Məhkəmə qərarları › İş №1(060)-77/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-77/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-77/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,372 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki göy rəngli idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə qəbul edir. 15.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində olan parkda əvvəldən tanıdığı “İlqar” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində bir büküm narkotik vasitə heroin və bir ədəd şpris almışdır. Daha sonra aldığı narkotik vasitəni istədiyi zaman istifadə edə bilməsi üçün üzərində gəzdirmişdir. Elə həmin gün, yəni 15.06.2021-ci il tarixdə saat 19.00 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində olduğu zaman polis əməkdaşları onu saxlayaraq, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı o, həmin vaxt əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd şprisi polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini göstərmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərdi ki, 15.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Məktəbli küçəsi ev 1, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan Namiq adlı şəxsin yaşadığı evin yaxınlığı ilə hərəkətdə olması və üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Bundan başqa əməliyyat məlumatı əsasında həmin şəxsin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi ev 1, mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat-istintaq qrupunun yaradılmasına göstəriş verilməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Raportu əsasında əməliyyat istintaq qrupu yaradılmış və qrupun üzvləri ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, Şahid3, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid1 ibarət olmuşdur. 15.06.2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsinə X1 Təqsirləndirilən şəxs tutulmasının səbəbləri və əsaslarını izah etdikdən sonra ona Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosununun vəkillərinin siyahısı təqdim etmişdir. Təqsirləndirilən şəxs öz istəyi ilə hüquqlarının müdafiə olunması üçün vəkil X3 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd büküm çıxardaraq təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni 15.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “İlqar” adlı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş şahidlər Şahid2, Şahid3 və cinayət işi materiallarında olan şahid Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor kriminalisti Şahid1 da Şahid4 ilə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 16 iyun 2021-ci il tarixli 6/2437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,372 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,322 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04.09.2021-ci il tarixli 3241 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 15.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şpris, bir ədəd alışqan və bir ədəd büküm təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs öz istifadəsi üçün həmin narkotik vasitəni və şprisi öz üzərində gəzdirdiyini, həmin narkotik vasitəni həmin gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsində yaşayan İlqar adlı şəxsdən həmin ərazidə yerləşən parkda öz şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını bildirirmişdir. bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə bükümlə ilə birlikdə elektorun tərəzidə ölçülən zaman çəkisinin 0,53 qram olduğu müəyyən edilmişdir. X1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır və bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov tərəfindən tərəfindən 16 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixində saat 19:10-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və eyni tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, 18 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmış və iş üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokol və cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, 04.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİnin İŞ-nə təhvil verdildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən ibtidai istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,322 qram narkotik vasitə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər 3 nömrəli xəstəxanını arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxanın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. Cinayət işinin materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 2984 nömrəli, 29 avqust 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından “Narkomaniya” diaqnozu ilə Sumaqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən təqsirəndirilən şəxsin əvvəllər məhkum olunmaması və ilk dəfə az ağır cinayət törətməsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15-17 iyun 2021-ci il tarxilərində 02 (iki) gün Sumqayıt ŞPİ-nin MSY-də və 04 sentyabr 2021-ci il tarixində 01 (bir) gün Sumqayıt ŞPİ-nin 2-ci PB-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də və Sumqayıt ŞPİ-nin 2-ci PB-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,322 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 07.10.2021-ci il tarixli (iş № 1(060)-684/2021) qərarını icra edərək, 12.10.2021-ci il tarixli 1243 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11( on bir) 24 ( iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Beton zavod ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,322 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar