Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-77/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin yanında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 (bir) ədəd sellofan paketin içərisindən 01 (bir) ədəd qara rəngli polietilen bağlamada istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, üzərində saxladığı təmiz çəkisi 357 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu məhkumluğu ödənilmişdir. O, ara-ara narkotik vasitə olan qurudulmuş marixuananı çəkərək qəbul edir. Bir gün polis əməkdaşı ona zəng edərək onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini bildirmiş, o isə əvvəllər səhv etdiyini bildirərək polis əməkdaşı ilə razılaşmamışdır. Həmin tarixdə polis əməkdaşı ona zəng edərək dostu olan bir şəxsi ona göstərib tanıyıb-tanımayacağını öyrənmək üçün onu Qubadlı rayon İcra Hakimiyyətinin qarşısına çağırmışlar. O, ilk öncə tərəddüd etsə də sonra razılaşaraq oraya getmişdir. Orada olan zaman polis əməkdaşına zəng edərək həmin yerdə olduğunu dedikdə, ona Coratda olduğunu, gələcəyini bildirmişdir. Telefonu söndürdükdən sonra “Mercedes” markalı avtomobil onun yanında saxlamış və onu avtomobilə əyləşdirərək polis bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində olan zaman onu otaqların birinə aparılmış, üzərinə axtarış keçirilən zaman cibindən narkotik tərkibli dərman aşkar edilmiş, ona həmin dərmanın ağır narkotik vasitə olduğunu bildirib üzərindən aşkar olunmuş dərmanla onu cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Lakin, hazırda qeyd olunan narkotik vasitə ona məxsus deyildir. Ona 10 qram kakos və ya marixuana bükümünü üzərinə götürməyi təklif etmişlər. O da qorxaraq marixuana olan bükümü götürmüşdür. İbtidai istintaq dövründə verilmiş ifadəsindəki imza ona məxsusdur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki və ya psixoloji təsir edilməmişdir, yalnız hədə-qorxu olmuşdur. Bədənində heç bir xəsarət izləri yoxdur. Əməlindən peşmandır. Himayəsində iki övladı vardır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:10-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin yaxınlığında olan zaman bir neçə nəfərin ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin NMB-nin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişdir. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pİ-nə dəvət etdiklərini bildirmişdir. O, heç bir etiraz etmədiyini və birlikdə Pİ-nə gəldiyini bildirmişdir. Onlar Pİ-nə gəldikdən sonra xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 polis əməkdaşı tərəfindən təqdim olunduğunu bildirmişdir. Həmin vaxt onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanıldığını və şəxsi axtarış zamanı sağ əlində saxladığını qırmız rəngli sellofan torbanı təqdim etdiyini bildirmişdir. Həmin torba açılan zaman içərisində qara rəngli bağlamanın olmasının müəyyən olunduğunu bildirmişdir. Qara rəngli bağlamanın içərisinə baxılan zaman içərisində ot kütləsinin olması müəyyən edildiyini bildirmişdir. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulan zaman o, yaşıl rəngli ot kütləsinin “nəşə”, yəni narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, aşkar olunmuş “qurudulmuş marixuana”nı Novxanı qəsəbəsində, tanımadığı şəxsdən 150 manat pulu ödəyərək aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş yaşıl rəngli ot kütləsi tərəziyə qoyulub çəkilən zaman çəkisinin 520 qram olmasını bildirmişdir. Sonra həmin bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırıldığını, DİN-nin 125 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin NMB-də əməliyyat müvəkkili kimi xidmət edir. xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, üzərində gəzdirilməsi, narkotik vasitə istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Saat 17:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında saat 18:10 radələrində Təqsirləndirilən şəxs həmin yerdə gəldiyini görüb saxlamış və özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə saxlama, üzərində gəzdirmə, istifadəsində şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün Pİ-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs vəkil təqdim etmələ onun üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoyması xahiş edildikdən sonra sağ əlində saxlamış olduğu qırmızı rəngli sellofan torbanı təqdim etmişdir, həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamanın olduğunun müəyyən olunmuşdur. Həmin qara rəngli bağlamanın içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli ot küllərinin olduğu aşkar olunmuşdur. Həmin ot kütləsinin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “nəşə" yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu zamanı aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildə, 520 qram çəkidə olması müəyyən olundu, buna dair protokol tərtib edilərək, aşkar olunmuş kütlə qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı verilmiş ifadələr və tədqiq edilən hallar şahid Sumqayıt şəhər Pİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məlum olduğundan məhkəmə onun şahid qismində iştirakına xitam vermiş və ibtidai istintaq dövrüdə verilmiş ifadəsinin elan olunması ilə kifayətlənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə saat 18:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ”şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu qırmız rəngli sellofan torbanı, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli Samsung markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdi. Həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamanın, həmin bağlamada isə qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “nəşə” olduğunu, həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 150 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qırmızı rəngli sellofana bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasita olan “marixuana” ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 520.0 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikasi ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülərək protokola əlavə olundu. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/913 nömrəli, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs.1.....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan üzəri skoçla bağlanmış 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-357,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 356,95 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 14 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada «00095.MTS» sözləri yazılmış qovluq müəyyən edilir ki, orada 09 dəqiqə 22 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, görüntünün ilk saniyəsində polis geyimində olan şəxs özünü Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı kimi təqdim edib Elsevər Quliyev olduğunu bildirir. Sonra qarşısında duran şəxdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğu bildirir. Bundan sonra digər mülki geyimdə olan şəxslərə özlərini təqdim etməyi bildirir və həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olduqlarını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu bir daha bildirilərək bununla bağlı CPM-nin 90-cı maddəsində göstərilən hüquq və vəzifələri barədə bildiriş təqdim edildi. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün özünün vəkillərin növbətçilik cədvəlindən seçdiyi vəkil Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı predmet, əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs sağ əlində olan saxlamış olduğu qırmızı rəngli sellofan paketi təqdim etdi. Həmin sellofanının içərisindən qara rəngli bağlama aşkar edildi. Qara rəngli bağlama açıldıqda içərisində yaşıl rəngli ot kütləsinin olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və 01 ədəd ağ rəngli Samsung markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun işləmədiyini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin nəşə, yəni narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu, həmin maddəni səhər saatlarında Novxanı qəsəbəsində tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm tərəzidə çəkilən zaman həmin bükümün çəkisinin 520 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 904 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, yaşamır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1230 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin çəkisi 357,00 qram olmuş qurudulmuş marixuana, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 356,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sübut kimi tanınaraq məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5232 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə cinayət işinin başlanmasının rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin çəkisi 357,00 qram olan, tədqiqat və istintaq zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 356,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks tedirən 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin çəkisi 357,00 qram olmuş qurudulmuş marixuana, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 356,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-763/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1476 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin çəkisi 357,00 qram olmuş qurudulmuş marixuana, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 356,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-77/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-77/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver