Məhkəmə qərarları › İş №1(060)-769/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-769/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-769/2025 25.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Laçın rayonu, Güləbird kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmuş, orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Güləbird ərazi dairəsi, Güləbird kəndində qeydiyyatda olmaqla ünvan 2da yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə, 16 dekabr 2024-cü il tarixdə gecə saat 03 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Cənub küçəsində yerləşən "Şüşə zavodu"nun ərazisinə mişar daşından olan hasarını aşmaqla qanunsuz daxil olub, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-nin həmin şüşə zavodu ərazisində icarəyə götürdüyü anbara asma qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq, oradan hündürlüyü 30 sm, oturacaq hissəsinin eni 14,5 sm, qalınlığı 0,8 sm, orta hissəsinin qalınlığı 0,6 sm olan cəmi 58 metr uzunluğunda metal iki tavrları laqonda vasitəsilə doğrayıb zavod ərazisindən çıxarmaqla oğurlayaraq, zərərçəkmiş şəxs "xxxx" MMC-nə ümumilikdə 6.960 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında onun 4 ədəd tavrları oğurladığı yazılmışdır, lakin həmin tavrların çəkisi ton yarım olduğu üçün onların əllə daşınması mümkün deyil. Həmçinin, o, həmin yerin qıfılını qırmayıb. Belə ki, həmin ərazidə, yəni köhnə şüşə zavodu ərazisində söküntü işləri getmişdi və orada yarasız mallar var idi. O, həmin yerdə 260 manat dəyərində metal götürmüşdür. Həmçinin, o vaxt ondan Polis Bölməsinə kimsə şikayət etməyib. 3-4 il əvvəl də oradan oğurlanmış əşyaları onun üzərinə qoymuşlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yer Kimyaçılar küçəsində yerləşir. Oraya gecə saat 11- 12 radələrində ərazini giriş qapısından yox hasarından daxil olub. Həmin zavodun hasarı yox, giriş qapısı var idi. Orada nəzarətçi və ya nəzarətçinin olduğu məntəqə də yox idi, yəni açıq ərazi idi. O, həmin yerdən armatur, şiveller və başqa metallar götürmüşdür. O, götürdüyü metalları özü tək daşımayıb. Oraya gecə saat 2-3 radələrində köhnə QAZ 24 maşını olan taksi çağırıb, həmin metalları yola çıxardıb, taksi də aparıb. O, həmin metalları elə həmin yerdə 250 manata başqasına satıb. Əvvəllər də həmin şəxsə dəmir satıb. Satdığı dəmirləri kəsməyib. Zərərçəkmiş şəxsə həmin metalları götürdüyü vəziyyətdə qaytarıb. Götürdüyü dəmirlər 750 və ya 770 kilo idi, dəyəri isə təxmini 260 manat idi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, ki, ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, əvvəllər dəfələrlə oğurluq cinayətləri törətmiş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan Şahid 5-6 ay olar ki, tanımış, sonuncu Kimyaçılar qəsəbəsində, Alüminium zavodu yolunda metal qəbulu məntəqəsində işləmiş, bundan əlavə, İlkin idarə etdiyi "QAZ-24" markalı avtomobildə metal toplayıb satmaqla məşğuldur. 2024-cü ilin dekabr ayında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən köhnə "Şüşə zavodu"nun ərazisində müxtəlif formalı metalların olduğunu görmüş, buna görə zavodun ərazisinə girib ətrafa göz gəzdirəndə oradakı qapısı bağlı olan anqarda ikitavrlı metal şvellerlər görmüşdür. Pula ehtiyacı olduğu üçün oradakı şvellerlərdən oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 2024-cü ilin dekabr ayının 15-dən 16-na keçən gecə saat 03 radələrində Kimyaçılar qəsəbəsinə gəlib, həmin zavodun mühafizəçilərinin görə bilməyəcəkləri yerdən daş hasarma dırmaşaraq həyətinə daxil olmuş və anqarın qapısının asma qıfılını açaraq, alışqan işığında ətrafa baxmış və şvellerin olduğu yerə gəlib baxdıqda, onları zavod ərazisindən çıxarmaq üçün doğramaq lazım gələcəyini başa düşmüşdür. Öz laqondaı olmuş, lakin yaşadığı Hacı Zeynalabdin qəsəbəsində, həyətində olmuşdur. Buna görə özünə məxsus "Samsung" markalı mobil telefonu ilə Şahid ***-***-**-** mobil nömrəsinə zəng vurub harada olduğunu soruşmuşdur. İlkin metal qəbulu məntəqəsində olduğunu deyəndə, sonuncuya "Şüşə zavodunda anqardayam, metal şvellerləri doğramaq üçün mənə laqonda lazımdır, bizim həyətdə laqondam var, həmin laqondanı götürüb mənimçün gətirə bilərsənmi?"-deyəndə, İlkin ondan "Şüşə zavodu ərazisindən metal doğrayıb çıxarmaq üçün icazə almısanmı?"-deyə soruşmuş, o da sonuncuya “anqarın sahibindən icazə almışam"- demişdir. Bundan sonra İlkin laqonda gətirməyə razılıq vermiş və bir müddət sonra İlkin zəng vurub laqondanı gətirdiyini, darvazanın qarşısında olduğunu bildirmişdir. O, anqardan çölə çıxaraq laqondanı İlkindən almış və demişdir ki, “metalı doğrayıb çölə yığanda sənə zəng vuraram, gələrsən, metalı sənin maşınına yığıb apararıq”. İlkin etiraz etməmiş və o anqara qayıtmışdır. Laqonda ilə metal şvellerləri avtomobilin salonu ölçüsündə doğramış, kənarda da kiçik ölçülərdə metal şvellerlər olmuş, həmin metalları daşıyaraq darvazanın küçə tərəfdən qarşısına toplamışdır. Kiçik ölçülü metal şvellerləri kisələrə yığmış, kisələrə sığmayan iri ölçülü şvellerləri isə ayrıca bir yerə toplamışdır. İşini bitirdikdən sonra İlkinə zəng vurmuş və sonuncu avtomobilində gəlmiş, İlkinlə birlikdə həmin şvellerləri sonuncunun avtomobilinin salonuna və bağajına yığmışlar. İlkin metalın ümumi çəkisinin təxminən 800 kiloqram olduğunu bildirmiş və demişdir ki, metalı ona satım. O, da etiraz etməyib İlkinin təklifini qəbul etmişdir. Metalın bir neçəsini özü ilə evə aparacağını bildirmiş və oradan İlkinin avtomobilində Kimyaçılar qəsəbəsi, "Esmira” şadlıq sarayına kimi gələrək orada avtomobildən düşmüşdür. Özü ilə evə aparacağı metalları İlkinin avtomobilindən yerə düşürtmüş, metalın qalan hissəsini İlkin götürüb getmişdir. Oradan taksi tutub özü ilə götürdüyü şvellerləri taksidə həyətinə gətirmişdir. Bir neçə saat sonra İlkin ona zəng vurub metalın pulunun 220 manat etdiyini deyərək, ona olan 40 manat borcunu həmin puldan çıxacağını deyərək, onun "M-10" mobil tətbiqinə 180 manat pul atacağını bildirmişdir. Çox keçməmiş İlkin həmin 180 manatı onun hesabına atmışdır. 24 mart 2025-ci il tarixdə ona Sumqayıt şəhər polis idarəsinini 2-ci polis bölməsindən zəng olunmuş və onu PB-nə dəvət etmişlər. Polis bölməsinə gələndə isə metal konstruksiyaların oğurlanması ilə əlaqədar şikayət olunduğunu və araşdırma aparıldığını öyrənmişdir. Ondan izahat alınarkən törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı metal şvellerlərin bir neçə ədədini evə apardığını və hal-hazıra kimi həyətində olduğunu deyərək, şvelleri təqdim etməyə hazır olduğunu bildirmişdir. Həmin oğurluğu pula ehtiyacı olduğu üçün törətmiş, həmin hadisədən sonra oğurluq etməmiş, əməlindən çox peşmandır. Daha sonra təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixinə təyin edilən məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim etmiş və ərizəsində "xxxx" MMC-yə dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayəti və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək araşdırma müddətində zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin təsisçi rəhbəridir. MMCnin baş ofisi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşir. Rəhbəri olduğu MMC 2021- ci ildən "xxxx" ASC-nin direktoru Qüdrət Kərimovla icarə müqaviləsi bağlayaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Cənub küçəsində yerləşən “Şüşə” zavodunun ərazisində icarəyə yer götürüb orada fəaliyyət göstərməyə başlamışdır. Həmin ərazidə alçipan istehsalı müəssisəsi fəaliyyət göstərir və avadanlıqları yığmaq üçün əlavə anbar icarəyə götürmüşlər. İcarəyə götürdükləri tikililərə görə hər ay "xxxx" ASC-yə icarə haqqı ödəyir. İcarəyə götürdüyü ərazi "xxxx" ASC tərəfindən mühafizə olunur. 2024-cü ilin dekabr ayından başlayaraq davamlı olaraq icarəyə götürdüyü anbarın asma qıfılı naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq anbara daxil olmaqla oradan “Semens” markalı PLS avtomatik ötürmə sistemləri və avadanlıqları qurmaq üçün alınan 6960 (altı min doqquz yüz altmış) manat dəyərində 58 (əlli səkkiz) metr uzunluğunda 30 mm ölçüdə dəmir şvellerlərin oğurlandığını aşkar etmişlər. Lakin MMC-nin direktorunun xəstəliyi ilə əlaqədar həmin ərəfədə polisə müraciət edə bilməmişlər. 23 yanvar 2025-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişlər. Baş vermiş oğurluq nəticəsində MMC-nə ümumilikdə 6960 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 5-6 ay olar tanımış, sonuncu da bir neçə dəfə oğurluq cinayətləri törətdiyinə görə əvvəllər məhkum olunmuşdur. Özü Kimyaçılar qəsəbəsində, Alüminium zavodu yolunda metal qəbulu məntəqəsində işləmiş, özünün "QAZ-24" markalı avtomobili olmuş, həmin avtomobildə metal toplayıb satmaqla dolanmışdır. 2024-cü ilin dekabr ayının 15-dən 16-na keçən gecə saat 03 radələrində Dilavər ona zəng vurub Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən köhnə "Şüşə zavodu"nun ərazisindən metal doğrayıb çıxarmaq istədiyini bildirmiş və metal konstruksiyaların iri ölçüdə olduğunu deyib metalı zavod ərazisindən çıxarmaq üçün doğramaq lazım gələcəyini bildirmiş və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə, yaşadığı ünvana gedib, həyətlərindəki əl damından laqondanı gətirmək lazım gələcəyini bildirmişdir. O, da etiraz etməyib idarə etdiyi QAZ-24 markalı avtomobildə Hacı Zeynalabdin qəsəbəsinə gedərək, Dilavərgilin həyətindən laqondanı götürüb geri qayıtmış və zavodun yan tərəfindəki darvazanın yanından Dilavərə zəng vurub laqondanı gətirdiyini bildirmişdir. Dilavər anbardan çıxıb gəlmiş və laqondanı ondan alanda o, getmək istəmiş, Dilavər isə ona demişdir ki, “metalı doğrayıb hazır etdikdən sonra sənə zəng vuraram gələrsən, metalı sənin maşınına yığıb apararıq”, o da etiraz etməmişdir. Dilavər metalı topladıqdan sonra ona xəbər verəcəyini bildirmişdir. O, avtomobilinə oturub metal qəbulu məntəqəsinə qayıdıb gəlmişdir. Təxminən 2-3 saat sonra Dilavər zəng vurub metalı topladığını bildirmişdir. O, da avtomobildə zavodun yan darvazasının qarşısına gəlmişdir. Dilavər kisələrdə və açıq halda olan doğranmış metal şvellerləri darvazanın bayır tərəfindən yerə yığmışdır. O və Dilavər birlikdə həmin metalları avtomobilin salonuna və yük yerinə yığmışlar, bir neçə iri ölçülü metalı isə Dilavər evə aparacağını deyib ayrıca salona qoymuşdur. O, Dilavərdən həmin metalı nə etmək fikrində olduğunu soruşanda, sonuncu evə aparacağı şvellerlərdən başqa bütün metalı satacağını bildirmişdir. O, da Dilavərə demişdir ki, “istəyirsənsə, şvellerlər maşında qalsın, mən onları sənin üçün sataram”. Dilavər onun təklifi ilə razılaşmış və sonuncunu Kimyaçılar qəsəbəsində "Esmira" şadlıq sarayına kimi gətirib orada düşürmüş, Dilavər iri ölçülü bir neçə metal şvelleri də özü ilə götürmüşdür. O, isə avtomobili sürüb Alüminium zavodunun arxasındakı metal qəbulu məntəqəsinə gəlmiş və avtomobilini orada saxlamışdır. Saat təxminən 09 radələrində səyyar şəkildə metal qəbul edən "Qazel" markalı yük avtomobilinin sürücüsü ilə danışıb Dilavərin şvellerlərini təklif etmişdir. Həmin şəxs də şvellerləri çəkib 800 kq olduğunu bildirmiş və sayıb ona cəmi 220 manat vermişdir. O, da zəng vurub bu barədə Dilavərə bildirmiş və sonuncunun ona olan 40 manat borcunu həmin puldan çıxacağını bildirmişdir. Dilavər etiraz etməmiş və bundan sonra sonuncunun "М-On" mobil tətbiqinə "Esmira" şadlıq sarayının qarşısındakı marketin içərisində olan bankomat vasitəsilə 180 manat pul göndərmişdir. 24 mart 2025-ci il tarixdə ona Sumqayıt şəhər polis idarəsinini 2ci polis bölməsindən zəng olunmuş və onu PB-nə dəvət etmişlər. Polis bölməsinə gələndə isə Dilavərin "Şüşə zavodu" ərazisindən metal konstruksiyaları oğurlanması ilə əlaqədar şikayət olunduğunu və araşdırma aparıldığını öyrənmişdir. Ondan həmin hadisə ilə əlaqədar izahat alınmış və hər şeyi olduğu kimi etiraf edərək polis əməkdaşlarına danışmışdır. Təqsirləndirilən şəxs gecə saat 03 radələrində ona zəng vurub Kimyaçılar qəsəbəsindəki köhnə "Şüşə zavodu" ərazisindəki anbarda olduğunu və orada şveller doğramaq üçün laqonda lazım gəldiyini deyib ondan yaşadığı həyətindəki laqondanı götürüb gətirməyi xahiş edəndə sonuncudan doğramaq istədiyi şvellerlərin sahibindən icazə alıb-almadığını soruşmuşmuş, Dilavər də demişdir ki, doğramaq istədiyi şvellerlər köhnədir və anqarın sahibindən bunun üçün icazə almışdır. Dilavərin metal toplayıb satmasından məlumatı olmuş, aralarında isə normal münasibət olmuş, buna görə Dilavərin ona yalan danışmadığını, həqiqətən də doğramaq istədiyi metal şvellerlərin sahibindən icazə aldığını düşünüb sonuncuya laqonda gətirməyə razılıq vermiş, sonra da zavod ərazisindən doğrayıb çıxardığı şvellerləri avtomobilinə yükləmişdir. Dilavərin ona olan 40 manat borcunu almaq üçün sonuncunun metal şvellerlərini satmaqda köməklik etmək qərarına gəlmiş, başqa fikri olmamış, 40 manat məbləğində borcunu çıxaraq, Dilavərin mobil tətbiqi hesabına göndərdiyi qalan 180 manat puldan isə əlavə heç nə istəməmiş, Dilavər də ona nə isə təklif etməmiş və ya verməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 51-52-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 108-109-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 144-145-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 148-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:50 radələrində könüllü olaraq Sumqayıt ŞPİ-ni İŞ-ə gəlmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 117-118-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 124-cü vərəqəsində olan Nümayəndə ərizəsindən görünür ki, sahibi olduğu "xxxx" MMC-nin anbar hissəsindən cəmi 6960 manat dəyərində dəmir məmulatlarının oğurlanması ilə əlaqədar Dilavər Qəhrəmanov tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, ona qarşı şikayət və ya tələbi yoxdur. Cinayət işinin 20-ci vərəqəsində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Cinayət işinin 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/958 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 22 sm uzunluğunda nümunə əsasında təxmini ölçüləri - hündürlüyü 30 sm, oturacaq hissələrinin eni - 14,5 sm, qalınlığı - 0,8 sm, orta hissəsinin qalınlığı - 0,6 sm olan 58 metr uzunluğunda metal iki tavrın (dəmir dvux tavr) istifadədə olmamış vəziyyətdə 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5220,00 (58 metr x 90 man) manat müəyyən olunur. Cinayət işinin 27-30-cu vərəqələrində olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Cənub küçəsində yerləşən "Şüşə zavodu"nun ərazisində yerləşən anbardır. Baxış zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-nə məxsus tavrları oğurladığı anbarı göstərmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Cənub küçəsində yerləşən "Şüşə zavodu"nun ərazisində yerləşən anbardan doğarayaraq hissələrə bölməklə "xxxx" MMC-nə məxsus oğurladığı tavrların hissələrə ayrılmış halda 6 ədədini təqdim etmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 134-140-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 6 ədəd tavrlar əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına verilmişdir. Cinayət işinin 155-160-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2026-ci il tarixli 3-16-21-2/2-28584/2026 nömrəli məktubuna əsasən Qəhrəmanov Dilavər Ramiz oğlu xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb xeyli miqdarda ziyan vurulmaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən D.Qəhrəmanov məhkəmə iclasında verdiyi ifadəsində həmin yerin qıfılını qırmadığını bildirsə də, məhkəmə araşdırması zamanı həmin hal təkzib olunmuşdur. Belə ki, hadisə yerinə baxış keçirilməsi zamanı D.Qəhrəmanovun özü tərəfindən anbarın giriş qapısı göstərilmiş, bu barədə fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin, D.Qəhrəmanov ibtidai istintaq müddətində verdiyi ifadəsində anbarın qıfılını qırmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. X3 oğlu Sumqayıt şəhər Məhkəməsinin 1(060)-193/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.24-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 24 mart 2025-ci ildən 26 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən saat saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 6 ədəd tavrlar hüquqi şəxsə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxs D.Qəhrəmanovdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və digər eksertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2025-ci ildən 26 mart 2025-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarına saxlanılan 6 ədəd tavrlar zərərçəkmiş hüquqi şəxsə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə hökm verildiyi andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar