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 459.9 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4863A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan "Maddi sübut kimi tanıma barədə" xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 460.0 qram olan, iş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,9 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-768/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-768/2021 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il, 04 (dörd) ay, 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 05 ay 21 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 10 ay 19 gün təşkil edir. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-768/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 1(060)-768/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, tədqiqatdan sonra qalıq qalmış 459,9 qram narkotik vasitə marixuana məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 01 (bir) il 10 (on) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası 11 ay 09 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459.9 qram çəkidə marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar