Məhkəmə qərarları › İş №1(060)-771/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-771/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-771/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər-Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr tarixli Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd K- 06551 nömrəli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1958-ci ildə istehsal olunmuş, İJ-K modelli, çaxmaqlı, hamar lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı olmaqla həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsildiyindən halhazırda öz təyinatını itirmiş 16 kalibrli odlu yivsiz ov tüfəngini əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında qanunsuz olaraq saxlamış, övladı Şahid1 müraciəti əsasında Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsində araşdırma aparılan zaman 30 mart 2023-cü il tarixdə saat 01:10-da yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin bir ədəd odlu silah hesab edilən ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, ailəlidir və birgə nikahdan Şahid2 və Şahid1 adlı iki övladı vardır. Nicat böyük övladıdır. Kiçik övladı Yədulla ailə həyatı qurmuşdur. Övladları Nicat və Yədulla onunla bir həyətdə, lakin ayrı evdə yaşayırlar. Arvadı Səfayət də uşaqları ilə birlikdə yaşayır. Hazırda münasibətləri yaxşı deyildir. Belə ki, onlarla mütəmadi olaraq arasında mübahisələr olur. 29 mart 2023-cü il tarixdə saat 20 radələrində tanışı Mirzə ilə birlikdə həyətindəki heyvan saxladığı damda olmuş, həmin vaxt Mirzə həyətində saxladığı heyvanları sağmağa köməklik etməyə gəlmiş, bir qədər sonra Mirzənin yanında olmadığını görmüş, sonra Mirzə yanına gəlmiş və gələn zaman Mirzənin sifət nahiyyəsində qançır olmasını görmüşdür. Mirzədən nə baş verdiyini soruşduqda Mirzə oğlu Yədulla və bacısı oğlu Eldar Həsənovun birlikdə onu həyətə çağıraraq heç bir səbəb olmadan döydüklərini bildirmişdir. Mirzədən nə səbəbə onu döydüklərini soruşduqda Mirzə ona bildirmişdir ki, guya ki, onu öyrətdiyinə görə bacısı oğlu Eldarı danlamışdır. O, həmin vaxtdan bir neçə gün əvvəl bacısı oğlu Eldarı danlamışdır. Lakin Eldarı danlamağında Mirzənin heç bir təsiri olmamışdır. Bundan sonra Mirzə getmiş, övladlarının etdiyi hərəkətdən əsəbləşmiş və onalara irad tutmaq üçün inək saxlamaq üçün olan damdan çıxmışdır. Həmin vaxtı Eldarın getdiyi məlum olmuşdur. Övladları ilə arasında mübahisə yaranmışdır. Yaşadığı evin zirzəmisində iki ədəd ov tüfəngi olmuşdur. Həmin tüfənglərdən birinin lüləsi və qundağı kəsik vəziyyətdə olmuş, digər təklülə olan tüfəng ona atasından qalmış, digərini isə təxminən 6 ay əvvəl yaşadığı Tağıyev qəsəbəsinin yaxınlığında olan Yaşma adlanan ərazidə çöllük sahədə yerdən tapmışdır. Həmin tüfəngi götürüb evinə gətirmişdir. Tüfəngləri evinin zirzəmisində saxlamışdır. Oğlu Yədullanın hərəkətlərinə görə əsəbləşdiyi üçün onları qorxutmaq məqsədilə tüfəngləri götürüb zirzəmidən çıxmışdır. Nicat və Yədulla həyətyanı sahədə yerləşən yardımçı tikilidə iş görürərkən, həyətin bağ sahəsinə keçib uşaqları səsləyib niyə görə ataları olaraq ona hörmət qoymadıqlarını deyib nə səbəbə Mirzəni döydüklərini onlara irad bildirmişdir. Nicat və Yədulla yenə də ona cavab qaytardıqlarına görə əlindəki uzun tək lüləli ov tüfəngi ilə bir dəfə havaya atəş açmışdır. Havaya atəş açan zaman Nicat və Yədulla qorxularından iş gördükləri tikiliyə girmişdir. Atdığı patronun boş gilizini yerdən götürmüşdür. Bundan sonra bağ sahəsindən çıxıb yaşadığı evin yan tərəfinə keçərək əlində olan bir ədəd uzun tək lüləli ov tüfəngini evinin yan tərəfində olan divara söykənmiş halda olan şiferin altında gizlətmişdir. Bundan sonra evə keçmişdir. Özündə olan boş gilizi evdə stolun üzərinə qoymuşdur. Evə keçən zaman Nicat və Yədullanın öz qaldıqları evə gəlib girdiklərini görmüşdür. Bundan sonra evindən çıxıb bağ sahəsinə keçmiş və orada olan zaman polis əməkdaşlarının həyətinə gəldiklərini görmüşdür. Başa düşmüşdür ki, Nicat və Yədulla onun barəsində polis bölməsinə şikayət etmişdir. Ona görə də bağ sahəsində Nicat və Yədullanın işlədiyi tövlə-tikiliyə gedərək özündə olan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini və bir ədəd patronu oraya atmışdır. Bundan sonra bağ sahəsinin arxa tərəfində olan qapıdan çıxaraq getmişdir. Bir qədər kənarda qaranlıqda gözləyərək polis əməkdaşlarının getməsini gözləmişdir. Polis əməkdaşları getmiş, sonra evinə gələrək gecəni yatmışdır. Səhər açıldıqdan sonra ona məlum olmuşdur ki, polislər onu axtarır. Ona görə də 2-ci polis bölməsinə getmişdir. Polis bölməsində olan zaman ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən ona məxsus olan bir ədəd uzun tək lüləli ov tüfəngi və bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi bir ədəd patron, habelə bir ədəd boş giliz aşkar edilərək götürülmüşdür. Övladları Nicat və Yədulla istiqamətində atəş açmamışdır. Doğma övladları istiqamətində atəş açmaq üçün heç bir səbəbi olmamışdır. Övladlarının etdiyi hərəkətlərə qarşı əsəbi olduğundan və ona qarşı hörmətsizlik etdiklərindən onları qorxutmaq məqsədilə bir dəfə havaya atəş açmışdır. Həmin silahlardan əvvəllər heç vaxt istifadə etməmişdir. Hadisə zamanı səs-küyə qonşulardan heç kim gəlməmişdir. Əməlindən peşmandır. Xəstəliyi vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs doğma atasıdır. Təxminən 6-7 ay olar ki, atası ilə münasibəti yoxdur. Belə ki, eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Atası Yədulla valideyini ilə birlikdə yaşayır. Özü isə həyətdəki başqa evdə qardaşı Yədulla, anası Səfayət, Yədullanın arvadı Rübabə və onun körpə uşağı ilə birlikdə yaşayır. Atası uzun illərdir ki, narkotik vasitələrin aludəçisidir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Son zamanlar atası yaşadıqları evin həyətinə özünün narkoman dostlarını gətirərək həyətdə narkotik vasitələr qəbul edir. Buna görə də atası ilə arasında dəfələrlə mübahisələr olmuşdur. O və qardaşı Yadulla bir neçə dəfə onun narkoman dostlarını yaşadıqları evin həyətindən qovmuşdur. 29 mart 2023-cü il tarixdə saat 22:30 radələrində qardaşı Yədulla ilə birlikdə evin həyətində toyuq saxladıqları və kənarları dəmir barmaqlıqlarla əhatələnmiş yerdə təsərrüfat işləri görürmüşlər. Həmin vaxtı atası Süleyman da həyətdəki tövlədə iş görürmüş. Bir-iki dəqiqə sonra atası Süleyman yanlarına gəlmişdir. Həmin vaxtı Süleymanın əlində uzun tək lüləli ov tüfəngi olmuşdur. Süleyman ilə arasında təxminən 15 metr məsafə olmuşdur. Süleyman həmin uzun tək lüləli tüfəngini ona və yanında dayanan qardaşı Yədulla istiqamətində tuşlayaraq “bu gecə bu evdən çıxmalısınız” demişdir. Yədulla ona heç yerə çıxmayacaqlarını bildirmişdir. Yədulla atasına polisə zəng edəcəyi barədə bildirmişdir. Atası Yədullanın haqqında polisə zəng etməyəcəyi təqdirdə nalayiq ifadə işlətmişdir. Bundan sonra atası əlində olan uzun tək lüləli tüfəngi tuşlayıb onların istiqamətində bir dəfə atəş açmışdır. Bundan sonra Süleyman əynində olan idman gödəkçəsinin iç tərəfindən çiynindən asdığı lüləsi və qundağı kəsilmiş ikinci tüfəngi çıxartmışdır. Süleyman onları tüfənglə vuracağını deyib hədələməyə başlamışdır. Həmin vaxtı özü və qardaşı olduqları yerə bitişik tövləyə girmişlər. Həmin vaxtı Süleyman arxalarınca gəlməyərək olduğu yerdən onların ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Atasına polisə zəng edəcəyini bildirmişdir. Telefonu qulağına qoyaraq polisə zəng edirmiş ki, özünü göstərib danışmağa başlamışdır. Həmin vaxtı Süleyman polisə zəng etdiyini zənn etdiyindən tüfəngləri götürüb öz qaldığı ev istiqamətində getmişdir. Bundan sonra Yədulla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumatı vermişdir. Təxminən 10 dəqiqə sonra Süleyman həyətə qayıdaraq həmin uzun lüləli tüfəngi həyətdə öz qaldığı evin yanındakı şiferin arasında gizlədərək evinə girmişdir. O da həmin vaxtı qardaşı Yədulla ilə birlikdə gizlənmiş və onun hərəkətlərini izləmişdir. Az sonra Süleyman yenidən evdən çıxaraq həyətdəki tövlədə iş görməyə başlamışdır. Bir neçə dəqiqə sonra Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməkdaşları Zaur, Niyaz, Elmir və Fərhad adlı polis əməkdaşları həyətlərinə gəlmişdir. Polis əməkdaşları gələndə Süleyman həyətyanı bağ sahəsində olmuşdur. Həmin lüləsi kəsilmiş olan silah da Süleymanın əlində olmuşdur. Süleyman polis əməkdaşlarını görən zaman onlara da yaxın gəlməmələrini bildirmişdir. Polis əməkdaşları Süleymanla profilaktiki söhbət apararaq intizama dəvət etmişlər. Lakin Süleyman polis əməkdaşları ilə də aqressiv danışmışdır. Süleymanın əlində odlu silah olduğuna görə polis əməkdaşları özləri də ehtiyat etmişdir. Həmin vaxt polis əməkdaşları Süleymanı tutmaq istədikdə Süleyman əlində olan lüləsi və qundağı kəsilmiş ov tüfəngini yerə ataraq oradan qaçmışdır. Polis əməkdaşlarına atasının həyətdə öz qaldığı evin yanında şiferin arxasında uzun tək lüləli ov tüfəngi gizlətməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman həmin silah aşkar edilmişdir. Bundan başqa atasının yaşadığı evə baxış keçirilən zaman bir ədəd boş giliz aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən atasının qundağı kəsilmiş ikinci tüfəngi atıb qaçdığı həmin əraziyə baxış keçirilən zaman lüləsi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilmişdir. Həmin tüfəngin üstündə bir ədəd istifadə olunmamış patron olmuşdur. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Yədulla həmin bir ədəd uzun tək lüləli ov tüfəngini və lüləsi və qundağı kəsilmiş ikinci tüfəngi, bir ədəd gilizi və bir ədəd dolu patorunu götürüb polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gedərək polis bölməsində həmin iki ədəd tüfəng, bir ədəd patron və bir ədəd boş gilizi təqdim etmiş və həmin predmetlər götürülmüşdür. Atası dəfələrlərlə onlara evdən çıxmaqlarını demişdir. Süleyman onlara atəş açmaqla qorxuduraraq tez bir zamanda evdən çıxmaqlarına nail olmaq istəmişdir. Hadisə vaxtı Süleymanın atdığı atəşdən başqa uzun lüləli ov tüfənginə bitişik ikinci patronu da olmuşdur. Lakin Süleyman onlara ikinci dəfə atəş açmamışdır. Hadisə yerində o və qardaşı olmuşdur. Həmin vaxtı başqa heç kim olmamışdır. Anası Səfayət və qardaşı arvadı Rübabə evdə olduqlarına görə hadisəni görməmişdir. Lakin onlar da atəş açılmasının səsini eşitmişlər. Hadisə təxminən 10 dəqiqə kimi davam etmişdir. Hadisədən sonra həyətlərində heç kim gəlməmişdir. Əvvəllər silahın evdə olmasını görməmişdir. Hadisə zamanı Mirzənin orada olmadığını, Mirzənin atası Süleymanın narkoman dostlarından biridir, həmin vaxtı bibisi oğlu Eldar da həyətdə olmamışdır. Atası təxminən 15 metr məsafədən onun və yanında dayanan qardaşı Yədulla istiqamətində atəş açmışdır. Süleyman havaya atəş açmamışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Əliağa Vahid küçəsi ev 74A-da yaşayır. Təqsirləndirilən şəxs əridir. Süleyman ilə 1992-ci ildə ailə həyatı qurmuşdur. Bu nikahdan Nicat və Yədulla adlı iki oğlu olmuşdur. Nicat 1993-cü il təvəllüdlü, Yədulla isə 1994-cü il təvəllüdlüdür. Ailədə onlarla birlikdə qaynatası Yədulla və qaynanası Zeybə də yaşayır. Oğlu Yədulla ailəli olmaqla Əsra adlı qız övladı vardır. 2001-ci ildən Süleyman narkotik vasitələrə qurşanmışdır. Narkotik vasitələrədən istifadə etməyə başlayandan sonra evlərində problemlər yaranmağa başlamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə Süleyman bir neçə dəfə həbsdə olmuşdur. Son zamanlar da təxminən 3 il olar ki, Süleyman həyətlərində olan başqa bir evdə tək yaşayırmış. O isə digər ailə üzvləri ilə birlikdə yaşayırmış. Süleyman etdiyi hərəkətlər ədən onun valideynləri də bezmişdir. Süleyman ilə hər hansı bir ortaq təsərrüfatı olmamışdır. Axır vaxtlarda isə Süleyman onları evdən çıxarmaqla hədələyirmiş. 23 mart 2023-cü il tarixdə saat 23 radələrində evdə olduqları zaman Yədulla və Nicat həyətdə təsərrüfat işləri ilə məşğul olurmuş. Qaynatası Yədulla yatmışdır. Özü isə gəlini Rübabə ilə birlikdə oyaq imiş. Qaynanası Zeybə isə evdə olmamışdır. Həmin vaxt həyətdən güllə səsi gəldiyini eşitmişlər. Bundan sonra isə Süleymanın nalayiq ifadələr danışa-danışa getdiyini eşitmişdir. Bir neçə dəqiqə sonra Yədulla və Nicat evə gələrək həyətdə olan toyuq saxladıqları tikilidə iş görən zaman Süleymanm onlara tərəfə bir dəfə atəş açdığını bildirmişdir. Həmin vaxtı Yədulla və Nicat heç bir xəsarət almamışdır. Bundan sonra Yədulla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin 4 nəfər əməkdaşı həyətlərinə gəlmişdir. Həmin vaxtı pəncərədən baxan zaman həyətlərindəki bağ sahəsində Süleymanın dayanmasını və əlində iki ədəd tüfəng olmasını görmüşdür. Həmin tüfənglərdən birinin lüləsi kəsilmişdir. Süleyman polis əməkdaşlarının gəldiyini gördükdən sonra bağ sahəsinin arxa qapısından qaçıb getmişdir. Bundan sonra polislər həmin əraziyə baxan zaman bir ədəd qundağı və lüləsi kəsilmiş tüfəngi tapmışlar. Bundan başqa evlərinin arxa tərəfində olan şiferin arxasında Süleymanm gizlətdiyi bir ədəd uzun lüləli silah tapılmışdır. Polis əməkdaşları tərəfindən bununla bağlı sənədləşmə aparıldıqdan soma Yədulla silahları da götürüb polis əməkdaşları ilə birlikdə getmişdir. Süleyman narkotik vasitələrin ahıdəçisidir. Narkotik vasitə istəyi olanda özünü idarə olunmaz həddə aparır. O və ailə üzvlərindən evdən çıxmaqlarını tələb edir. Elə başa düşür ki, Süleyman uşaqlarına doğru atəş açmaqla hamısının gözünü qorxudaraq evdən çıxmaqlarını istəyir. Süleymanm atəş açmasını görməmişdir. Həyətdən bir dəfə atəş səsi gəldiyini eşitmişdir. Bundan sonra isə Süleymanın nalayiq ifadələr işlədərək evin qarşısından çıxıb getdiyini görmüşdür. Az sonra uşaqları evə gələrək Süleymanın onlara doğru atəş açdığını bildirmişdir. Həmin vaxtı səs-küyə qonşularından heç kim gəlməmişdir. Süleymanın həmin silahları haradan əldə etməsini bilmir. Əvvəllər həmin silahları onda olmasını görməmişdir. Hadisə zamanı Mirzənin orada olmadığını, Mirzənin Süleymanın dostlarından biri olduğunu, həmin vaxtı baldızı oğlu Eldar da onların həyətində olmamışdır. Hadisədən əvvəl heç kim Mirzəni döyməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilib istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında" protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi ev 74 A-nin həyətyanı sahəsidir. Baxış keçirilməsi prosesində iştirak edən Nicat və Şahid1lar aralarında baş vermiş münaqişə zamanı ataları Təqsirləndirilən şəxs ov tüfəngindən atəş açdığını lakin heç bir xəsarət almadıqlarını göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında" protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış keçirilən zaman evin yan divarına söykənmiş şiferin arxasında gizlədilmiş ov tüfəngi aşkarlanmışdır. Bundan başqa həyətyanı bağ sahəsində lüləsi və qundağı kəsilmiş 1 ədəd ov tüfəngi bağ sahəsində olan tövlənin yanında yerə atılmış vəziyyətdə aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 1 ədəd ov tüfəngini, bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini və bir ədəd patronu araşdırma zamanı təqdim etmiş və qeyd olunan predmetlər götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nİn KTİ-nin 03 aprel 2023-cü il tarixli 23/252 R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 13131 Д Nö-li silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə Zlataust silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibirli ZK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir və odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd K-06551 Nö-li silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibirli İJ-K modelli, çaxmağlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal hazırda öz təyinatını itirmiş 16 kalibirli ov tüfənginin kəsiyidir. Tədqiqata təqdim olunmuş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibirli ov patronudur, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd giliz, zavod üsuu ilə xarici dövlətdə istehsal olunmuş ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibirli ov patronunun bir hissəsidir-boş atılmış gilizdir. Hal-hazırda atəş üçün yararsızdır. Həmin giliz tədqiqata təqdim edilmiş 13131Д N-li silah 16 kalibirli ZK modelli ov tüfəngindən atılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində 04 aprel 2023-cü il tarixdə saat 15:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, o ifadəsində göstərdikləri xüsusatları hadisə yerində bir daha göstərərək təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 3/657 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş l (bir) ədəd silah 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "ZK" modelli, "13131 Д" N-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Silahın hissə və mexanizmləri üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş l (bir) ədəd silah 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli qundağı "K 06551", lüləsi və lüləaltı yatağı "E 90713" N-li, hamar təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, istifadəyə (atəşə) yararlıdır. 3. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patrondur, istifadəyə yararlıdır. 4. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 16 kalibrli, "ZK" modelli, "13131 Д " N-li ov tüfəngindən atılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus (bir) ədəd silah 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "ZK" modelli, "13131 Д " Nö-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahı, l (bir) ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli qundağı "K 06551", lüləsi və lüləaltı yatağı "E 90713" N-li, hamar təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş odlu ov tüfəngi, 1 (bir) ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patron, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov 8 tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi-giliz cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Sumqayıt Şpi-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün və Sumqayıt şəhər Məhkəməsinin 7(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olan 15 avqust 2023-cü il tarixli 21-2/3-264476 saylı məktubdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-603/2021 saylı, xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 7(060)-241/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarı ilə “8 noyabr Zəfər-Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr tarixli Qərarının 5- ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzası 29 aprel 2023-cü il tarixdə bitdiyindən barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 402 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 22 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus (bir) ədəd silah 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "ZK" modelli, "13131 Д " Nö-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahı, l(bir) ədəd 1958-ci ildə zavod üsulu ile istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli qundağı "K 06551", lüləsi və lüləaltı yatağı "E 90713" Nö-li, hamar təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş odlu ov tüfəngi, 1 (bir) ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patron, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi-gilizin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Sumqayıt ŞPİnin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1 və 221-ci maddələri ilə cinayət təqibi başlanması rədd olunmuş, X3 döyülməsi xüsusatı təsdiq olunmadığından Şahid1, Şahid2 və X4 barəsində cinayət təqibi başlanması rədd edilmiş, Şahid2 və Şahid1 istintaqa verdikləri ifadələrində hadisə vaxtı ataları Təqsirləndirilən şəxs 15 metr məsaəfədən əlindəki ov tüfəngindən onların istiqamətində bir dəfə atəş açması barədə göstərdikləri həmin xüsusat öz tədiqini tapmadığından həmin xüsusat rədd edilmiş, Şahid2 və Şahid1lar ifadələrində polis əməkdaşlarının onların həyətinə gəldikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarını da odlu silahla hədələdiyini, polislərin onunla profilaktiki söhbət apararaq intizama dəvət etməklərinə baxmayaraq polis əməkdaşlarına da əhəmiyyət vermədiyini bildirməsi barədə göstərdikləri istintaq zamanı təsdiq olunmadığından həmin xüsusat rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər-Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr tarixli Qərarının 5ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəzası 29 aprel 2023-cü il tarixdə bitmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, əvvəllər məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, eyni zamanda əvvəlki məhkumluğuna səbəb olan əməllərə diqqət etməklə hazırki əməlin törədilmə şəraiti və üsulunu nəzərə alsaq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 2 maddəsinin 6 bəndinə görə soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 9-cu maddəsinin 7-ci bəndinə əsasən ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "ZK" modelli, "13131Д" №-li, xarici çaxmaqlı, təklüləli tüfəng-yivsiz odlu ov silahı, 1 (bir) ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli qundağı "K 06551", lüləsi və lüləaltı yatağı "E 90713" №-li, hamar təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş odlu ov tüfəngi və 1 (bir) ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patron müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi-giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Müdafiəçinın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-771/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1141/2023 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "ZK" modelli, "13131Д" №-li, xarici çaxmaqlı, təklüləli tüfəng-yivsiz odlu ov silahı, 1 (bir) ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli qundağı "K 06551", lüləsi və lüləaltı yatağı "E 90713" №-li, hamar təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş odlu ov tüfəngi və 1 (bir) ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patron müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsi-giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar