Məhkəmə qərarları › İş №1(060)-77/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-77/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-77/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Firudin oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar bağ evləri, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzalın yaxınlığındakı “Murad” kafesinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs Firudin oğlu ilə sonuncuya olan pul borcuna görə əvvəlcədən də aralarında yaranmış mübahisə zamanı nalayiq ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı təpik və yumruqla vuraraq sonuncuya sağ əlin İ barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi və qançırı, alt dodağın orta hissəsinin selikli qişasının yarası, sol gözün ağlı qişasının bayır bucağını bütünlüklə əhatə edən yayılmış qansızması, sol gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qarın boşluğunun küt travması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsi xeyli müddətdir tanıyır, hər ikisi avtobus sürücüsüdür. Bundan başqa o, əvvəldən İlkinə məxsus olan “Ford Tranzit” markalı sərnişin daşıma avtomobilini idarə etmişdir. Sonradan avtomobillər çoxalmış, cərimələr yazıldığından avtomobili İlkinə qaytarmışdır. Lakin 350-360 manat İlkinə cərimə borcu qalmışdır. Bu zəmində İlkin ona tez-tez zəng etmiş, hətta başqa sürücülərin yanında onun arxası ilə söyüş söymüşdür. Hadisə olan gün, yəni 15 may 2023-cü il tarixdə axşam saatlarında işdən gələn zaman İlkin ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin vaxt telefonu sönmüş, Cəlal orada olmuş, Cəlalın telefonu ilə İlkinə zəng edərək öz telefonunun söndüyünü, gələrkən Cəlalın telefonuna zəng etməsini bildirmişdir. Bir az keçdikdən sonra İlkin Cəlala zəng edərək Sumqayıt şəhər avtovağzalında olduğunu, oraya gəlməsini bildirmiş, o da yaxınlıqda obyekt işlədən Rəfail adlı tanışına idarə etdiyi avtobusu qaraja qoyduğu üçün onu Sumqayıt avtovağzalına aparmasını xahiş etmiş, Rəfail özünə məxsus avtomobil ilə onu oraya aparmışdır. İlkin özü onu görərək çağırmışdır. İlkinə olan borcu 6-7 aya ona qaytarmışdır. Lakin sonradan İlkin ona demişdir ki, pulu ona gec qaytardığından əlavə pul ödəməlidir. Həmin gün də buna görə mübahisə yaranmış, o, İlkinə bir şillə vurmuşdur. Ətrafda olan digər sürücülər yaxınlaşıb onları aralamışlar. İlkin DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, səhərisi gün Sumqayıt ŞPİ-nin 4-cü PB-dən onu çağırmışlar. İlkinə yalnız üz nahiyəsindən bir şillə vurmuş, başqa heç bir xəsarət yetirməmişdir. Cəlal və Rəfail adlı şəxslər onları ayırmışdır. İlkin onu vurduğundan yerə yıxılmış və onun üzərinə gəlmişdir. Həmin vaxt Rəfail onu, Cəlal isə İlkini tutub onları ayırmışlar. Həmin vaxt İlkini başqa şəxslərin vurmasını görməmişdir. Həmin vaxt içkili olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan üçün istədiyi 1500 manat pulu onun əmisinə vermişdir. Barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ildə İkinə məxsus olan “Ford Tranzit” markalı sərnişin daşıma avtomobilini hər gün üçün 30 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Sonradan isə İlkinlə razılaşmaya gələ bilmədiyi üçün avtomobili sonuncuya geri qaytarmışdır. Bundan sonra İlkin ona avtomobilin 320 manat cəriməsinin olmasını bildirmiş və həmin cərimələri ödəməyi tələb etmişdir. Bu zaman İlkinə maddi imkanının olmamasını bildirmişdir. İlkin ona cəriməni özünün ödəyəcəyini bildirərək daha sonra 320 manat pulu ödəməsini demişdir. Onlar İlkinin dediyi kimi razılaşmaya gəlmişlər. Təxminən 8-9 ay müddətində o, İlkinə olan 320 manat borcunu hissə-hissə qaytarmışdır. Borcunu ödəyib qaytardıqdan sonra İlkin onun ümumilikdə guya 900 manat borcunun olmasını bildirmişdir. O, bu zaman İlkindən borcunun niyə 900 manat olmasını soruşmuş, İlkin isə 320 manat pulu vaxtında ödəmədiyini və buna görə də pulun borc məbləğinin üzərinə əlavə faiz gəlməsini bildirmişdir. O, isə İlkinlə razılaşmamış və sonuncuya 320 manatdan əlavə pul verməmişdir. Bundan sonrakı vaxtlarda İlkin dəfələrlə ona mobil telefon vasitəsi ilə zəng edərək ondan pulu ödəməsini tələb etmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. 15 may 2023-cü il tarixdə, saat təxminən 21 radələrində İlkin ona zəng edərək görüşərək aralarında olan məsələni həll etmək istədiyini bildirmişdir. O, bu zaman Sumqayıt şəhəri ərazisində “köhnə avtobaza” adlanan ərazidə idarə etdiyi avtobusu yuduzdurmuşdur. Həmin vaxt İlkin ona Bakı şəhərindən çıxaraq Sumqayıt şəhərinə gəlməsini bildirmiş və onu görüşmək üçün Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən Murad kafesinin yanma dəvət etmişdir. O, da idarə etdiyi avtobusu qaraja qoymalı olduğu üçün Rəfail adlı tanışından onu “Murad” kafesinin yaxınlığına aparmasını xahiş etmişdir. Rəfail özünə məxsus avtomobil ilə onu Murad kafesinin yaxınlığına gətirmişdir. Həmin yerə gələn zaman Cəlal adlı tanışı da onlarla oraya gəlmişdir. O, avtomobildən düşərək “Murad” kafesinin qarşısında dayanmışdır. Kafedən 25-30 metr uzaqlıqda olan İlkin onu yanma çağırmışdır. Rəfail və Cəlal isə biraz kənarda dayanmışlar. O, İlkinə yaxınlaşdıqdan sonra söhbət zamanı o, yenədə İlkinə 900 manat pul verməyəcəyini demiş və buna görə də aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt İlkin onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, da əsəblərini cilovlaya bilmədiyi üçün İlkinin üz, baş nahiyyəsinə yumruqla, əlinə və qarın nahiyyəsinə təpiklə vurmuşdur. İlkin də ona yumruq zərbəsi atmış, lakin o zərbədən yayındığı üçün yumruq ona dəyməmişdir. Həmin vaxt Cəlal və Rəfail onlara yaxınlaşmışlar və Cəlal onlar aralaşdırmaq üçün İlkini tutaraq kənara çəkmiş, Rəfail də onu kənara çəkmişdir. Rəfail onu avtomobilinə mindirmiş, Cəlal da gələrək avtomobilə əyləşmiş və oradan uzaqlaşmışlar. İlkinlə aralarında olan mübahisə 15 may 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzalın yaxınlığındakı “Murad” kafesinin yaxınlığında baş vermişdir. Həmin vaxt rada o, İlkin, Cəlal və Rəfail olmuşdur. O, İlkinlə dalaşıb qurtarandan sonra isə onların yanma Ruzbeh və Müşfiq gəlmişlər. Ətrafda başqa heç kim olmamış və onların yanına başqa heç kim gəlməmişdir. İlkinlə aralarında olan mübahisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. İlkin ifadəsində yalan demiş, həmin vaxt sonuncunu təkcə o vurmuş, Rəfail və Cəlal vurmamışdır. Cəlalın orada İlkini tutmasına səbəb sonuncunu həmin yerdən uzaqlaşdırmaq olmuşdur. Cəlal, İlkini tutub kənara çəkən zaman Rəfail də onu tutub kənara çəkmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Firudin oğlu ifadəsində bildirdi ki, hadisə 15 may 2023-cü il tarixdə axşam saat 11 radələrində Sumqayıt şəhəri “Murad” kafesinin yanında baş vermişdir. O, Samirə idarə etmək üçün icarəyə avtomobil vermişdir. Samirin avtomobilə görə ona borcu olmuş, aybaay ödəməyə söz vermişdir. Sonradan kimsə onun adından Samirə nələrsə demiş, Samir də ona zəng etmiş, o da elə bir şey demədiyini bildirmiş, Samir onunla görüşmək istədiyini bildirmişdir. O, Sumqayıta gələn zaman Samirə zəng etmiş, Samir sonradan ona Cəlal adlı şəxsin telefon nömrəsi ilə zəng edərək Rəfail adlı şəxsin işlətdiyi “Murad” kafesinə dəvət etmişdir. Oraya gələn kimi Samir mübahisə etmiş və ona yumruq vurmuşdur. Cəlal arxadan, Rəfail digər tərəfdən onu tutmuş, Samir də onu vurmuşdur. Onlar onu avtomobilə mindirmək istəmiş, o qaçaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Onlar çıxıb getmişlər. Həmin vaxt şəxslərin üçü də içkili olmuşlar. Cəlal onu tutmuş, Rəfail və Samir də onu döymüşlər. Xatırladığı qədəri ilə Rəfail onun gözündən iki dəfə yumruq, əlindən təpik vurmuşdur. Samir isə dodağından yumruq vurmuşdur. Həmin vaxt orada başqa da şəxslər olmuş, lakin çox adam olduğundan onları xatırlamır. Həmin ərazidə kamera görüntüləri də olmuş, lakin təhqiqatçı əldə etməmişdir. Həmin şəxslər əlbir olaraq onu döymüşlər, cinayət əməli CM-nin 221.2.1ci maddəsi ilə tövsif edilməli olduğu halda CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, digər şəxslərin əməlinə hüquqi qiymət verilməmişdir. Buna görə cinayət işi istintaq orqanına qaytarılmalıdır. Təqsirləndirilən şəxs ona dəymiş zərər üçün 1500 manat pul ödədiyini desə də ona 600 manat pul ödəmişdir. Qalan 900 manat dəymiş ziyanı tələb edir, onun tutulmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Firudin oğlunu və Təqsirləndirilən şəxs tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 15 may 2023-cü il tarixdə, saat təxminən 23 radələrində idarə etdiyi “Ford” markalı avtomobildə Sumqayıt şəhəri, avtovağzalın yaxınlığında yatdığı zaman səs-küy eşidərək oyanmış, “Murad” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Şahid2 və Şahid1 da orada olduğunu görmüşdür. Hava qaranlıq olduğundan o, həmin vaxt kimin-kimi vurmasını görməmişdir. O, avtomobildən düşüb onlara yaxınlaşan zaman İlkin telefonla polisə zəng vurub məlumat vermiş və bir neçə dəqiqədən sonra isə polis əməkdaşları həmin yerə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Firudin oğlunu və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 15 may 2023-cü il tarixdə, saat təxminən 23 radələrində idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən “Murad” kafesinin yaxınlığına gələrək avtomobili orada saxlamışdır. Həmin vaxt “Murad” kafesinin yaxınlığında kənardan görmüşdür ki, Samir və İlkin dalaşırlar. Diqqət yetirəndə səhv etmirsə Samir yumruqla İlkinin sifət nahiyyəsinə vurduğunu, Cəlalın isə İlkinin əllərini arxadan tutmasını görmüşdür. Həmin vaxt Rəfail də onların yanında dayanmışdır. Daha sonra İlkin orada telefonla polisə zəng vurub məlumat vermiş, sonra isə çıxıb getmişdir. Həmin vaxt İlkini təkcə Samirin vurmasını görmüş, Cəlalın hansı məqsədlə İlkini tutmasını bilməmişdir. Həmin hadisə təxminən 1-2 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Firudin oğlu və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin gün avtomobilini yudurtmaq üçün Rəfailin avtoyuma məntəqəsinə getmiş, orada Samirin avtomobil yudurtmağını görmüşdür. Samir ona mobil telefonunun enerjisinin bitdiyini, İlkinlə görüşəcəyini, İlkinə zəng etmək üçün ondan telefonunu istəmişdir. İlkin ona avtovağzala çatdığını, oraya gəlməsini demişdir. O, bekar olduğundan Samir və Rəfaillə avtovağzala getmişdir. Onlar avtomobildə əyləşmiş, Samir isə avtomobidən düşərək İlkinə yaxınlaşmışdır. Samirlə İlkin söhbət edən zaman Samirin İlkinə şillə ilə vurduğunu görmüşlər, onlar da düşüb Samir və İlkini ayırmaq istəmişlər. Onun əli həmin vaxt sarıqlı olmuşdur. O, İlkinin qolundan tutaraq oradan uzaqlaşmasını bildirmiş, İlkin isə getməyəcəyini bildirmişdir. Samir yenə İlkinə şillə vurmaq istəyərkən ayağı sürüşərək yıxılmış, İlkin ona yumruq vurmuşdur. Həmin vaxt onun əli sınıq olduğundan əli sarıqlı olmuş, İlkini arxadan tutmamışdır, yalnız qolundan tutaraq onu kənara çəkmişdir. Onun İlkini tutmaqda məqsədi onları aralaşdırmaq, dalaşmanın qarşısını almaq olmuşdur. Həmin vaxt Rəfail də Samiri aralamışdır. Rəfailin İlkini vurmasını görməmişdir. Samirdən başqa kimsənin İlkini vurmasını görməmişdir. Onlar avtomobildə olan zaman Samir və İlkinlə aralarında təxminən 10 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Firudin oğlu və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Samir ona məxsus avtoyuma məntəqəsində olan zaman onu Sumqayıt şəhər avtovağzalına aparmasını xahiş etmişdir. Samir İlkinlə görüşməli idi. Samirlə İlkinin arasında pul söhbəti var idi. Orada olan zaman İlkinlə Samir arasında mübahisə olmuş, orada olan digər şəxslər onları ayırmışlar. Həmin şəxslərdən Cəlalı xatırlayır. O, Samiri aralamışdır. O, kimin kimi vurmasını görməmişdir. Sadəcə bilir ki, İlkin Samirə söyüş söydüyündən Samir də İlkinə şillə vurmuşdur. O, İlkini vurmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 717 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Firudin oğlunın bədəni üzərində “sağ əlin İ barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi və qançırı, alt dodağın orta hissəsinin selikli qişasının yarası, sol gözün ağlı qişasının bayır bucağını bütünlüklə əhatə edən yayılmış qansızması, sol gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qarın boşluğunun küt travması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Abşeron rayon mərkəzi xəstəxanasına müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, öz-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Firudin oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutlan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən avtovağzalın yaxınlığındakı “Murad” kafesinin yaxınlığıdır. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs 15 may 2023-cü il tarixdə həmin ərazidə Təqsirləndirilən şəxs onu yumruq və təpiklə vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Firudin oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı İlkin .Şahbazi və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları qarşılıqlı olaraq bir-birlərinin üzünə qarşı bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Firudin oğlu ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Şahid1 qarşılıql olaraq ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Firudin oğlu ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Şahid2 qarşılıql olaraq ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yalnız şillə ilə xəsarət yetirməsini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 bir qrup şəxs halında onu döyməsi barədə ifadəsi məhkəmə istintaqı zamanı onun ifadəsindən başqa hər hansı sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və daha sonra sonuncunun xəsarət alması ilə nəticələnən cinayət hadisəsinin motivi şəxsi münasibətlər zəminindən yaranmış, zərərçəkmiş şəxsin xəsarət alması hadisənin gedişatı zamanı baş vermiş, zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs başqa digər şəxslərin xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-878/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1749 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar