Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-767/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 23 may 2024-cü il tarixdə saat 23:35 radələrində Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən, “Saray Körpüsü”-nün yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o 23 may 2024-cü il tarixdə dostu ilə birlikdə yaşadıqları həyətdə oturub marixuana istifadə etmiş və sonra gəzmək üçün küçəyə çıxarkən qara rəngli “BMW” markalı avtomobilin küçədə dayandığını görmüşlər. Həmin vaxt o, avtomobildə olan şəxslərin polis olduğundan şübhələnmiş və onları tutmağa gəldiyini bildirərək, dostuna öz avtomobillərinə əyləşib oradan uzaqlaşmağı bildirmişdir. Avtomobilə əyləşib oradan uzaqlaşarkən qarşıda Post Patrul Xidməti avtobili olduğunu görmüş və avtomobildə olan polis əməkdaşları ona tanış olduğu üçün onlarla salamlaşarkən, arxadan gələn avtomobildən iki nəfər düşüb onlara tərəf qaçdığını gördükdə dostu qorxub avtomobilə sürət vermiş və qarşıda olan PPX avtomobilini sürtərək qaçmışdır. Saray körpüsünə çatdıqda polis əməkdaşları onları tutmuşlar. Lakin həmin vaxt onların üzərində narkotik vasitə olmamışdır. İdarədə xidməti otaqların birində onlara narkotik vasitə saxlamalarını etiraf etdirmək istəsələr də, o, boyun almamış və bu zaman onun belindən tutaraq ayaqyoluna apararaq onun başını unitaza salacağını bildirdiyi üçün, o nə lazımdırsa etiraf edəcəyini bildirmişdir. Bundan sonra telefonla videoçəkiliş başlamış və o, çəkiliş zamanı da müdafiəçiyə sakitcə təsir göstərildiyini bildirmişdir. Bu zaman, çəkiliş dayandırılmış və polis əməkdaşı onu yenidən bayıra çıxararaq döyüb geri qaytarıb yenidən çəkilişə davam etdirmişlər. Hazırda o, könüllü olaraq reablitasiya mərkəzində müalicə aldığını və sağalması üçün məhkəmədən şans verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Belə ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İşin mahiyyəti üzrə bildirmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 23 may 2024-cü il tarixdə üç aydır ki, “Teleqram” sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə almaq istədikdə həmin şəxs ona 60 manat pul atmağını istəmiş və o həmin şəxsə 60 manat pul göndərmişdir. Bundan sonra Əlinin ona göndərdiyi konumla qoyulduğu Sumqayıt şəhəri Bulvar ərazisinə gedərək həmin bükümü oradan götürmüşdür. 23 may 2024-cü il tarixdə təxminən saat 23:35 radələrində tanışı Məhəmməd ilə birlikdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən “Saray körpüsü”nün yaxınlığında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onları üzərlərində narkotik vasitə daşımaqlarında, gəzdirməklərində və istifadəsində şübhəli olduqları üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlarda etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümü və sol yan cibində olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bəznər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 23 may 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nə Sumqayıt şəhər sakini və əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda onunla birlikdə CAŞ-nin kiçik inspektoru Şahid2 iştirak edərək, həmin gün saat 23:35 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, M.Əsədov küçəsi, “Saray Körpüsü” yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında tanışı X1 da olmuş və bu səbəbdən o, da Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Hətta şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü və şalvarının sol arxa cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş maddənin patı olduğunu, həmin psixotrop maddəni saxlanıldığı gün, yəni 23 may 2024-cü il tarixdə axşam saatlarında üç aydır ki, «Teleqram» sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı olan Əli adlı şəxsin konum atdığı yerdən, yəni, Sumqayıt şəhəri Bulvar ərazisində əldə etdiyini, həmin maddənin qarşılığında İran vətəndaşına 60 manat göndərdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddə tərəziyə qoyulub çəkilmiş və daha sonra qablaşdırılaraq, üzəri möhür ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsi və şahidləri dinləyinb, iş materiallarında olan (Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı) DVD formatlı video diskə baxış keçirir və videoçəkilişdə onun dediyi qeyri prosessual hərəkətlərin qeydə alınmadığını, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini qeyri səmimi qəbul edərək, məsuliyyətdən kənar qalmaq kimi qiymətləndirir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə tam sübuta yetdiyini nəzərə alaraq, həmin ifadəni əsas kimi götürür. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 may 2024-cü il tarixli 3-161- 16/2-6/2939 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhrü əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,136 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 4728 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilmsəi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olumuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olumuş şəxs kimi hal-hazırda narkomaniydan məcburi müalicəyə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da, cinayətlərin residivi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Yuxarıda sadalanan və göstərilən hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin hazırki iş üzrə tutulmamışdan bir neçə ay əvvəl cəzasının sonu ilə azad olunmasını və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1.086 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1.086 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-767/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-767/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver