Məhkəmə qərarları › İş №1(060)-767/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-767/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-767/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Samux şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Samux rayonu, Alabaşlı qəsəbə Ə/D, Alabaşlı qəsəbəsində qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 iyun 2023-cü il tarixində, saat 16:15-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, "Nilson elektroniks" mağazasının yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində taksi kimi əyləşdiyi "Hyundai Elantra" markalı 50-СО-110 dövlət nömrənişanlı avtomobildə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,648 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə səhər saatlarında o, şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə olan heroini əldə etmiş və yaşadığı evə gəlmişdir. Həmin gün saat 16:00 radələrində yaşadığı evdən çıxaraq 6-cı mikrorayon ərazisinə gəlmiş və Elşad adlı tanıdığı taksini saxlamış, sonra 9-cu mikrorayon, "Nilson elektroniks" mağazasının yaxınlığında Elşad mağazadan bir neçə ərzaq məmulatı alacağını deyib avtomobili saxlamışdır, maşından düşüb mağazaya getmişdir. Bir neçə saniyə keçdikdən sonra polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu və sonra mağazadan çıxıb onlara yaxınlaşan avtomobilin sürücüsünü PB-nə dəvət etmişlər. Orada ona vəkil təqdim edilib videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarın sağ cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş bükülü tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin, 0,70 qram olduğu müəyyən olunmuş və həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Üzərində narkotik vasitə olmasından taksi sürücüsünün xəbəri olmamışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Astma xəstəsidir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, 50-СО-110 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə o, Sumqayıt şəhəri, 6 mikrorayon ərazisində olan zaman tanıdığı Rafiq adlı şəxs idarə etdiyi avtomobilə əl etməsini görmüş və avtomaşını saxlamışdır. Bu zaman Rafiq avtomobilə yaxınlaşaraq onu Sumqayıt şəhəri, 9 mikrorayon ərazsinə aparmağını istəmişdir. O, razılıq vermiş və Rafiq avtomobilinə əyləşmişdir. Həmin vaxt Rafiqin yanında heç kim olmamış və o, avtomobilinə tək əyləşmişdir. Daha sonra o, avtomaşını Sumqayıt şəhəri, 9 mikrorayon ərazində saxlamış və siqaret almaq üçün avtomobildən düşüb mağazaya getmişdir. Mağazadan siqaret alıb çıxmış və avtomobilə yaxınlaşan zaman 2 nəfər mülki geyimdə olan şəxslərin Rafiqi saxlamalarını görmüş və onlara yaxınlaşmışdır. Bu vaxt həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu da polis bölməsinə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Sumqayıt şəhər 1-ci PB-nə gəlmişdir. Polis Bölməsində təhqiqatçı Ayxan İsgəndərli tərəfindən izahatı alınmış və onun Rafiq ilə əlaqəsi olmadığı qənaətinə gəlindiyindən o, sərbəst buraxılmışdır. Rafiqin narkotik vasitə istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin, 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı CA üzrə kiçik inspektor Şahid2 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən "Nilson electronics” mağazasının yaxınlığında hərəkətsiz vəziyyətdə olan ’’Hyundai Elantra" markalı 50-СО-110 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirmişlər. Həmçinin "Hyundai Elantra" markalı avtomobili idarə edən Şahid3 PB-nə dəvət etmişlər. Lakin PB-də təhqiqatçı Ayxan İsgəndərli tərəfindən Şahid3 izahatı aldıqdan sonra onun Təqsirləndirilən şəxs ilə əlaqəsi olmadığı qənaətinə gəlindiyindən o, sərbəst buraxılmışdır. Bundan sonra Sumqayıt ŞPİ-nin xidməti otaqda video çəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında tanımadığı şəxsdən həmin gün 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan “heroin”-ə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumi çəkisinin 0,70 qram olduğu müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, analoji ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində Nilson mağazasının yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 16:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X4 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü aşkar olundu. Həmin büküm açıldı, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindır, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən bu gün səhər saatlarında 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf sellofan bükümlə birlikdə çəkisinin “0,70” qram olduğu müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi uçun xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3252 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ ...Təqsirləndirilən şəxs üzərindən...'' sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,648 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,598 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 145.2.4, 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsi CM-nin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş, CM-nin 320.1-ci maddəsinə xitam verilmiş, qəti olaraq 09 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 29,178.2.1, 29,178.2.4-cü maddələri xaric edilmiş, CM-nin 178.2.1, 178.2.2, 178.2.4 maddələrinə əsasən 04 il 06 ay, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il, 69.3-cü maddəsinə əsasən 05 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 02 (iki) nəfər şəxsin mülki geyimli və 01 (bir) nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 1-cı PB-nin təhqiqatçısı. polis kapitanı X1 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxsində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edildi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında, dairənin yaxınlığında tanımadığı şəxsdən bu gün səhər saatlarında 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan "heroin”-ə bənzər maddə elektron tərəzidə çəkildi və həmin maddənin ümumi çəkisinin 0.70 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırıldı və Azərbaycan Respublikası DİN-ııin 125 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmadı. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4381 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,598 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti başçısının Alabaşlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 167 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Alabaşlı qəsəbəsində qeydiyyatdadır. Hal-hazırda Bakı şəhərində yaşayır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetiza undan sonra qalıq qalmış təmiz çəkisi 0,598 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs İsmayılox Rafiq Ələkbər oğlu barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarında nümayiş etdirdiyi mövqeyi nəzərə alır və təqsirləndirilən şəxsin ödənilmiş məhkumluğunu onun şəxsiyyətini xarakterizə edən hal kimi müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,598 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 55,00 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-767/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1375 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,598 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55,00 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar