Məhkəmə qərarları › İş №1(060)-776/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-776/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-776/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,415 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 22 avqust 2025-ci il tarixdə, saat 17:48-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10V-nin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qısa şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,415 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dəqiq vaxtını xatırlamadığı yay aylarında Sumqayıt şəhərində 8-ci mikrorayonda olarkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan bir büküm metamfetamini çıxarıb polislərə təqdim etmişdir. O, həmin günü fəhlə işləmək üçün 8-ci mikrorayon ərazisinə getmiş, orada da saxlanılmışdır. Bundan başqa, bildirmişdir ki, o, 3 ildir ki, psixotrop maddə istifadə edir. O, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü Bakı şəhərindən əldə etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki təsir göstərilməmişdir. Son söz olaraq törətdiyi əməldən peşman olduğunu, evli və iki uşağının olduğunu bildirmiş, məhkəmədən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-yə əməliyyat məlumatı daxil olmuş, onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Tədbirdə onunla birlikdə Şahid2 və Şahid3 iştirak etmişdir, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 10V nömrəli yaşayış binasının yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüş, bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə onu xx.xx.2025-ci il tarixdə saat 17:48-də videoçəkiliş aparılmaqla piyada hərəkətdə olarkən saxlamış, özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə baxış keçirəcəyini bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümü olduğunu bildirib əynində olan qara rəngli qısa idman şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim etmiş, qanuna müvafiq qaydada Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə vizual olaraq baxdıqda içərisində şəffaf rəngli kristal şəkilli, xarici əlamətlərinə görə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümü saxlanılmazdan əvvəl səhər saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bu zaman onun əynində olan həmin şalvarının cibindən pul əskinazları və 01 ədəd alışqan aşkar olunmuş, lakin əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarmışdır. Daha sonra aşkar olunmuş 01 ədəd büküm büküldüyü siqaret kağızı ilə birlikdə tərəzi vasitəsi ilə ölçülərkən çəkisinin 0,58 qram olması müəyyən olunmuş, xüsusi qaydada qablaşdırılaraq möhürləmiş və üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil təqdim edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bağlamanı təhvil almış, açıb içərisindəki bükümə yenidən baxış keçirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bağlamadakı bükümün üzərindən aşkar olunan büküm olduğunu deyib və ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili X8 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrinə uyğun eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin tədbir zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:48 dəqiqədə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10V-nin yanxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə polis əməkdaşları üstünü yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman şortunun sağ yan cibindən çıxardığı gümüşü rəngli 1 ədəd bükümü təqdim etmiş, həmin bükümün içində ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilmiş və ümumi kütləsinin bükümlə birlikdə 0,58 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. (i.v.6-7) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:48 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10V-nin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21-22) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürülmə aparılması qərara alınmışdır. (i.v. 29) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokola və baxış keçirilməsi zamanı qeydə alınmış video yazıya məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 18:56-dan 19:02-dək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış və götürmə aparılmış, Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən olan aşkar edilmiş sözləri və imzalar olan zərf cırılaraq açılmış, zərfin içərisində 1 (bir) ədəd büküm aşkar edilmişdir. Həmin bükümdə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,57 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, metamfetamini xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata özü üçün istifadə etmək məqsədi ilə aldığını və üzərində saxladığını və 3 il müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir.(i.v.30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-20/755/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə; İştirak etdilər: Sax. şəxs/imza/ Təqsirləndirilən şəxs; Ə/M Şahid2; Tərtib etdi Ə/M Şahid1; xx.xx.2025 əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,415 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,365 qram. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.39-42) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.62-75) Təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.79-80) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,415 qram olan psixotrop maddə “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,365 qram çəkidə psixotrop maddə “metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında xx.xx.2025-ci il istintaq hərəkətinin videoçəkilişi əsk etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(i.v.83-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur.(i.v.102-103) Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavaba əsəsən, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin həmin psixotrop maddə metamfetamini aldığı şəxsin kimliyi müəyyən olunmamışdır.(i.v.104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsin Ambulator X3 barədə xx.xx.2025-ci il tarixli, 5282 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.105-106) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5282 nömrəli rəyi, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan maddi sübut kimi qiymətləndirilmişdir. (i.v.109- 119) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən psixotrop maddənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5282 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5282 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,365 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirakı və işlə tanış olduğu 09 saata görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,365 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar