Məhkəmə qərarları › İş №1(060)-77/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-77/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-77/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Laçın rayonu, Kamallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Kamallı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 3000 (üç min) manat müqabilində işə düzəltmək barədə yalan vəd verərək, sonuncunun atası Zərərçəkmiş şəxs aldadaraq, vahid niyyətlə 2020-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsinin ərazisində yerləşən özünə məxsus “Ucuz” adlı mağazada 2000 (iki min) manat, 2020-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında 900 (doqquz yüz) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2900 (iki min doqquz yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 6-7 il əvvəl tanış olmuş və onunla birlikdə ticarətlə məşğul olmuşlar. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxslə Sumqayıt şəhərində “Ucuz” adlı marketin yanında olan kafedə görüşmüşlər. Həmin vaxt söhbət etdikləri zaman Zərərçəkmiş şəxs oğlu Röyalın hal-hazırda işsiz olduğunu və təsərrüfatla məşğul olduğunu və ona oğluna iş tapmağa kömək etməsini və buna görə hörmət də edəcəyini söyləmişdir. O, həmin vaxt ona yalandan Röyalın Azərbaycan Respublikası FHN-nə işə düzəldilməsinə köməklik etməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs inandırmaq üçün ona yalandan FHN-də tanışları olduğunu deyərək oğlu Röyalı onların vasitəsi həmin yerə işə düzəldəcəyinə söz vermişdir. Lakin həmin adamların adını çəkməmiş, ümumi olaraq tanışlarının olduğunu demişdir. Buna görə də həmin şəxslərə ümumilikdə 3000 (üç min) manat məbləğində pul vermək lazım olduğunu demişdir. 2020-ci ilin fevral ayın sonlarında Xudayar ona həmin istədiyi puldan 1500 (bir min beş yüz) manatı Sumqayıt şəhərində yerləşən “Ucuz” marketin yanında olan çayxanda işçisi Ziyadxan Sulkikovun yanında vermişdir. Pulun qalan hissəsini isə sonra Zərərçəkmiş şəxs ona verəcəyini demişdir. Növbəti dəfə isə 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxslə telefonla əlaqə saxlamış və daha sonra pulu almaq üçün onun yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında ona oğlu Röyalı işə düzəltmək üçün istədiyi pulun qalan hissəsini yəni, 1400 (bir min dörd yüz) manatı vermişdir. Zərərçəkmiş şəxs inandırmaq üçün onun oğlu Röyalın diplomunu, şəxsiyyət vəsiqəsini və digər sənədlərini ona gətirməsini bildirmişdir. Daha sonra Röyalın ona verdiyi sənədlərini qaytarmaq üçün “Ucuz” marketdə satıcı kimi işləyən X2 atası Xudayara çatdırması üçün vermişdir. Sonradan həmin sənədləri Ziyadaxan Sulikovun tanışı Xudayara verdiyi ona məlum olmuşdur. Zərərçəkmiş şəxs oğlu Şahid1 FHN-nə düzəltmək adı ilə aldadıb aldığı ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində pulldan heç kəsə verməmiş və öz şəxsi ehtiyaclarını ödəmək üçün müxtəlif yerlərdə xərcləmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla birbirlərini uzun müddət ərzində tanımışlar, Təqsirləndirilən şəxs iri və xırda buynuzlu heyvanların satışı ilə məşğul olur və bir necə dəfə sonuncuya məxsus heyvanları avtomobili ilə daşımışdır. 2020-ci ilin fevral ayında Seyyaf Təhməzovla rastlaşan zaman aralarında olan söhbət zamanı Səyyaf ondan oğlu Röyalın barəsində maraqlanmış, o, isə ona oğlu Şahid1 heç bir yerdə işləmədiyini və oğluna iş tapmağa kömək etməsini, buna görə ona hörmət də edəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin vaxt Azərbaycan Respublikası FHN-də tanışları işlədiyini deyərək onun oğlu Röyalı işə düzəltmək imkanı oldğunu bildirmişdir. Lakin tanışlarının kim olması barədə heç bir söz deməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yolun kənarında söhbət edən zaman oğlu Röyal marşrutdan düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid1 Azərbaycan Respublikası FHN-nə öz tanışları vasitəsilə işə düzəltməyin mümkün oldğunu bir daha demişdir. Ona görə də həmin şəxslərə 3000 (üç min) manat məbləğində pul vermək lazım olduğunu qeyd etmişdir. Həmçinin, oğlu Röyala aldığı təhsil barədə sənədi, hərbi bileti və şəxsiyyət vəsiqəsinin ona verməsini söyləmiş, həmin sənədləri Səyyaf öz tanışlarına göstərəcəyini bildimişdir. Röyal həmin sənədləri verdikdən 3-4 gün sonra Təqsirləndirilən şəxs götürdüyü sənədlərin surətini guya çıxartdığını və buna görə də “Ucuz” adlı mağazaya qoyduğunu ona bildirmişdir. O, oğlu Şahid1 şəxsiyyət vəsiqəsini, hərbi biletini, attestatını, diplomunu, idmanla məşğul olmağı barədə sənədləri Səyyaf işlətdiyi mağazadan Ziyad adlı satıcıdan almışdır. Bir müddət sonra o, özünə məxsus 2 (iki) baş inəyi sataraq 2000 (iki min) manat məbləğində pulu Səyyafa məxsus mağazada 2020-ci ilin fevral ayının axırlarında sonuncuya vermişdir. Qalan 1000 manat məbləğində pulu isə ona təxminən 10 (on) gün sonra verəcəyinə söz vermişdir. Daha sonra Səyyaf ona zəng edərək, həmin işin düzəlməsi üçün 1000 (bir min) manat pulun təcili verməyini söyləmişdir. O, da məcbur olaraq yenidən özünə məxsus saxladığı iri buynuzlu heyvanlardan birini yenidən sataraq, Təqsirləndirilən şəxs zəng edərək, oğlu Röyalı FHN-nə düzəldilməsi üçün istədiyi pul hazır olduğunu ona söyləmiş, sonra Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində onun yaşadığı ünvana gələmış, həmin vaxt ona 900 (doqquz yüz) manat məbləğində pulu vermişdir. O, Səyyafa qalan 100 manat pulu sonra verəcəyinə söz vermişdir. Sonradan ona Təqsirləndirilən şəxs onu aldadaraq oğlu Röyalı FHN-nə işə düzəltmək adı ilə pullarını alaraq dələduzluq etməsi məlum olmuşdur. Buna görə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 atası Xudayar Mustafeyin ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, uzun müddətdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. O, hal-hazırda Təqsirləndirilən şəxs işlətdiyi Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən ərazidə “Ucuz” marketdə işləyir, təxminən 2020-ci il fevral ayının sonlarında, “Ucuz” adlı marketdə olduğu zaman Zərərçəkmiş şəxs yanında təxminən 1400 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, lakin həmin pulu hansı məqsədlə verdiyi ona məlum olmamışdır. Sonradan Şahid1 Azərbaycan Respublikası FHN-nə işə düzəltmək adı ilə Səyaf Təhməzovun tanışı Zərərçəkmiş şəxs pul alması ona məlun olmuşdur. 2020-ci ilin fevral ayının sonlarında isə Səyyaf ona Şahid1 məxsus sənədləri (diplom, şəxsiyyət vəsiqəsi və digər sənədlər) verərək Zərərçəkmiş şəxs götürəcəyini söyləmiş, bir neşə gün sonra Xudayar işlədiyi “Ucuz” adlı marketə gələrək həmin sənədləri (diplom, çəxsiyyət vəsiqəsi və digər sənədlər) ondan götürmüşdür. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs oğlunu FHN-nə işə düzəltmək adı ilə aldadıb pul alması barədə məlumatı olamamış və Səyyaf həmin puldan ona verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs vurulmuş maddi zərəri tam olaraq ödədiyini, onunla barışdığını və onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.09.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X3 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli (iş № 1(060)-505/2020) qərarını icra edərək, 02 noyabr 2020-ci il tarixli 377 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 saat hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar