Məhkəmə qərarları › İş №1(060)-771/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-771/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-771/2025 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1,mənzil 2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,708 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 16:45-də Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı binanının yaxınlığında saxlanılaraq, üzərinə yoxlama keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 0,708 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, iş üzrə özünü təqsirli bilir. Əməliyyatçılar onu öz evində təxminən saat 3-4-ün yarısı saxlanılmışdır. Həmin gün qardaşı oğlu ilə evdə idilər və toya getməyə hazırlaşırdılar. Əməliyyatçılar onun evinə gələrək çölə çıxartmış, onun nə işlə məşğul olduğunu və narkotik vasitələrdən istifadə edib-etməməsini soruşmuşdurlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır və ona qarşı təsir və ya təzyiq göstərilmiş, polis əməkdaşları tərəfindən döyülməməsi üçün razılaşmışdır. Əvvəllər məhkumluğu olmuşdur. İttiham aktında göstərilən psixotrop maddənin miqdarı onun üçün çoxdur. Əvvəllər 10 manatlıq psixotrop maddə alırdı. Saxlanılarkən üzərində elektron nəzarət vasitəsi var idi. Əməliyyatçılar ona “indi gedək, sonra səni buraxacayıq” demişlər. O da əməliyyatçıların sözünə aldanmışdır. Saxlanıldığı gün hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur, lakin yanında əməliyyatçılar olduğu üçün vəkilinə baş verənləri bildirməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də etirazını bildirməmişdir. O, polis əməkdaşları tərəfindən evində saat 3-4 arası saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. O, xx.xx.2025ci il tarixdə, təxminən saat 16:45 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib videoçəkilişlə üzərinə baxış keçirtmişlər. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan büküm və 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin müvafiq olaraq 0.80 qram olması müəyyən edilmiş, bundan sonra isə həmin büküm zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra onu Pİ-nə dəvət etmiş, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədikləri bildirilən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu zaman o, üzərində başqa heç bır qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa o, saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin "patı" olduğunu, həmin bükümü xx.xx.2025- ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmiş, üzərindən aşkar edilmiş 01 ədəd üzərində 070 ***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Eləcə də, o, ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən və ya polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunazidd davranışa yol verilmədiyini götərmişdir. Daha sonra təqsirləndirilən şəxs qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında xx.xx.2025-ci il tarixdə, saat 16:45-də, Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı binanın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti aparılması üçün polis orqanına gətirilmiş, zəruri sənədləşmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 73-78-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaların götürülməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan büküm ümumi təmiz çəkisi 0,80 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 45-46-cı vərəqələrində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/810 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün Nİ24” möhür əksi, saat 16:45; çıxış 16:51; Saxlanılan şəxs /imza/ Təqsirləndirilən şəxs; /imza/ ə/m Şahid1; /imza/ ə/m Şahid3; Qablaşdırdı /imza/ Şahid2” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,708 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,708 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,658 qram qalıq qalmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli, 529 saylı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan SN-nin Respublika Narkoloji Mərkəzi X10 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 6456 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin 115-116-cı vərəqələrində olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1413 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 103-111-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadən azad edilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,708 olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,658 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 124-129-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş götürülmüş ilkin təmiz çəkisi 0,708 olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,658 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disklər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 85-ci vərəqsində xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin NMB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən diskə baxış keçirilərək, protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Diskə baxış protokolundan görünür ki, xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq saxlamaqla özünü təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsini bildirir o, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilinərək saxlanıldığı, üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmin maddə Şahid2 tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,80 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılır, əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd içərisində 070-441-88- 87 nömrəsi olan bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunur, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Həmin 01 ədəd büküm qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 86-cı vərəqsində xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin TŞ-də şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçı, polis mayoru Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Ağasiyevin Yusif Əjdər oğlu olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və gəzdirilməsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı X7 Ağasiyevə hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil X4 təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. NMB-nin əməkdaşı Şahid2 içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş bir ədəd zərfi və içərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Redmi” markalı mobil telefonu təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanıldığı yerdə onun üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. İçərisində ***-***-**-** nömrəsi olan bir ədəd “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılır və DİN-in 124 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş əşya və ya predment aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, “H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Sonda isə çəkiliş dayandırılır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 3-16-21/2-52733/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin sorğuya cavabından görünür ki, məhkum Təqsirləndirilən şəxs saxlanıldığı müddət üzrə üzərində olan elektron nəzarət vəsaitəsinin enerji ehtiyatının tükənməsi səbəbindən coğrafi yerdəyişməyə dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16 və 5.1-ci bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirinin tətbiqi məqsədəuyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən yenidən eyni cinayəti törətmişdir. Görünən odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə islah olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni 06 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6456 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,658 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,658 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar