Məhkəmə qərarları › İş №1(060)-768/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-768/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-768/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8/12 nömrəli yataqxana, otaq 521 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,510 qram psixotrop maddə olan metamfetamin və 0,409 qram narkotik vasitə olan heroini əldə edərək onu üzərində saxlamış, 20 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi ərazisində yerləşən «Al market»in arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən üzərində yəni sol çiynində asılmış vəziyyətdə olan qara rəngli əl çantasından «Rothmans» adlı siqaret qutusunun içərisində 01 ədəd göy rəngli sellofana bükülmüş 0,378 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,031 qram, ümumi təmiz çəkisi 0,409 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 0,456 qram və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,054 qram, ümumi təmiz çəkisi 0,510 qram çəkidə ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdirki narkotik vasitələrdən istifadə edir. 19.08.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədər olaraq Bakı şəhəri, «Şamaxinka» adlanan əraziyə getmişdir. Orada tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata iki ədəd bükümdə narkotik vasitə olan heroin və 23 manata 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. 20.08.2021-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinir. Buna görə də, onu Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmişlər və bir başa Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Yolda polis əməkdaşları onunla söhbət edərkən o, onlara üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, üzərində olan, yəni sol çiynində asılmış əl çantasının içərisində olan «Rothmans» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxarkən içərisindən 01 ədəd göy rəngli sellofana bükülmüş, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2019-cu ildən Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri vəzifəsində xidmət edir. 20.08.2021-ci il tarixdə təxminən saat 03:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 9175 çağırışlı avto patrulda post yoldaşları polis kiçik serjantı Şahid3 və polis serjantı Şahid2la birgə xidmət apararkən bir nəfər vətəndaşın piyada hərəkətdə olduğunu və özünü şübhəli apardığını görmüşlər. Onlar ona yaxınlaşıb özlərini təqdim etdərək onu sorğu-sual etmişlər. Bu vaxt onlar həmin şəxsin onların suallarına qeyri səmimi cavab verdiyini və özünü şübhəli apardığını görüb onun xidmət etdikləri ərazidə baş vermiş oğurluq hadisələrində iştirakının olub-olmadığını yoxlamaq üçün onu xidməti avtopatrula əyləşdirib 3-cü PB-nə gətirən zaman həmin şəxs çiynində olan özünə məxsus əl çantasında narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Orada onlara məlum olmuşdur ki, həmin şəxs Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8/12 nömrəli yataqxana, otaq 521 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti otaqlardan birində həmin şəxsə Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X1 təqdim olunmuş və onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə və üzərinə şəxsi axtaşı keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onların, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları əməliyyat müvəkkili Şahid4, sahə rəisi Şahid5 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əl çantasına və üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sol çiynində asılmış qara rəngli çantanı açaraq oradan bir ədəd «Rothmans» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində 05 ədəd siqaret, 01 ədəd göy rəngli sellofana bükülmüş, 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan «kakos» və «şüşə» olduğunu demişdir. Həmin bükümlərə baxarkən orada ağ və qəhvəyi rəngdə spesifik iyə malik olan maddələr aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni 19.08.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 20 manata «kakosu» 23 manata isə «şüşə»ni aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs aşkar olanmuş bükümdə olan maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis serjantıŞahid2, polis kiçik serjantı Şahid3, polis baş leytenantı Şahid4, polis leytenantı Şahid5 və KTB-nin inspektoru Orxan Aslanov da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 20.08.2021-ci il tarixli, 6/3626 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədədə kağız paketi açdıqda içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,031 qram və 0,378 qram, ümumi təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,456 qram və 0,054 qram, ümumi təmiz çəkisi 0,510 qram olan ağ rəngli kristallik formada xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi – 0,409 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,389. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,510 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 0,470. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 28.10.2021-ci il tarixli, 4191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,389 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,470 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-420/2021 saylı, 21.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli qərarına əsasən 09 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (altmış) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 20.08.2021-ci il tarixdən 15.12.2021-ci il tarixdək həbsdə olduğu 03 ay 25 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,389 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,470 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 20.08.2021-ci il tarixdən 15.12.2021-ci il tarixdək həbsdə olduğu 03 ay 25 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanı tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,389 qram olan heroin və qalıq çəkisi 0,470 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar