Məhkəmə qərarları › İş №1(060)-778/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-778/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-778/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X3 ilə birlikdə 09 iyun 2025-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yerləşən mənzilin dəhlizində Mehman Rəsulovun digər qardaşı Zərərçəkmiş şəxs arvadı Şahid1 zəng vurub mübahisə etməsinin səbəbini aydınlaşdıran vaxt aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı yumruq zərbələri ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq ona sağ gözaltı nahiyənin sıyrığı kimi yetirilən anda dərəcəsi təyin edilməyən, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması kimi yetirilən anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı kimi, Mehman Rəsulov isə təpiklə Zərərçəkmiş şəxs sol böyür nahiyəsinə vuraraq ona solda Vİ-Vİİ qabırğaların xətti sınığı kimi xəsarətlər yetirib, yetirilən anda Zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü müdafiə üçün zərər çəkmiş şəxsi vurmuşdur. Bildirmişdir ki, qardaşı Rəsulov Mehmanla digər qardaşı Zərərçəkmiş şəxs arasında mübahisə olarkən o, zərər çəkmiş şəxsi uzaqlaşdırmağa çalışarkən ona zərbələr dəymişdir. O, əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində evdə atası Bəyverdi, anası Gözəl, təsadüfən onlara gəlmiş qardaşı Mehman və bacısı Fəridə ilə birlikdə olarkən birdən evin qapısı döyülmüş, bundan sonra atası Bəyverdi evin giriş qapısını açdıqda qapını döyənin qardaşı Rəhman olduğunu, onun sərxoş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Rəhman evdə olan digər qardaşı Mehmanı söhbət etmək üçün bayıra çağırsa da, Rəhmanın sərxoş vəziyyətdə olduğunu gördüyündən Mehmanın onun yanına getməsinə icazə verməmiş və qapını bağlamışdır. Bundan sonra Rəhman səs-küy salıb qapını möhkəm döyməyə başlamış, onun bu hərəkətlərinin qonşuların narazılığına səbəb olacağını fikirləşdiklərindən qapını açıb Rəhmanı evə buraxmış, evdə olan anası Gözəl Rəhmana etdiyi hərəkətlərə görə ona irad bildirib, ondan sabitləşməsini tələb edəndə Rəhman onun üstünə gedərək anasının boğazından tutub onu vurmaq istəmişdir. Bunu gördükdə əli ilə onun üz nahiyəsinə bir zərbə vurmuş, Rəhman isə zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra qardaşı Mehmanla Rəhmanın əllərini tutub, dizini onun sinəsinə qoyaraq onun yerdən qalxmasına icazə verməmiş, anasına isə su gətirməsini tapşırmışdır ki, Rəhmanın əl üzünə su vurub onu ayıltsınlar. Anası su gətirdikdən sonra onun üzünə su vurmuşlar. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hadisə yay aylarında yaşadıqları 13-cü mikrorayonda yerləşən evdə baş vermişdir. O, hazırda zərər çəkmiş şəxslə barışdığını bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə atası və qardaşının yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən ünvanda onunla qardaşı Mehman arasında mübahisə baş verdikdə Məhəbbət ona bir zərbə ilə vurmuşdur. Hal-hazırda o, qardaşı Məhəbbət ilə, həmçinin digər qardaşı Mehman ilə barışmışdır. O, barışıq ərizəsini heç bir kənar təsir olmadan yazdığını bildirmişdir. Bu səbəbdən də məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X3 həyat yoldaşı Rəhmanın qardaşlarıdır. Onlarla münasibətləri uzun müddət əvvəl pisləşmiş, bunun səbəbini isə bilmir. Mehman heç bir səbəb olmadan ona zəng edərək, yaşadığı evə gələrək ona hədə qorxu gəlmiş, onu və ailəsini məhv edəcəyini bildirmişdir. Ancaq bunun səbəbini bilməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Mehman zəng edərək yenidən yaşadığı evə gələrək onu və ailəsini məhv edəcəyini bildirməklə onu hədələməyə başlamışdır. Məcburən bu barədə zəng vurub Rəhmana məlumat vermiş, ondan təcili olaraq yaşadıqları evə gəlməsini istəmişdir. Həmin gün saat təxminən 20 radələrində Mehman huşsuz vəziyyətdə uzanmış vəziyyətdə olan həyat yoldaşı Rəhmanın sinəsinin üstündə dizləri ilə dayanmış vəziyyətdə ona şəkil atmış, sonra isə “bunu istiyirdin” məzmununda sms yazmışdır. Bundan sonra zəng vurub hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, aradan bir qədər keçmiş yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar bir qədər orda gözlədikdən sonra çıxıb getmişlər. Bundan sonra Rəhmanda evə gəlmədiyindən, evdə qalmağa qorxduğundan övladlarını götürüb Xırdalan şəhərində yaşayan bacısının evinə getmişdir. Səhəri isə evə qayıtdıqda Rəhmanın yaşadıqları evə qayıtdığını, onun bədəninin müxtəlif nahiyələrində bədən xəsarətlərinin olduğunu gördükdə ondan nə baş verdiyini soruşmuş, Rəhman isə onun Mehmanın zəngi barədə ona məlumat verdikdən sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanına getdiyini, orda qardaşları Məhəbbət və Mehman tərəfindən döyüldüyünü, sonra isə onun barəsində sərxoş vəziyyətdə yaşadıqları evə gəldiyindən şikayət etdiklərini, bu səbəbdən Rəhmanın izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldığını öyrənmişdir. Bundan sonra Rəhmanın səhhəti pisləşdiyindən ona tibbi yardım göstərilməsi üçün Rəhmanı xəstəxanaya aparmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, X3 və Təqsirləndirilən şəxs övladlarıdır. Həyat yoldaşı Bəyverdi, qızı Fəridə, oğlanları Məhəbbət və Məhəmmədlə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yaşayır. Böyük oğlu Mehman Sumqayıt şəhəri 1ci mikrorayon ərazisində öz ailə üzvüləri ilə birlikdə, ondan kiçik oğlu Rəhman isə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində öz ailə üzvüləri ilə birlikdə yaşayır. Oğlanları Mehman və Rəhman arasında hər hansı mübahisə və ya ədavət olmasından məlumatsızdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində evdə həyat yoldaşı Bəyverdi, oğlanları Məhəbbət və Mehman, qızı Fəridə ilə birlikdə olarkən birdən evin qapısı döyülmüş, bundan sonra həyat yoldaşı Bəyverdi evin giriş qapısını açdıqda qapını döyənin Rəhman olduğunu, onun sərxoş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Rəhman evdə olan digər oğlu Mehmanı söhbət etmək üçün bayıra çağırsa da, Məhəbbət Rəhmanın sərxoş vəziyyətdə olduğunu gördüyündən Mehmanın onun yanına getməsinə icazə verməmiş və qapını bağlamışdır. Bundan sonra Rəhman səs-küy salıb qapını möhkəm döyməyə başlamış, onun bu hərəkətlərinin qonşuların narazılığına səbəb olacağını fikirləşdiklərindən, daha sonra qapını açıb Rəhmanı evə buraxmışlar. Həmin vaxt Rəhmana etdiyi hərəkətlərə görə irad bildirib, ondan sabitləşməsini tələb edəndə Rəhman onun üstünə gələrək boğazından tutub onu vurmaq istəmiş, Məhəbbət bunu gördükdə əli ilə onun üz nahiyəsinə bir zərbə vurmuşdur. Rəhman isə zərbənin təsirindən yerə yıxılmış, bundan sonra Məhəbbət və Mehman Rəhmanın əllərini tutub, dizlərini onun sinəsinə qoyaraq onun yerdən qalxmasına icazə verməmişlər, ona isə su gətirməsini tapşırmışlar ki, Rəhmanın əl üzünə su vurub onu ayıltsınlar. Su gətirdikdən sonra isə onun üzünə su vurmuşlar. Rəhman isə özünü pis hiss etdiyini bildirib, onu buraxmalarını istəmiş, bundan sonra Rəhmanı buraxdıqda o, mətbəxə qaçıb bıçaq götürmək istədiyindən bundan sonra Mehman və Məhəbbət Rəhmanı yenidən yerə yıxmışlar. Daha sonra isə evdə olan qızı Fəridə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra yaşadıqları evə gəlmiş polis əməkdaşları Rəhmanı götürüb aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2025-ci il tarixli 873 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması, sağ göz altı nahiyənin sıyrığı, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, solda Vİ-Vİİ qabırğaların xətti sınığı, sol dirsəyin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, zərər çəkmişin göstərdiyi şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrar zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 26/873 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması, sağ göz altı nahiyənin sıyrığı, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, solda Vİ-Vİİ qabırğaların xətti sınığı, sol dirsəyin sıyrıqları”. Qeyd olunan xəsarətlərdən alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, solda Vİ-Vİİ qabırğaların xətli sınığı - dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Qapalı kəllə beyin travması. baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması - dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ göz altı nahiyənin sıyrığı, sol dirsəyin sıyrıqları - sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş və həmin tarixdə də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ayrılması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən X1 barəsində olan CM-nin 127-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ayrılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərər çəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs qardaşdır, hazırda barışmışlar. Belə ki, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə cavab vermişlər ki, hazırda barışmışlar. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi məqsədəuyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 6 saata görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar